Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Hindistan əlaqələrinin inkişafından danışıb. Akademik bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının əksər institutlarının Hindistanla özünəməxsus elmi əlaqələri var. O cümlədən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da Hindistanla əlaqələrini qurub və inkişaf etdirir. Azərbaycanla Hindistan əlaqələrinin qurulmasında səfirlərin çox böyük rolu var. Bizim institutda Hindistan tədqiqat mərkəzi yaradılmışdır. Eyni zamanda institutumuzda  bir neçə ildir ki, hind dili tədris olunur. Bu işdə böyük əməyi olan hindistanlı müəllimin işindən çox razıyıq. İnstitutumuzun əməkdaşı Şəhla Qurbanova Hindistanla bağlı elmi tədqiqat işi yazır. İstitutumuz Hindistanlı alimlərlə birgə böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş kitab üzərində çalışır.

Həmçinin qeyd edib ki, Dünyanın yeddi möcüzəsindən biri olan Tacmahal abidəsi türk-müsəlman sivilizasiyasının böyük nümunəsi kimi Hindistanda qorunur və ora çoxlu turistlər cəlb olunur. Mən Tacmahal abidəsini ziyarətdən böyük təəssüratla qayıtdım. Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində Türk dili və ədəbiyyatı bölməsi yaradılıb. Həmin bölümün rəhbəri Oğuz Xan bizim institutda qonağımız oldu. 23 mart 2019-cu il tarixində mən həmin universitetdə Azərbaycan ədəbiyyatından dərs dedim. Biz istərdik ki, institutumuzda nümayiş etdirmək üçün bizə Rabindranat Taqor haqqında film bağışlayasınız.

Sonra Hindistan səfirliyinin Təhsil və Mədəniyyət üzrə ikinci katibi Sujesh Chandra Sinha çıxış edərək tədbir üçün təşəkkürünü bildirib. O, Rabindranat Taqorla bağlı filmlərin instituta təhvil verilməsinə yardım edəcəyini deyib. Həmçinin hind dilinin öyrənilməsinə töhfə verməkdən məmnun qaldığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli də çıxış edərək 2016-cı ildən fəaliyyət göstərən şöbənin bu istiqamətdə artıq bir sıra uğurlara imza atdığını qeyd edib. Hindistan ədəbiyyatı ilə bağlı dissertasiyar yazıldığını nəzərə çatdırıb.

Daha sonra institutun əməkdaşlarından Leyli Əliyeva, Leyla Həsənzadə, Leyla Primova hind dilində şeir söyləyiblər. Eyni zamanda tədbirdə azərbaycanlı qonağın ifasında hind mahnısı səsləndirilib. Bundan başqa Hindistan mətbəxinə məxsus təamlar da institut əməkdaşlarına paylanılıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!