"Beş dəqiqə"nin "əbədiyyət"i - "Elçin: yazıçının yaradıcılıq yolu" - Nizami CƏFƏROV

Səksənlərdən doxsanlara

Nizami CƏFƏROV

Silsilədən səkkizinci yazı

"Bülbülün nağılı"ndan bir il sonra Elçinin "Beş dəqiqə və əbədiyyət" (1984) kitabı nəşr olundu. Kitab yazıçının "Söz oxucunundur" adlı müxtəsər bir ön sözü ilə açılır. Və  həmin ön söz müəllifin öz yaradıcılığına münasibəti baxımından çox maraqlı olan  aşağıdakı mülahizələrilə bitir:

"Mənim ilk hekayəm 1959- cu ilin iyun ayında "Azərbaycan gəncləri" qəzetində çap olunub və o  vaxtdan düz iyirmi beş il keçib!

Dünyada böyük yazıçılar olub ki, cəmi iyirmi beş il yaşayıblar…

İyirmi beş ilin belə bir tutumu, miqyası barədə  fikirləşəndə mənim varlığımı bir məyusluq bürüyür, hədər getmiş vaxt barədə düşünürəm, lazımsız yazıların xəcalət təri məni bürüyür…

Amma hər halda çox cüzi də olsa bir təskinlik var: yaxşılı- pisli nəsə yazılıb.

Həmin yazıların bir qismi  bu kitaba toplanıb.

Mən çox istərdim ki, oxucu bu kitabı yarımçıq büküb bir kənra qoymasın"…

Əlbəttə, bu, bir tərəfdən, müəllif  təvazökarlığı, digər tərəfdən (və ən mühümü!) isə,  Allahın verdiyi böyük yazıçılıq istedadı (və ömrü!) qarşısında məsuliyyət idi… Əslində, "Beş dəqiqə və əbədiyyət"ə daxil edilmiş əsərlər iyirmi beş illik (qeyd edək ki, bu iyirmi beş il  yazıçının on altı yaşından başlamışdı) yaradıcılığın həm kəmiyyət, həm də keyfiyyətcə kifayət qədər zəngin olduğunu nümayiş etdirirdi.

Kitabda müəllifin əvvəlki kitablarında olmayan altı yeni  hekayə verilmişdi: "Ayaqqabı", "Hotel Bristol", "Hönkürtü", "Bozluq içində iki nəfər", "Parisdə avtomobil qəzası", "Beş dəqiqə və əbədiyyət".

"Ayaqqabı" Bəbir adlı bir ofisiantın neçə illər yaşadığı proqramlaşmış həyata qarşı birdən-birə qaldırdığı qiyamdan bəhs edir…

"Bəbir bu mehmanxanada yük daşımaqdan başlamışdı, sonra yoldaş Qardaşxanlı onu liftçi vəzifəsinə götürmüşdü,  sonra restoranda aşpazın köməkçisi olmuşdu, sonra dördüncü  mərtəbədə çayçı işlədi, işləyə- işləyə də ofisiantlıq kursunu qurtardı və ikinci il idi ki, bu gözəl restoranda  xörəkpaylayan idi"…

Əlbəttə, "bu gözəl restoran"da çox işlər baş verirdi… Ancaq "bütün bunların Bəbirə  dəxli yox idi, çünki Bəbirin heç kimdə işi yox idi və Bəbirlə də heç kimin işi yox idi, çnüki başıaşağı, üzü də yola adam idi".

Kəndlisi - Toylu stansiyasından olan Sarı Zakirin qəflətən restorana gəlməsilə vəziyyət kökündən dəyişir. Bəbiri məcbur edir ki, onlarla araq  içsin…

"- A Bəbir, sən Əbdülkərim müəllimin qəbri, yüz qram vur bizimlə, a qansız, yüzcə qram, vəssalam!

Bəbirin ilk başa düşdüyü bu oldu ki, bircə  anın içində halı xarablaşdı, ürəyi ağrıdı…

… - Əbdülkərim müəllim ölüb bəyəm?

- Bay!.. Əbdülkərim müəllim… Allah ona rəhmət eləsin…

…Bəbir restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki, iş vaxtı araq içirdi və qəribə idi, bu araq elə bil həmişəki araq deyildi, elə bil  birdən-birə Bəbirin  qanına keçmişdi, Bəbiri əlinə almışdı və elə bil ki, Bəbirin ürəyində o qapıları açmağa başlamışdı ki, o qapılardan heç Bəbirin özünün xəbəri yox idi"…

Bəbir yataqxanadakı otağında çarpayının altındakı çamadanına manat- manat pul yığırdı, düşünürdü ki, tədricən vəzifə sahibi  olacaq, ev alacaq, evlənəcək, uşaqları olacaq və ümumiyyətlə, "mədəni bir həyat" yaşayacaq… Sarı Zakir əhvalatından sonra daha dünya "Bəbirin vecinə deyildi… Bu dünyada ki kərpic kimi buz işıqlar var idi və bu kərpic kimi buz işıqlar ki, adamın ürəyini beləcə üşüdürdü, onda o çarpayının altındakı çamadana adamın yazığı gəlirdi, o çamadan çamadanların ən havasızı idi, ən yöndəmsizi idi, köməksizi idi və o çamadanın sahibinə də adamın yazığı gəlirdi".

Bəbirin gözü birdən Sarı Zakirin  dostlarından birinin yaşıl qalstukuna sataşır… "… Bəbirin gözü bu qalstuka sataşanda birdən- birə həmin qalstukun yaşılı Bəbirin gözlərində əriyib yayılmağa başladı…

…Əriyib hər tərəfə yayılmış o yaşıl yenə qurudu, sıxıldı və qalstuk olub başı pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə fikirləşdi ki, uşaq vaxtındakı  o səfərdən (Bəbiri uşaq vaxtı anası bir dəfə nə üçünsə  dağlara aparmışdı - N.C.) sonra heç vaxt elə yaşıllıq  görməyib, yaşıl içində gülən elə qırmızı, elə bənövşəyi, narıncı, mavi, ağ, qəhvəyi görməyib və  ümumiyyətlə, Bəbir heç nə görməyib".

Bəbir restorandakılara - bütün ömürlərini bundan sonra da eyni alçaqlıqla yaşayacaq məxluqlara nə demək lazımdırsa hamısını deyib bu kəsafət yuvasını (həyatını!) tərk edir… Tramvaya minir ki, yataqxanaya getsin… "…Heç nə barədə fikirləşmirdi, yorğun idi və yatmaq istəyirdi, amma bu yorğunluqda heç bir narahatçılıq, nigarançılıq yox idi və ümumiyyətlə, hər şey qaydasında idi, nə  lazımıydısa, o da olmuşdu.

Təkcə ayaqqabısı Bəbirin ayağını sıxırdı, vəssalam".

Tramvaydan düşən kimi ayaqqabılarını çıxarıb atır… "Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur".

Nərgiz Paşayeva qeyd edir ki, "Bəbir təkcə onu sıxan ayaqqabılarından yox, varlığını, mənəviyyatını, təmiz ruhunu bürüyən ikiləşmədən də xilas olur."

Beləliklə, "Ayaqqabı" hekayəsindəki Bəbir də Elçinin digər qəhrəmanları kimi (C.Səlimov, Cavanşir) öncə "düşüncə"  qəhrəmanı təsiri bağışlayırsa da, sonda "əməl qəhrəmanı"na çevrilir".

Yazıçı aydın hiss edilən detal və təfərrüat ardıcıllığı ilə hekayənin süjetini gəzir, sıxır, yorur və birdən hadisələrə rahat bir axar verir… Bununla da ideya-məzmunla poetik forma- intonasiya arasında davamlı bir paralellik yaradıb formada məzmunu, məzmunda isə formanı aktuallaşdırmaqla mükəmməl bir mətn (əsər!) təqdim edir.

Və hekayədə surətlərin çoxluğu (qeyd edək ki, burada bir povestə bəs edəcək qədər fərqli, səciyyəvi, canlı xarakterlər var) baş qəhrəmanın tipologiyasını zədələmədiyi kimi, təqdim (və təlqin) edilən ideyanın bütövlüyünü də pozmur.

"Hotel Bristol" uzun müddət institutda elmi işçi işləmiş Məleykə xanımın dəfn prosesini təsvir edir. Və bu təsvir fonunda həmin  xanımın maraqlı, qeyri-adi portreti çəkilir… Məlum  olur ki, bütün institut Məleykə xanımı "Hotel Bristol" çağırır. Niyə?.. "Çünki… haçansa Avropa ölkələrindən birinə turist səyahətinə getmişdi və həmin ölkədə hansı bir şəhərdəsə "Bristol" adlanan bir mehmanxanada qalmışdı, geri qayıdanda isə yuxarısında latın əlifbası ilə HOTEL "BRİSTOL" sözləri yazılmış şirkət kağızlarından bir dəstə götürmüşdü  və odu- budu balaca məktublarını, qeydlərini bu şirkət kağızlarında yazırdı".

Məleykə xanım - Hotel Bristol əri ola- ola iş yoldaşı Murada (o da elmi işçi idi) meyl salır.Murad özündən yaşlı xanımın bu meylinə ciddi yanaşmasa da, xətrinə də dəymək istəmir. Və onların arasında qəribə bir münasibət əmələ gəlir.

"Hotel Bristol Muradın biləyini sıxdı və  özünü Murada lap yaxınlaşdırdı, döşləri Muradın  pencəyinə yapışdı və Muradın həmin döşlərə yazığı gəldi, elə bil ki, bu döşlər bütün qışı evdə  saxlanıb yazda bazara çıxarılmış alma idi,  köhnəlmişdi"…

Dissertasiya müdafiələrinin birindən sonra Hotel Bristolun  da iştirak etdiyi banketdə xeyli yeyib-içən Murad kef havasına onlara gedib gecəni birgə  keçirirlər. Və bu, Muradla Hotel Bristolun birgə keçirdikləri həm birinci, həm də sonuncu gecə olur…

"Həmin gecənin səhəri dostları Muraddan soruşanda ki, banketdən sonra birdən- birə hara itdi? - Murad güldü: HOTEL "BRİSTOL" da istirahət edirdim… Və bundan sonra həmin sözlər institutda, dostları arasında bir zərb- məsələ çevrildi:

- Əcəb HOTEL "BRİSTOL"da dincəlməli gündü…

- Dünən niyə görünmədin? HOTEL "BRİSTOL"a getmişdin?

- Lap HOTEL "BRİSTOL" əhvalatıdı…"

İndi isə həmin Məleykə xanımı - Hotel Bristolu qəbrə qoyurdular… "Əlisəttar müəllim özünü saxlaya bilmədi, tabutun yanında diz çökdü və hönkür- hönkür ağlamağa başladı, yazıq  Əlisəttar müəllim, bir vaxt hər şey unudulacaq, bir vaxt nə sən olacaqsan dünyada, nə də mən, bir vaxt bütün bu adamlar da olmayacaq dünyada, amma günəş beləcə çıxacaq, çünki milyon il bundan əvvəl də beləcə çıxıb və milyon il bundan sonra da beləcə çıxacaq"…

Hekayədə nə hisslər cövlana gəlir, nə də təzadlar, ziddiyyətlər var; təhkiyənin intonasiyasında olduğu kimi, mühakimələrin gedişində də bir təmkin, rahatlıq, hətta loyallıq duyulur, ancaq bu təmkin, rahatlıq və loyallığın alt qatındakı miqyaslı "narahatçılığ"ı görməmək, hiss etməmək mümkün deyil…

"Murada elə gəldi ki, qəbiristanlıq nə vaxtdı ki onları gözləyirdi, yəni bu mənada yox ki, hamı öləcək və qəbiristanlıq da bir- bir bütün bu adamlar üçün son məskən olacaq - bu, öz yerində; bu mənada ki, elə bil qəbiristanlıq məhz bu cənazəni gözləyirdi və elə bil ki, bu cənazə gəldi, həmin qəbiristanlıq sakitliyinə də bir rahatlıq gəldi, elə  bil qəbiristanlıq rahat nəfəs aldı və o nəfəsi Murad bütün hissləri ilə, bədəni ilə duydu".

Düşünəndə ki, bu sətirləri M.Fətəlinin, M.Cəlilin, Ə.Haqverdiyevin xələfi yazır, anlayırsan, ən azından ona görə ki, bu təhkiyə (və bədii idrak modulyasiyası) həmin mənbədən gələ bilər… Ancaq təsəvvürünə sığışdırmağa çalışsan ki, bu cür ədəbi- estetik "reverans" texnologiyası Əli Vəliyevdən, S.Rəhimovdan, Əbülhəsəndən, M.Hüseyndən… gəlir, onda gərək qəbul edəsən ki, ədəbi nəsillər arasındakı əlaqə sozalıb - o mənada ki, "yeni pöhrə" qalxıb, böyüyüb, gövdələnib, ətrafına kölgə salıb… Və kölgəsi "köhnə" kölgələri basıb…

V.Şekspirin

Olub keçənləri bir - bir çəkərkən

Sakit yaddaşının məhkəməsinə … - misralarından epiqrafla başlayan "Hönkürtü" hekayəsi bütünlüklə həyatını az-çox təmin etmiş  bir insanın daxili yaşantıları, özünün özü ilə  həsbi-halıdır. Və bu həsbi-halda  Ağsu dolaylarındakı, boy-buxunu ilə Don Kixotu xatırladan bir Çinar da iştirak edir… Hekayənin bu dünyada dərdləşməyə adam tapa bilməyən qəhrəmanı xəyalən, ruhən həmin Çinarla mükaliməyə girir…

"O bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi ilə gülümsədi.

"Başqaları məndən yaxşıdı guya?" - Və  düzdü, bu sözləri dedim, amma o saat burasını da başa düşdüm ki, mənasız sözlər dedim, çünki  bu dəm bizim bu söhbətlərimizin dünyada  heç kimə dəxli yox idi, çünki bu dəm dünyada, ümumiyyətlə, heç kim yox idi, təkcə mən idim, bir də ki, o idi və bir də ki, onun şəffaf təbəssümü idi"…

Hekayənin qəhrəmanı, Çinara taleyinə təsir edəcək  ilahi bir qüvvə kimi baxır,  onunla sadəcə dərdləşmir, həm də ona yalvarır:

"…Gündüz adamın başını qatır, gündüz adam hər şeyi yadından  çıxarır, yaxşılıq eləyir, pislik eləyir, dərd gecənin dərdidi. Heç nədən qorxmuram mən, nə tutulmaqdan qorxuram, nə biabırçılıqdan qorxuram, təkcə gecədən qorxuram. Qurtar məni gecədən, qurtar məni gecələr özüm-özümlə tək qalmaqdan, qurtar…"

Ağsu dolayları arxada qalır…

"Məni qəhərləndirən uzaqlıqda, həm də əbədi uzaqlıqda qalmış Çinar isə yenə də mənim ürəyimdə idi…"

"Hönkürtü"də olduğu kimi, "Bozluq içində iki nəfər" hekayəsində də süjet önəmli deyil - burada da daxili dialoqlar əsasdır: hekayənin mövzusu yaşlı bir kişinin "payız düşüncələri"dir… "Sulu qar yağırdı və o seyrək yarpaqlar tamam islanırdı, üşüm- üşüm üşüyürdü və bu yarpaq üşüməyini o az qala öz bədəni ilə hiss edirdi"…

Ölümünün yaxınlaşdığını həm hisslə, həm də ağılla dərk edən qoca, həyatın (ümumən "Yer üzündəki bütün məxluqatın" bir- birindən seçilməyən  birgə, bir "küll, vahid" halında təzahür edən həyatının!) mənası (əslində, mənasızlığı!) barədə  fəlsəfəyə qapılır:

 

"…Bu qədər illər yaşadım, xəstələndim, sağaldım, yaxşılıq elədim, amma, öz aramızdı, pislik də gəldi əlimdən, incidim, incitdim, nigaran oldum, gözüm yol çəkdi, məclislərdə çalıb- oynadım,  yas da saxladım, təzəcə anadan olmuş çağa gördüm, qoca meyiti də gördüm və bütün bunların  hamısı da ona görə ki, günlərin bir payız günü məlum olsun ki, ömür gəldi keçdi, bir at mindim başı yox, bir çay keçdim daşı yox"…

Öz  fəlsəfəsindən mütəəssir olmuş qoca  sakitcə divanda oturub nəvələri üçün əlcək toxuyan arvadı ilə yadlıqlarından  gileylənir. Sonra isə anlayır ki, qocalıqdan "səfehləyir"… Və bir- birinə qoşulub gəzməyə çıxırlar…

"Həmin son payız günü hər tərəfi bir boşluq bürümüşdü və hər tərəfi bürümüş bu boşluq  içində onlar yavaş-yavaş gözdən itdilər"…

"Parisdə avtomobil qəzası" isə məqsədsiz, məramsız (və fəlsəfəsiz!) yaşayan insanların hekayəsidir…

"Kərim müəllim, təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma hər halda həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də  bu uşağın yatmayıb beləcə diqqətlə Kərim  müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı"…

Və teleqram gəlir ki, Kərim müəllimin böyük qızının əri Parisdə avtomobil qəzasına düşüb…  Teleqramda o da yazılmışdı ki, "Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür"…

Ara qarışır, ailə üzvlərinin hamısı bu fürsətdən istifadə edib Parisə getmək istəyir. Hətta Kərim müəllimin yeganə oğlu Hamlet  canı-dildən çalışır ki, öz rəfiqəsini göndərsin…

Vəziyyətin gərgin vaxtında Parisdən ikinci teleqram gəlir… "Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu"…

Mənasız (və məzmunsuz) həyat "öz axarına" düşür… "Kərim müəllim… gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar…"

"Beş dəqiqə və əbədiyyət" hekayəsi Elçinin növbəti bədii yaradıcılıq  eksperimentlərindən biridir, yazıçı beş dəqiqə ərzində baş vermiş hadisələrin "reportaj"ını təqdim edir…

Elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat institutunun müdiri Mərdan Dadaşlı  Bakıdan təyyarə ilə havaya qalxdıqdan bir saat  sonra təyyarənin generatorları dayanır… 

"…Və bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin sürət səni uçurumun dibinə aparan sürəti də  üstələmişdi və sən indi tamamilə beynindəki sürətin ixtiyarında idin. Sənin bütün sinirlərində bir yalvarmaq ehtirası yaranmışdı, sən kiməsə, nəyəsə yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin"…

Mərdan Dadaşlının indiyə qədər etdiyi bütün alçaqlıqlar bir-bir gəlib beynindən keçir…

Ev növbəsi çatmış bir laborantın evini başqasına vermişdi… "…Anası, arvadı, iki uşağı - evləri yox idi və növbə onun növbəsi idi, bəs sən nə etdin? Sən kimə verdin mənzili? Yadına sal, yadına sal, kimə verdin? Kərimlinin qızına verdin, çünki Kərimlinin qızı təzəcə ərə getmişdi, çünki Kərimlinin qızını təzəcə işə götürmüşdün, çünki sən sənədlərini akademiyaya vermişdin, çünki Kərimli sənə səs verəcək adamlardan biri idi".

Hər alçaqlığın arxasınca isə nəticəsi daha ağır olan başqa alçaqlıqlar gəlirdi…

"Katibə sənin yanına gəlib deyəndə ki, həmin xəstə oğlan ölüb, sən əvvəlcə bilmədin ki, söhbət kimdən gedir, sonra tanıdın, yadına düşdü ki, üç-dörd ay əvvəl nədən ötrüsə sənin yanına xahişə gəlmişdi, sonra sən beş-on dəqiqəlik vaxt ayırıb o oğlanın dəfn mərasimində  iştirak etdin və o zaman hamı sənə minnətdarlıqla,  heyranlıqla baxırdı…"

Ancaq iş elə gətirir ki, təyyarənin nasazlığı aradan qaldırılır və  Mərdan Dadaşlı salamat qalır… Bununla  belə həmin beş dəqiqəlik həyəcanlar onun yadına bütün "tərcümeyi-hal"ını salmaqla "həyat əbədiyyətinin (metafizikasının!)" nədən ibarət olduğunu göstərir.

Beş il keçir… O beş il ki, hekayənin yazıldığı 1983-cü ildən sonraya - 1988-ci ilə aiddir…

Akademiyanın həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri  "Mərdan Dadaşlı istirahətə artıq təyyarə ilə yox, qatarla - "Bakı- Kislovodsk" qatarının "SV" kupesində gedirdi… Və kupe yoldaşına deyirdi: "Təyyarədən yaxşısı yoxdu…"

Yəni əvvəllər (ömrü boyu!) necə alçaq olmuşdusa həmin alçaqlığında da qalmışdı…

Əsl yazıçı heç zaman süni nikbinlik effekti yaratmır, dünyanı necə görürsə, elə də təqdim edir…

1987-ci ildə Elçinin "Seçilmiş əsərləri" iki cilddə nəşr edildi.

Birinci cildə yazıçının artıq müxtəlif dillərə  çevrilmiş məşhur hekayə və  povestləri, ikinci cildə isə  "Mahmud və Məryəm", "Ağ dəvə" romanları daxildi.

Elçinin bu ilk "Seçilmiş əsərləri"nə tənqidçi-ədəbiyyatşünas Nadir Cabbarovun yazdığı "Həyat nəfəsli nəsr" adlı ön söz, etiraf etmək lazımdır ki, elçinşünaslığın  ən dəyərli əsərlərindəndir…

"Elçin nəsrilə ilk tanışlığımın nə vaxt, harada və hansı şəraitdə baş verdiyini xatırlaya bilmirəm.  Görünür, həqiqi sənətin sirri, sehri də elə bundadır ki, o, sənin fikir və hiss aləminə üzün- gözün öyrəşdiyi əziz və doğma adamın kimi daxil olur: ərklə, hay-küysüz, filansız…" - deyən Nadir Cabbarov belə qənaətə gəlir ki:

"Elçinin əsərlərində  milli izzət-nəfs, milli mənlik hissi yüksək psixoloji dəyər olmaqla bərabər, həm də qəhrəmanların ictimai mövqeyi ilə səsləşən, onları rəzalətin hər cür təzahürləri ilə açıq döyüşə sövq edən fəal vətəndaşlıq duyğusudur".

Nadir Cabbarov yazıçının üslub tipologiyasını da aydın müəyyən edir:

"…O, qəhrəmanlarının mənəvi portreti, onların kimliyi və necəliyi haqda bədii informasiyanı ömür yollarının  panoram təsvirləri ilə yox, ruhi durumun, psixoloji məqamın dəqiq, sərrast xarakteristikası ilə təqdim edir. Yazıçının qəhrəmanlarına xas olan güclü düşüncəviliyin, emosional gərginliyin mühüm səbəblərindən biri də elə burada - ona məxsus bədii təsvir və  ifadə üsulunun bu cəhətində axtarılmalıdır".

Və fikrini belə yekunlaşdırır:

"…Elçin fitrətən romantik yazıçı deyildir. Lakin müasirlərimizi romantik planda müşahidəyə, daxili aləmin romantikasını - gizli, qapalı və çox zaman anlaşılmaz olan bu mənəvi halı bədii izah və təhlilə meyil onda güclüdür. Bu isə yazıçının qələminə ayrıca bir təravət və orijinallıq bəxş edir. Məsələn, onun nəsrindəki  incə lirizmin, ekspressivliyin, istiqanlılığın oxucu  tərəfindən və tam emosional dərki üçün özünəməxsus işıqlı psixoloji fon yaradır".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!