Rəhmətlik ərin portreti yaxud canlı insanlar yaratmaq ehtirası - Sərvaz Hüseynoğlu

Nə gözəl, misilsiz mənzərələrin, nə də ən qədim xarabalıqlar aləminin U.Folkneri cəlb etmədiyini yazıçının çoxsaylı müsahibələrindən oxumuşuq. Onu daha çox insanların siması çəkirdi özünə; adamların sifətinə baxmağı sevirdi, bu sifətlərdəki qırışların arxasında nələrin gizləndiyini bilmək istəyirdi. Baxdığı sifətlərdə iz buraxmış taleyi dərk etməyə çalışırdı. Həmin qırışlara, fərqli cizgilərə nəzər yetirə-yentirə hansı qayğı, hansı ümid və iztirabların onu bu günə qoyduğu barədə düşünürdü.

Bu yöndə Folknerlə italiyalı həmkarı, ədəbiyyat üzrə Nobel mükafatçısı Luci Pirandellonu qələmə aldıqları əsərlərdə yalnız ədəbi surətlər yox, E.Heminqueyin təbirincə desək, canlı insanlar yaratmaq ehtirası birləşdirir.

Luci Pirandellonun "Mərhum Mattia Paskal" romanından, "Əgər belə deiylsə", "Dördüncü Henrix", "Müəllifini axtaran altı personaj" pyeslərindən, "Səs", "Küp" kimi lakonik hekayələrindən oxucuya yaxşı tanış olan surətlərin təsviri, bu təsvirlərdəki canlılıq belə təəssürfat oyadır. Görkəmli yazıçı dəqiq müşahidələr əsasında qələmə aldığı əsərlərində çox vaxt artıq həyatda olmayan, dünyasını dəyişmiş insanların yadigar şəkillərinin üz-göz cizgilərinə belə biganə qalmır, o cizgilərin doğurduğu effekti xüsusi aludəçiliklə təsvir edir. "Rəhmətlik" hekayəsində olduğu kimi… İlk anda yazıçının adi şəkillərin təsviri üzərində həddən çox dayanmasının nədənliyi oxucu üçün elə də cəlbedici görünmür. Ancaq hekayənin sonluğuna doğru oxucu bütün qaçılmazlığı ilə dərk edir ki, bunsuz ötüşmək olmazmış. Əslində hekayənin, yazıçının böyük ustalıqla qələmə aldığı mövzunun canı elə bu ştrixlərin bətnindəymiş; divin canı şüşədə olduğu kimi…

Deməli, mərhum Kazimo Taddeinin dul xanımı Lina Sarulli gənc kimyaçı Bartolino Fyerenço ilə nigaha girir. Və birgə yaşamağa başladıqları ilk gündən etibarən qadın addımbaşı rəhmətlik ərini xatırlatmalı olur: "Rəhmətlik ərimlə də eynən belə olmuşdu; əvvəlcə bizə ikinci qatda nömrə vermişdilər…" "Bir dəfə mənə demişdi ki, səncə, səni Karolina deyil, Kara Lina çağırsam, pis olmaz ki?" "Məni bura qatma! Əvvəla, rəhmətlik ərim…" "A-a-a, Bartolino, sən də özünü eynilə o rəhmətlik ərim kimi aparırsan ha…"

"Rəhmətlik ər"sə divardan asılmış hədsiz dərəcədə böyük bir fotodan boylanıb baxır. Hər dəfə də xanımının mərhum ərini canlı adam kimi qəbul edən Bartolino (yeni ər) onun divardan asılmış şəklinə baxanda salamlaşırmış kimi, özündən xəbərsiz başını yana əyməli olur. İşin nəhsliyi ondadır ki, bu hal get-gedə daha da təkrarlanmağa başlayır. Arvadının çoxsaylı tələbləri ilə razılaşmalı olan yeni ər hər dəfə pərtliyini zorla gizləyə-gizləyə:

- Razılaşdıq… hə, hə… razılaşdıq - deyə çaşqınlıq keçirə-keçirə mızıldanır və ən pisi də o olur ki, hər dəfə ona elə gəlir arvadının mərhum əri divardakı şəkildən ona baxıb bic-bic gülür.

Gənc ərin nələr çəkdiyi bircə qonşu qadın Ortenziyaya məlumdu. Ortenziya ağıllı və məntiqlidi. Bu səbəbdən də həlledici məqamda öz ağıl və məntiqini işə salır. Nəticədə gənc ər tez-tez keçmiş ərini yada salan, bununla da özünə qarşı gizli kin yaradan xanımından intiqam almağa hazırlaşır. Keçmiş ərə qarşı qısqanclıq Bartolino Fyerençonu, bu zərif, səmimi və həssas insanı son həddə çatdırdığından o, xilas yolunu yalnız qisas almaqda görür. Bu mərhələdə ağıllı və məntiqli qonşu qadın Ortenziya onun ilk yardımçısı olur. İşarə ilə Bartolinoya başa salır ki, xanımının keçmiş əri heç də ona sədaqətli olmayıb, imkan düşən kimi özgə qadınlara da əl gəzdirməyindən qalmayıb.

Gənc ər itiqam yolunu arvadına xəyanət etməkdə görür və elə Ortenziyanın, bu ağıllı və məntiqli qadının özündən başlayası olur…

Hekayənin ən maraqlı, komik, dramatik və tragik, faciəvi məqamı da bu yerdə başlayır. Ən maraqlısı odur ki, bu məqamda da ölmüş ər - mərhum Kozimo Taddei qalibliyi əldən vermir. O, yenə də məğlubedilməz və yeni günün qəhrəmanı olaraq qalır; Bartolino məxsusi olaraq hazırlanmış yataqda uzanıb səbirsizliklə arvadının rəfiqəsi, ağıllı və məntiqli Ortenziyanın yan otaqdan təkrar onun yanına qayıtmasını, qızğınlıqla yenidən ağuşuna atılmasını gözləyir. Elə bu zaman da dünyanın ən gözlənilməz möcüzəsi baş verir; belə: "Təsadüfən Bartolinonun baxışları çarpayının yanındakı xalçanın üstünə düşən və işıldayan əşyaya sataşdı. Nəzər yetirincə, bunun qızıl medalyonlu boyun zənciri olduğunu sezdi. Yəqin ki, az öncə onun yatağından qalxın Ortenziyanın (arvadının rəfiqəsinin) boğazından açılıb düşmüşdü. Bartolino medalyonu yerdən qaldırıb, qadının yenidən geri dönməsini gözləməyə başladı. Səbirsiz halda medalyonu əlləyərkən qəflətən onun qapağı açıldı… Açıldı və onu yerindəcə qurutdu; Medalyonun içində arvadının mərhum əri Kazimo Taddeinin xırdaca şəkli var idi… Arvadının rəhmətlik əri şəkildən ona baxır və həmişəki kimi dostyana qımışırdı".

Bu, unudulmayan, əsl novella sonluğu olan bir təsvirdi. Oxuyub sonuna varınca dərk edirsən ki, misilsiz mənzərələrin təsvirindən, uzun-uzadı təfərrüatlardan öncə əsl yazıçının insan simalarını müşayiət etməsi nə üçün vacib və gərəklidi… Yazıçının dərin, zəruri duyğularla nəzər yetirdiyi surətlərdə, üz cizgilərində iz buraxmış taleyi dərk etməyə cəhd göstərməsi nə üçün belə zəruriymiş…

Yazıçının müşayiət etdiyi cizgilərdən önündəki insanın hansı qayğı, hansı ümid və iztirabların yaşadığını bilməyə cəhd etməsinin önəmi nədədi...

Düşündürücüdü... Qələmə əl uzadana, ilk sətri, misranı başlayana kimi çoxmu izləyirik bu sifətləri?

Və ümumiyyətlə izləyə bilirikmi?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!