Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Elm və təhsil” nəşriyyatında “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı nəşr olunub. 600 səhifədən ibarət kitabda Elnarə Akimovanın 2015-2019-cu illər arasında “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələrin bir qismi əksini tapmışdır. Buradakı mətnlər “Nəsr diskurs kimi”, “Poema diskurs kimi”, “XX əsr şeiri – zamana baxış kontekstində”, “Düşüncə zamanı”, “Ədəbiyyat elm kimi”, “Mənəvi diskurs”, “Analiz yazıları – problemlər, mülahizələr”, "Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa" kimi bölümlərdə sistemləşdirilərək bütünlükdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və tənqidinin mənzərəsini meydana qoyur.

Belə ki, Elnarə Akimovanın yeni kitabında roman və hekayə janrında meydana qoyulan nümunələrin üslubi xüsusiyyətləri, əsr səciyyəsi tədqiq olunur, poetikası elmi-nəzəri analizin predmetinə çevrilir. Eləcə də Azərbaycan poezyasının inkişaf meyillərini, cərəyanlaşma dalğasını, onun çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək, uşaq ədəbiyyatı problemlərini yeni təfəkkür işığında qiymətləndirmək, habelə ədəbiyyatşünaslığımızın bir çox problemlərinin aktuallanması, ədəbi fikrimizin ideya-bədii təkamülünün başlıca istiqamətlərinin ümumiləşdirilməsi baxımından “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” kitabı əhəmiyyətli vəsaitdir.

Kitabın elmi redaktoru və ön sözün müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçilər akademik İsa Həbibbəyli və fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!