Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi seminar keçirilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu- İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Hürufiliyin dünyada ən tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin “İmadəddin Nəsimi Fəzullah Nəiminin əlyazmalarında” mövzusunda elmi seminarı keçirilib. Bu seminar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun olaraq İnstitutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarının Nəsiminin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Çıxışında akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı İnstitutun həyata keçirdiyi və qarşıda nəzərdə tutduğu işlərlə bağlı məlumat verib. Professor Fatih Usluerə dəvəti qəbul edib Ədəbiyyat İnstitutuna gəldiyi üçün təşəkkürünü bildirib.

Sonra filologiya elmləri doktoru Rəhim Əliyev “Fəzlullah Nəimi, hürufilik və Nəsimi” mövzusunda məruzə ilə çıxış edib.  O, çıxışında qeyd edib ki, türk, ərəb, fars, ingilis, fransız dillərini bilən professor Fatih Usluer Nəiminin və bir sıra hürufi şairlərin əsərlərini tədqiq etməklə bərabər çapa hazırlayıb.

Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli də çıxışında cənab Prezidentin Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində rəhəbrlik etdiyi təşkilatın professor Fatih Uslueri Bakıya dəvət etdiyini bildirib. Birlik tərəfindən nəşrə hazırlanmış “Müqəddimətul həqayiq” əsəri barəsində məlumat verib.

Türk Maarif Vəqfinin Oman Sultanlığında Türk dili və Ədəbiyyatı Bölümünün professoru Fatih Usluer “İmadəddin Nəsimi Fəzlullah Nəiminin əlyazmalarında” mövzusunda geniş və əhatəli məruzə edib. Natiq çıxışı zamanı, 17 ildən artıq hürufiliyin tədqiqi ilə məşğul olduğunu diqqətə çatdırıb. O, öz araşdırmalarını üç istiqamətdə apardığını bildirib. Onlardan birincisinin hürufilərin fəlsəfəsi, ikincisinin hürufilərin tarixi, üçüncüsünün hürufi mətnlərinin araşdırılması olduğunu diqqətə çatdırıb və bu barədə elmi fikirlərini bölüşüb.

Türkiyəli qonaq Fatih Usluer həmçinin Ədəbiyyat İnstitutunun alimlərindən professor Qəzənfər Paşayevin, filologiya elmləri doktoru Fəridə Əzizovanın, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı və başqalarının mövzu ilə bağlı suallarını cavablandırıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!