Edebiyyatqazeti.az xəbər verir ki, nasir, ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” (“Struggle in the desert”) romanı Böyük Britaniyada nəşr olunub.
Londonun “Rossendale books” nəşriyyatında yayınlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirib. Roman yazıçı-tərcüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilib.
Şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.
Qeyd edək ki, “Səhra savaşı” romanı Türkiyə və Rusiyada da nəşrə hazırlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!