Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin 2015-ci ildən hissə-hissə təkrar dərc edilən “Ağdamda nəyim qaldı” avtobioqrafik romanı “Qanun” nəşriyyatında çapdan çıxıb.
“Meydan”, “Ölü doğan şəhər”, “Axirətdən qabaq gəzinti”, “Sonalar gölü”, “Haram” kimi romanların və onlarla hekayənin müəllifi Əli Əmirli dramaturgiya ilə məşğul olduğu otuz illik fasilədən sonra yenidən nəsrə qayıdaraq “ruhlar şəhərinə” çevrilmiş Ağdamın ötən əsrin 50-60-cı illərindəki mənzərəsini təsvir edərək xatirələrində canlandırıb. Roman dərc edildiyi gündən böyük oxucu rəğbəti qazanıb və mütəxəssislərin yüksək qiymətini alıb.
“Son oxuduğum bədii nümunələrdən Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının adını çəkə bilərəm. Çox həyati, canlı, deyərdim ki, olduqca təbii, insanın hiss və duyğularını ehtizaza gətirən, onu daxilən silkələyən, yerindən oynadan əsərdir. Az qala hər sətrindən yazıçının mövzuya hakimliyi, dərin səmimiyyəti, bəzən naturalizmə varacaq müşahidə dərinliyi və qüdrəti hiss edilir. İstər dil, istər personajlar, situasiyalar o qədər təbii, o qədər həyatidir ki, uşaqlıq dövrü, ötən əsrin 60-cı illərində Azərbaycanın rayon mərkəzlərində keçən hər bir kəs burada özünün, yaxud dostlarının, tanışlarının həyatından epizodlar görə bilər. Hadisələrin ölkəmizin ən koloritli guşələrindən biri olan Ağdamda cərəyan etməsi isə, romana ayrı ruh, ayrı ahəng verir... Mənim fikrimcə, bu romanı tərəddüdsüz bizim günlərin Azərbaycan nəsrinin uğurlarından saymaq mümkündür”. Kitabın üz qabığının dördüncü səhifəsində yer alan bu sözlərin müəllifi ölkəmizin Macarıstandakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevdir.
Qeyd edək ki, kitabın ön sözünün müəllifi Rəşad Məciddir.
Kitabın təqdimatı bu ay baş tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!