Professor Qəzənfər Paşayevin 80 illiyinə
500 ildir ki, Nostradamusu qəbul edənlər də var, etməyənlər də, ancaq Nostradamus o bəşəri müəlliflərdən biridir ki, onu öz doğma dilinə tərcümə etmək, həmin doğma dilin sahibinin (xalqın!) yüksək mədəniyyətinin və mənəvi inkişafının göstəricisidir.
Geniş formatlı, təxminən 800 səhifəlik (!) "Nostradamusun möcüzəli aləmi" kitabının nəşri və buradakı mətnin Azərbaycan dilinə səlis və səriştəli tərcüməsi yalnız bizim tərcümə ədəbiyyatımız sahəsində deyil, ümumiyyətlə, ictimai fikrimizdə ciddi və fərəhli bir hadisə idi. Bu kitabın tərcüməsi də, yüksək elmi arxitektonikaya malik olması da professor Qəzənfər Paşayevin illər boyu çəkdiyi ağır zəhmətin nəticəsi idi və bir daha vurğulayaq ki, söhbət adi yox, real və irreal bir düşüncənin, eləcə də İntibah bədii-estetik təfəkkürünün ifadəsi olan böyük və mürəkkəb bir mətndən, onun məxsusi stilistikasının qorunub saxlanmasından gedir.
Nostradamusun baş daşının üzərindəki yazıda onun qələmi "ilahi qələm" adlandırılır və "ilahi qələm"in yazdıqlarını tərcümə etmək, əlbəttə, istedad, səriştə, zəhmətkeşlik və cəsarət (!) tələb edir. Yadımdadır, on il bundan əvvəl - 2007-ci idə mən bu kitabı oxuyanda həqiqi mənada bir qürur hissi keçirmişdim - Azərbaycan dilində belə bir kitab nəşr olunub - və bu barədə yazmışdım.
"Nostradamusun möcüzəli aləmi" - mükəmməl elmi bir nəşrdir.
İndi isə başqa bir kitabı xatırlayaq: "Altı il Dəclə və Fərat sahillərində" - 1980-ci illərdə sadə (və səmimi!) bir dillə yazılmış bu kitab, xatırlayıram, bir neçə dəfə indi fantastik görünən 100 min tirajlarla nəşr olundu və yada salanda ki, o dövrdə nəşr ediləcək kitabların planları bir sıra instansiyalarda müzakirələrdən, götür-qoylardan sonra seçilir və plana salınırdı, aydın olar ki, bu təkrar nəşrlər həmin instansiyalara yox, məhz oxucuların böyük tələbatına borclu idi. Bu kitab ona görə küllü oxucu auditoriyasının marağına səbəb olmuşdu, qapalı bir cəmiyyətdə yaşayan ən sadə oxucuların belə qəlbinə yol tapmışdı ki, onlara xalqın unudulmuş uzaq diyarda yaşayan bir parçasının taleyindən və tarixindən xəbər verirdi.
Qütblərin miqyasına fikir verin: bir tərəfdə mürəkkəb Nostradamus, o biri tərəfdə isə İraq-türkman xalqının güzəranı, sevinci və kədəri, daha sonralar isə zəngin (və doğma!) folklorunun geniş aspektli nümunələri və tədqiqi ("Kərkük mahnıları", "İraq-Kərkük atalar sözləri", "İraq-Kərkük bayatıları" , "Kərkük tapmacaları", "Kərkük folkloru antologiyası", "İraq-türkman folklorunun janrlar sistemi" və s.) və bütün bunların da müəllifi eyni qələm sahibi - professor Qəzənfər Paşayevdir.
Ancaq biz bu elmi-ədəbi-publisistik miqyasın digər qütblərini xatırlayaq: bir tərəfdə Aqata Kristinin məşhur "Mavi qatarın sirri", yaxud Aleksandr Dümanın "Qafqaz səfəri" (H.Abbasovla birlikdə), yaxud da Sula Benetin "Necə yaşayasan, yüzü haqlayasan" kimi əsərlərin Azərbaycan dilinə tərcüməsi və nəşri, o biri tərəfdən, misal üçün, "Rusca-ərəbcə danışıq kitabı".
Bir tərəfdən "Nəsiminin İraq divanı", yaxud "Füzulinin həyat və yaradıcılığı", o biri tərəfdən isə Hüseyn Arif, Hüseyn Kürdoğlu, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə və b. müasir yazıçı və şairlər haqqında kitablar.
Ancaq bu da hələ hamısı deyil. Baxın: bir tərəfdən professional dilçi alimin qələmindən çıxmış "Kərkük dialektinin fonetikası" elmi monoqrafiyası, o biri tərəfdən isə yenə də professional sənətşünas-folklorşünas kimi Azərbaycan aşıq yaradıcılığının tədqiqatçısının, aşıq sənəti ilə bağlı nüfuzlu söz sahibinin məqalələri, rəyləri, tərtibləri.
Mən Qəzənfər Paşayev yaradıcılığı ilə bağlı müxtəlif elmi-ədəbi-publisist istiqamətli qütbləri (hamısında da diletantlıq yox, professionallıq!) yenə də sadalaya bilərdim, ancaq güman edirəm ki, elə bu saydıqlarım da onun yaradıcılığının miqyası haqqında təsəvvür yaradır.
Elmi ictimaiyyət Qəzənfər Paşayevi "Kərkük folklorşünaslığının banisi" adlandırır və bu həqiqətdir, Kərkük azərbaycanlılarını yenidən azərbaycançılıq düşüncəsinin faktına çevrilməsində bu ədibin həlledici xidmətləri var.
Mən "ədib" ifadəsini təsadüfən işlətmədim, çünki Qəzənfər Paşayev sadəcə ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədibdir və bu ədibin yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdən biri onun qələminin səmimiliyidir - nə yazırsa, səmimi yazır, nəyi tərcümə, yaxud tədqiq edirsə, sevərək edir, onda "zorən-təbib"lik yoxdur. Mən həmişə onun nəşr etdiyi folklor nümunələrinin səmimiliyi ilə onun qələminin səmimiliyi arasında çox üzvi bir vəhdət hiss etmişəm və indi bu sözləri yazarkən bir xatirə yadıma düşdü.
1980-ci illərin ortaları idi və bir gözəl yaz axşamı mən o zaman kiçik olan uşaqları da götürüb, İlyas Əfəndiyevi yoluxmağa getmişdim. Onun keçmiş günləri xatırlamağını mən o saat hiss edirdim (o vaxt silsilə xatirələr yazmağa başlamışdı) və həmin yaz axşamı da onu öz iş otağında tək oturduğunu görəndə, hiss etdim ki, fikri keçmiş günlərdədi.
Jurnal mizinin üstündəki açıq kitaba işarə edib:
- Bu kitabı oxumusan?- soruşdu.
Kitabı götürüb baxdım: Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi "İraq-Kərkük bayatıları" idi.
- Yox,-dedim.
- Apar, oxu,- dedi.- Elə bil, uşaq vaxtı yayda babamgillə Kirs yaylaqlarına köçəndə, gecə vaxtı bizimlə gedənlərin, bizi müşayiət edənlərin dediyi bayatılardır!..
- Bu kitab hardandır?- soruşdum.
- Turab gətirib, - dedi.
Bizim böyük sənətkarımız və mənim də unudulmaz dostum Həsənağa Turabova atam "Turab" deyirdi və İlyas Əfəndiyev, xüsusən 1979-cu ildə Moskavada cərrahiyə əməliyyatı keçirəndən sonra, tez-tez Həsənağanı evə dəvət edirdi, görüşüb, bir-iki kiçik qədəh konyak içə-içə teatrla bağlı yaradıcılıq söhbətləri edirdilər - İlyas Əfəndiyev Həsənin sənətini də, zövqünü də yüksək qiymətləndirirdi.
Mən o kitabı aparıb elə həmin gecə əvvəldən axıracan oxudum (indiyəcən mənim kitabxanamdadır) və həm o bayatıların, həm də İlyas Əfəndiyevin sözlərinin təsiri ilə Həsəni görəndə dedim ki, bu bayatıların əsasında teatrda maraqlı bir tamaşa yaratmaq olar. Bu fikir onun da xoşuna gəldi, ancaq sonra məlum hadisələr başladı, ara qarışdı, o istək də eləcə istək olaraq qaldı.
Söylədiyim bu kiçik epizod ancaq bir oxucunun - indiki halda İlyas Əfəndiyevin təəssüratı ilə bağlıdır, ancaq elə bunun özü də, əslində, Qəzənfər Paşayevin yazdığı, tərtib və tərcümə etdiyi kitabların on minlərlə, hətta yüz minlərlə (ancaq elə "Altı il Dəclə və Fərat sahillərində"nin tirajlarını yada salaq) oxucusunda yaratdığı müxtəlif işıqlı təəssüratlardan xəbər verir.
Qəzənfər Paşayev cavan yaşlarında İraqda tərcüməçi işləmişdi və o vaxt ali təhsili yenicə başa vurmuş cavanların bəzisi tərcüməçi kimi işləmək üçün xarici ölkələrə (ərəb ölkələrinə, Əfqanıstana, qismən də Türkiyəyə) göndərilirdi. Bu cavanların əksəriyyəti (onların arasında mənim tanışlarım da az deyildi) o ölkələrdə min bir əzab-əziyyətlə işləyə-işləyə maddi vəziyyətlərini yaxşılaşdırırdılar, pul yığıb, özlərinə maşın alırdılar və bunda pis bir şey yox idi (bu cavanların Sovet İttifaqında pul qazanmaq perspektivi hələ bir tərəfə, maşın almaq növbələri bəzən 10 ildən artıq uzanırdı). Ancaq gənc Qəzənfər Paşayev İraqdan Kərkük camaatının hiss-həyəcanını ifadə edən - bu sözlərin təmtəraqından çəkinməyək - zəngin (və bizim üçün doğma!) mənəvi sərvət gətirmişdi və əsrlər boyu materikdən ayrı düşmüş o qədim bayatılar, mahnılar, atalar sözləri, tapmacalar yenidən vətənə qayıtmışdı.
Mən Qəzənfər Paşayevi hələ aspirant olduğum 1960-cı illərin ortalarından tanıyıram və mənim üçün bu uzun illərin təcrübəsindən doğan tamam aydın bir həqiqət var ki, onun yaradıcılığındakı həmin sadəlik və səmimiyyət şəxsiyyətinin də tamamilə təbii (anadangəlmə!) bir xüsusiyyətidir.
Bu gün çox mühüm hesab etdiyim bir cəhəti də xüsusi qeyd etmək istəyirəm: qədirşünaslıq. Qəzənfər Paşayev həmişə keçmiş qələm sahiblərini - Həmid Araslını, yaxud Məmməd Cəfər Cəfərovu, Məmməd Arifi, yaxud Abbas Zamanovu və b. ehtiramla xatırlayır, onların haqqında ehtiramla yazır. Əlbəttə, bu o demək deyil ki, Qəzənfər Paşayev onların bütün metodoloji prinsiplərini, yaradıcılıqlarında dövrdən gələn vulqar sosiologizmləri qəbul edir və ya da görmür. Bu, məhz mürəkkəbliklər, ziddiyyətlər içində yaxşını görmək və qiymətləndrmək bacarığıdır ki, xislətdən gəlir.
Bu günlərdə onun səksən yaşı tamam olur, ancaq həmişə müsbət enerji ilə yaşayan, ədəbiyyata, sənətə də, insanlara da belə bir müsbət enerji aurası altından yanaşan Qəzənfər Paşayevə heç vəchlə bu yaşı vermək olmaz və burada mənim üçün heç bir sirr yoxdur - onun özünü də, yaradıcılığını da bu cür cavan saxlayan həmin müsbət enerji, həmin sadəlik və səmimilikdir.
Hörmətli yubilyarımız bir müddət bundan əvvəl Ağamusa Axundov haqqında yazdığı essedə onu: "…çoxsaylı zəngin yaradıcılıq yolu keçən, iddiasız yaşamağı bacaran, mənalı və şərəfli ömür yaşayan, ziyalılığı, yüksək mədəniyyəti, nəcibliyi ilə nümunə olan" bir yaradıcı insan kimi təqdim edir və bu sözləri oxuyanda, doğrusunu deyim ki, mənə elə gəldi, elə bil, bütün bunları unudulmaz Ağamusa Axundov Qəzənfər Paşayevin özünə deyir.
Bu qısa yazını ümumiləşdirmək istəyərkən, fikrimdə bir sual doğdu: "Siz kimsiniz, Qəzənfər Paşayev?" Və özüm də bu suala cavab verdim: "Siz ləyaqətli bir insan, görkəmli bir ədibsiniz!"
25 iyul 2017 Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!