“Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Qazaxıstan Yazıçılar Birliyi, Prezident Administrasiyası və Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb.

Forumda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev təmsil edir.

İlk dəfə keçirilən forum Asiya ölkələri yazarları arasında əməkdaşlığı inkişaf etdirmək, ədəbi proseslərin inkişafı ilə təcrübə mübadiləsi və Asiya ədəbiyyatının gələcəyinə dair problemlərin həllini araşdırmaq məqsədi daşıyır.

Forumda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiya yazıçılarının ortaq elektron kitabxanasını yaratmağı və "Böyük Asiya" beynəlxalq ədəbi mükafatının təsis edilməsini təklif edib.

“Müasir Asiya sivilizasiyasının ədəbi mənzərəsi” plenar iclasında çıxış edən Xalq yazıçısı Anar, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərinin tarixi köklərə bağlandığını, dilimizin və dinimizin ümumi dəyərləri, müasir dövrdə iki ölkə arasında əlaqələrin daha da genişləndiyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev və Qazaxıstanın Birinci prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu vurğulayıb.

Forumunda 80-ə yaxın şair-yazıçı ilə yanaşı, ədəbi mükafat laureatı və tanınmış qələm adamları iştirak edir.

Forum çərçivəsində təşkil edilən “Asiya ölkələri ədəbiyyatının şah əsərləri" kitab sərgisində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli və İsi Məlikzadənin seçilmiş əsərləri nümayiş olunur.

Foruma sentyabrın 6-da yekun vurulacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!