Avqustun 19-da Qazax Rayon İcra Hakimiyyətinin, Qazax şəhər Ədəbiyyat Muzeyinin və “Mirvarid Dilbazi Məclisi”nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü qeyd olunub.
Əvvəlcə şairin Qazaxın “Mütəfəkkirlər” parkındakı büstü ziyarət olunub.
Mərasimi Qazax şəhər Ədəbiyyat Muzeyinin rəhbəri Barat Vüsal açaraq tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, şairin həyat və yaradıcılığından danışıb, “Mirvarid Dilbazi Məclisi"nin yaradılmasını alqışlayaraq məclisin işinə uğurlar arzulayıb.
Sonra “Mirvarid Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən və özündən sonra çox zəngin irs qoyub getməsindən danışıb.
Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizidən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. "Mirvarid Dilbazi Məclisi" olaraq bizim əsas məqsədimiz bütün poeziyasevərlərə, gələcək nəsillərə bir örnək olan bu şairin irsini, həyatını, təqdim etmək, kitablarının çapına yenidən nail olmaq, doğulduğu Musaköy kəndində büstünü qoymaq, adına bir park və Mirvarid Dilbazi kitabxanası açmaqdan ibarətdir. Hər kəsdən bu yolda öz öhdəsinə düşən köməkliyi bizdən əsirgəməməyi arzulayırıq. Xalq şairi Mirvarid Dilbazi işığında gələcək görüşlər bizləri gözləyir. Mirvarid Dilbazi poeziyası daima var olacaq”,- deyə Güllü Eldar Tomarlı vurğulayıb.
Sonra məclisin sədr müavini, şair Nuranə Təbriz, yazarlardan Natavan Dəmirçioğlu, şairlər Zaməddin Ziyadoğlu, Güləmail Murad, rəssam Qafar Sarıvəlli, aşıq Kifayət, Gülsənəm Cəlili və Tamella Poladlı çıxış edərək Mirvarid Dilbazi poeziyasının bənzərsizliyindən söz açıblar.
Tədbir Aşıq Hüsənin ifasında “Ruhani” saz havasının səslənməsi ilə başa çatıb. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!