Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq sənədinə imza atıb.
Bu dəfə İran Mədəniyyət Mərkəzi ilə...
Edebiyyatqazeti.Az xəbər verir ki, İyulun 31-də İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan Yazıçılar Birliyini ziyarət edib. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə gerçəkləşən ziyarət zamanı Əsgər Farsini Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qəbul edib.
Qəbul zamanı Azərbaycan-İran ədəbi əlaqələrinin tarixi və bu günü, perspektiv məsələlər müzakirə edilib. Xalq yazıçısı Anar qeyd edib ki, ötən il Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan «Dünya ədəbiyyatı» dərgisinin «İran ədəbiyyatı xüsusi sayı» işıq üzü görüb ki, bu da Azərbaycan-İran ədəbi əlaqələrinin bu günü üçün ciddi hadisədir. İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi İran və Azərbaycanın ortaq ədəbi dəyərlərindən, tarixi keçmişindən, həmin keçmiş üzərində qurulmalı olan gələcəyindən, bu istiqamətdə atılması vacib addımlardan söz açıb. Əsgər Farsi qeyd edib ki, İran və Azərbaycan ədəbiyyatçılarının əsərlərinin qarşlıqlı tanıdılması istiqamətində cəhdlər artırılmalı, daha böyük işlər görülməlidir.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu da öz növbəsində İran ədəbiyyatının – həm farsdilli, həm də Azərbaycan türkcəsində olan ədəbiyyatın daim diqqət mərkəzində olduğunu, oxucular tərəfindən maraqla qarşılandığını söyləyib.
Görüş zamanı Bədii Tərcümə Mərkəzi və «ATV Kitab» layihəsinin rəhbəri Səlim Babullaoğlu ilə İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi əməkdaşlıq memorandumuna imza atıblar. Memorandumun mətnində deyilir:
« İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və “ATV Kitab” layihəsi arasında imzalanan bu Memorandum hər iki xalqın klassik və müasir ədəbiyyatlarının qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antоlogiyalar şəklində nəşrini, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işində əlaqələndirməni, ümumiyyətlə ədəbi-mədəni proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur…»
Görüşün sonunda xatirə şəkli çəkilib, hədiyyələr təqdim edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!