Ölkədə yaydır və ədəbiyyatın adi günlərindən biridir.
Bölgədə üç yazar görüşür.
Kölgədə olacaq bir yer axtarırlar ki, oturub söhbət etsinlər.
- Bəlkə də AYB bölməsində görüşməliydik...
Bu fikri hər üçü deyir.
Sonra Lənkəranın mərkəzindəki ailəvi restoranların birinin pilləkənləri ilə yuxarı qalxırlar.
* * *
Söhbət Qardaşxan Əzizxanlı və Mehman Qaraxanoğlu ilə görüşdən gedir.
Bu görüşü hələ yanvar ayından bəri bir neçə dəfə təyin edib, sonra təxirə salmışıq. Səbəblər müxtəlif olub - ya mənim, ya Mehman Qaraxanoğlunun məşğul olması, bizim boş vaxtımız olanda isə Qardaşxan Əzizxanlının Bakıda olması.
- Axır ki, sizi bir-birinizlə tanış edə bildim, - deyə sevinir Qardaşxan müəllim.
Şad olduğumuzu bildiririk və Mehman Qaraxanoğlu mənə özünün yeni çap olunmuş "Mən konteksti düşünürəm" adlı kitabını hədiyyə edir. Mən qarşılığında kitab hədiyyə edə bilmədiyim üçün bir qədər sıxılıram, özümü bir anlıq "Dədə Qorqud" filminin əvvəlində qara çadıra göndərilən Alp Aruz kimi hiss edirəm. Tərslikdən bu an ofisiant qız əlindəki nəhəng qara-qalın vərəqi qarşımda masaya qoyur. Gözlərim menyunun hərflərindən çox, fondakı qara rəngə zillənir və mən qara nəhəng vərəqi qıza qaytararaq, sadəcə itburnu çayı istədiyimi deyirəm. Qız bizdən uzaqlaşanda dalınca baxıram. Omu çox çəlimsizdir, yoxsa qara menyu vərəqimi çox nəhəngdir, deyə fikrimdə bu gənc qızın belibükük halda yerişinin səbəbini analiz edib anlamağa çalışıram.
Məni fikirdən Mehman müəllimin səsi ayırır:
- Sizin serial bitdimi?
- Bəli, tam bitdi, - deyirəm.
- Nə yaxşı, - deyir Qardaşxan müəllim, - o serial ssenaristliyi sizi ədəbiyyatdan tam uzaqlaşdırmışdı. Şükür ki, bitib.
- Elədir, - deyirəm, - çox yoruldum. İndi sadəcə dincəlmək və ədəbiyyata qapılmaq istəyirəm.
Sonra biz ölkədə ədəbiyyat gündəmindən, yeni kitablardan, jurnal və qəzetlərdən, saytlardan bəhs edirik. İnternetin yaratdığı imkanlardan danışırıq və bölgələrdə yaşayan yazarların bu imkanlardan mümkün qədər çox yararlanmalı olduqlarını vurğulayırıq.
Yanımızda görmək istədiyimiz yerli yazarları xatırlayırıq. Ağaddin Babazadənin, Tərlan Əbilovun, Elşad Səfərlinin, Qafar Cəfərovun, Ağamir Cavadın, Nurəddin Şayanın da burada olmaqlarını arzulayırıq.
Dünyasını vaxtsız dəyişmiş, Mehman Qaraxanoğlunun "Cənubun Yesenini" adlandırdığı Anar Həbiboğlunun xatirəsini yad edirik.
Mən bölgəmizin xanım yazarlarını bir arada görmək istədiyimi deyirəm. Xatirə Xatunun, Ziba Xəlilin, Səbirənin şeirlərindən söz açıram.
Gənclərdən də danışırıq. İstedadı olub, amma tanınmaq üçün imkan tapmayanları, hara, kimə, necə üz tutacağını belə bilməyənləri tapıb onlarla görüşlər təşkil etməyin vacibliyini önə çəkirik.
- Lənkəranın qapıları hər zaman mədəniyyətə, ədəbiyyata açıq olub, burada ölkənin ən çətin vaxtlarında belə insanlar kitab oxuyublar, mədəniyyət sarayındakı tədbirlərə axışıblar, teatra gediblər. Hal-hazırda buradakı universitet və kolleclərdəki tələbələrin içində kim bilir nə qədər ədəbiyyatsevər var, mən hələ orta məktəblərdəki müəllimləri, şagirdləri demirəm. Axı onların hər biri ədəbiyyat adına olacaq istənilən bir işə sevinəcək, iştirakçısı olmağa tələsəcək, yerli yazarlarla, elə bir-birləri ilə də tanış olmaq imkanları yaranacaq.
Ad və soyadlarında "Xan" kəlməsi olan bəylər razılıqla gülümsəyirlər.
Mehman Qaraxanoğlu etiraf edir ki, məni yaxından gördüyü və tanıdığı üçün şaddır, eyni etirafı mən də edirəm, qarşımda qiymətli söz yükü olan bir ədəbiyyat adamı gördüyümə görə sevindiyimi bildirirəm. Bir daha ədəbiyyat adına görüşlərin, rəsmi toplantılara səlahiyyətimiz çatmasa belə, bu cür səmimi, çay süfrəli, kitab hədiyyəli yığıncaqların vacib olmasını qeyd edirik.
Sonra çaylarımızı içib saatlarımıza baxırıq. Bir saat çəkəcəyini düşündüyümüz görüşün artıq iki saat yarımını arxada qoyduğumuzu görürük.
Mehman müəllim Astaraya getməli olduğunu xatırlayır, mən evdə məni gözləyən kitabın redaktəsini bu gün bitirməli olduğumu yadıma salıram, Qardaşxan Əzizxanlıya isə zənglər gəlir, deyəsən evdən çağırırlar və biz ədəbiyyatın eyforiyasından məişətin soyuq qolları arasına düşürük.
Durub restorandan çıxırıq, xiyabanın sonuna qədər birlikdə addımlayırıq.
Bu vaxt mən Lənkəran Dövlət Dram Teatrının yaxınlığında yerləşən, şəhərimizin yeni nəsil gənclərinin açdığı Book Cafeni göstərirəm və biz həmin məkana baş çəkirik.
Gənclərdir, çay və şirniyyat xidməti olan kafedir, rəflərdə kitablardır, bir də biz. Gənclər deyirlər ki, bu məkanda yazarları görməyə şad olardılar, kitab təqdimatları üçün, oxucularla görüş və seminarlar üçün şərait yaratmağa hər zaman hazırdırlar.
Bizə sevinmək və gələn dəfə bu məkanda görüşmək barədə qərar vermək qalır.
* * *
Beləcə görüşümüz başa çatır.
Hərəmiz bir səmtə üz tutub gedirik.
Hərəmiz özü ilə digərlərindən bir parça ədəbiyyat aparır - qərib yerdə doğmasına rast gələn adamların bir-birlərinə bağışladığı bir ovuc vətən torpağı kimi.
* * *
Gülümsəyib başımı yırğalayıram, kitabı çantama qaytarıb maşının pəncərəsindən çölə baxıram.
Elə bu an işıqforun yaşıl işığı yanır və biz yola davam edirik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!