Bəşər övladı xəlq olunduğu ilk çağlardan varlığının ən dərin guşələrinə Yaradanın nəqş elədiyi duyğu sayəsində daim dini bir atmosfer içərisində yaşayıbdır. Həmin duyğu da hər zaman onun mənəvi dünyasının nizamını təmin edib, şüurunun alt qatlarında özünə gizlin yuva qurmuş qaranlıq güclərdən daim hifz eləyibdir. Beləcə, sekulyar paradiqmanın icad olunduğu XVII əsrəcən bütün mədəniyyətlərin bütövlüyü məhz din sayəsində qorunub saxlanmışdır. Əski çağların dilindən dualar əskik olmayan insanı da mənən “atom dövrünün fəlsəfiyyatla məşğul zındığından”, bu günün Tanrıya inananlarını bir abdal olaraq görüb özünüsə parlaq zəkalı super intellektual sayan “riçard dokinz”lərindən çox-çox yüksəklərdə dayanırdı.
Eyni zamanda təkcə XIX əsrin sayca bütün əvvəlki yüzillikləri üstələyən ixtira və kəşfləri insanın öz gözündə böyüyərək güclü-qüvvətli bir varlığa çevrilməsi üçün kifayət etdi. Yaranışdan “mömin varlıq” ikən indi o, fitrətinə zidd davranaraq həyatından dini, ənənəni tamamən silib atmaq yolunu tutdu. Müasir dünyagörüşünün əsasında Tanrıya yer verməyən belə bir insanmərkəzli (antropomorfik xarakterli) paradiqma dayanır. Materialist mədəniyyətin qaynağına çevrilmiş Qərbin qəsbkar düşüncəsində Tanrı ilə əlaqəli ən böyük yanlışlıqlardan biri olaraq Ulu Yaradanın hər yerdə - şeirdə, sənətdə, fikirdə insanlaşdırılması həmin dövrlərə təsadüf edir.
İslam dünyasının böyük intellektualı S.H. Nasr deyir ki, “bu gün dünyanın yaşadığı iqtisadi böhranın üzərini bir azca qazısaq, sivilizasiyanın mərkəzindəki insan tipinəcən gedib çıxarıq. Kamil olmağa çalışan insan tipinin yerinə həris, təkəbbürlü insan tipi qoyulmuşdur. Dünya Allah düşüncəsindən uzaqlarda yenidən qurulmuş, hər şeyin qaynağı olaraq insan qəbul edilmişdir. Günümüzdə yaşadığımız ekoloji böhrandan əxlaqi dəyərlərin aşınması və iqtisadi böhranlaracan bütün problemlərin qaynağı burdadır”.
Hər nə qədər ənənə əleyhdarı olsa belə, modern antropologiya da metafizik və mənəvi baxımdan insanın Daş dövründən bu yana dəyişikliyə uğramadığını deyir. Dinlər tarixinin böyük biliciləri qətiyyətlə təsdiq edirlər ki, din bəşəriyyətin özü qədər qədimdir. Yəni İnsan harda zühur eləyirdisə, din də onunla bərabər idi... Artıq elmi dövriyyədən çıxarılmış ifadəylə də olsa, deyək ki, hətta ən ibtidai xalqlar belə Uca Yaradan haqda təsəvvürlərə, Ulu Tanrı ilə bağlı görüşlərə malik idilər, özü də bunlar alınma olmayıb həmin xalqların inanc dünyasının ayrılmaz tərkib hissəsini təşkil edirdi. Beləcə, “keçmişdə elmsiz və sənətsiz, fəlsəfədən məhrum cəmiyyətlər olubdur, indi də var. Fəqət dinsiz bəşər cəmiyyətinə bugünəcən təsadüf edilməyibdi” [A.Berqson]. Nobelçi N.Söderblum (1866-1931) da deyirdi ki, “Tanrı yaşayır, bunu dinin bütün tarixi ilə sübuta yetirə bilərəm”.
“Tanrı və yeni fizika” kitabının yazarı P.Devisin fikrincə, bəşər tarixinin böyük bir kəsimində insanlar sadəcə əxlaqa yol göstərdiyi üçün deyil, yaradılışın köklü problemlərinə, xilqətin başlıca məsələlərinə cavab verdiyi üçün dinə üz tutmuşlar.
Din duyğusundan məhrum olub müqəddəs dəyərlərdən büsbütün uzaqlaşan cəmiyyət tipi həqiqətən bəşəriyyət tarixinin yalnız yaxın dövrünün icadıdır [M.Eliade]. Odur ki, insanın Yaradan Allahla bağlılığı indiyəcən heç hansı təkamül keçirmədən ənənəyə uyğun yaşadığı neçə yüz minillik ömrü XV əsrdə Qərbi Avropada renessansla başlayan modernizmin hakimiyyəti ilə müqayisədə, doğrudan da, bir göz qırpımı qədər qısadır. Amma müasir dünyanın artıq “bütün üstün dəyərlərinin hamısı ənənəvi tipli cəmiyyətlərdə hakim olmuş dəyərlərlə daban-dabana tam bir ziddiyyət içindədir” [Y.Evola].
...Ənənə dünyasının bünövrəsi əsla öncəki şəklinə uyğun bərpa oluna bilməyəcək dərəcədə sarsıdılmış, böyük ölçüdə mənfəətə söykənən dünyəvi həyat ən üstün dəyər halına gətirilmişdi. “Hər kəsə məktəbdə öyrədilən ancaq bu idi ki, tarixin axışı dindən uzaqlaşıb dünyəviləşməyə doğru gedir... Avqust Komtdan bu yana yüz ildən bəri düşünülübdür ki, sosioloqların vəzifəsi cəmiyyətin necə dünyəviləşdiyini araşdırmaqdır” [S.N.Nasr].
...Ateizmlə korlanmayan heç nə qalmadı. Hamısının da mənşəyində bir təkamül fikri dayanır. Ateizmin özünün onunla qohumluğu var. Təsadüfi deyil ki, “keçmişin pis olduğuna dair ümumi qənaət məhz təkamül nəzəriyyəsi ilə bərabər formalaşmışdır” [B.Rassel]. Həmin təkamül nəzəriyyəsidir insanlığın dini həyatında ölümcül yara açdı. N.Viner təkamül və növlərin mənşəyi nəzəriyyəsini insan ləyaqətinə həqarət hesab edirdi. Ayrıca təkamül nəzəriyyəsinin Qərbdə sürətlə yayılmağının bir səbəbinin onun ən azı inancın zəifləməyi ilə yaranmış boşluğu doldurmaqçün saxta din kimi irəli sürüldüyünü də söyləmək mümkündür [S.N.Nasr]. “Dinə qədərki dövr”dən, “dinə qədərki bəşər cəmiyyəti”ndən isə əsasən ateist-kommunist ideologiyalı ölkələr xaric, heç harda bəhs olunmamağında da bir qanunauyğunluq var.
K.Q.Yunq haqlıydı: “Müasir insan dərk eləmir ki, (ilahi rəmzləri qavrama gücünü məhv etmiş olan) “rasionalizm” onu ruhən “cəhənnəm”in hakimiyyətinə təslim etmişdir. Öz aləmində onun gümanınca, “xürafat”dan qurtulub, amma bununla bərabər axı o həm də özünün mənəvi dəyərlərini itiribdir. Əxlaqi-ruhani ənənələrə bağlılığı qopubdu, bu isə dünya üçün gerçəkdən bir təhlükədir.
Antropoloqlar müasir sivilizasiya ilə toqquşduğu zaman ibtidai insan cəmiyyətində mənəvi dəyərlərlə bağlı nələr yaşandığının dəfələrcə aydın təsvirini vermişlər. Həmin cəmiyyətlərin insanlarının həyata maraqları itir, onların yaşayışının nizamı pozulur, özləri isə mənən tükənirlər. Bax buna bənzər vəziyyətdəyik biz. Amma hələ yenə də nələrdən məhrum olduğumuzu anlaya bilməmişik. Biz hər şeyin üzərindən sirr pərdəsini götürdük. Artıq müqəddəs heç nə qalmayıbdı.
Elmlərin inkişafıyla dünya getdikcə daha az insani olmaqdadır. Bəşər övladı kainatda özünü bütünlüklə təcrid olunmuş vəziyyətdəymiş kimi hiss edir, çünki onu təbiətə bağlayan bağları qopardığından təbiət hadisələrilə şüurunun dərinliklərindəki vəhdət də get-gedə öz rəmzi mənasını itirmişdir.
İndən belə ildırım da Tanrının qəzəbi deyə çaxmır artıq. Çaylarda su pərisi, ağaclarda əsrarəngiz gizlin qüvvə qalmayıbdı, ilanlar müdrikliyi təcəssüm etdirmir, mağaralarsa acıqlı ruhların sığınaq yeri deyil. Daşlar, bitkilər və digər canlılar aləmi artıq insanla söhbətləşmir, heç eşidəcəyini düşünməyərək insan özü də onlara üz tutmur. Daha dolğun söyləmək lazım gəlirsə, bizi əhatə edən aləm irrasional və mövhumi olan hər şeydən təmizlənibdir. Fəqət buna bənzər şəkildə bizim daxili aləmimiz də vəhşiliklərdən təmizlənibmi - bu hələ ki sual olaraq qalır.
Çağdaş insan əsl həqiqətdə - çoxəsrlik əqli inkişaf prosesinin ən müxtəlif mərhələlərində qazanılmış səciyyəvi cizgilərin məzəli qarışığıdır.
İntellektimiz təbiət üzərində hökmranlıq gücünə malik yeni dünya yaradıb və onu qorxunc nəhəng maşınlarla doldurubdur... Təbiəti fəth eləməyimizlə öyünməyimizə baxmayaraq, əslində biz özümüz onun əsarətindəyik... İndi bəşər tarixinin elə bir mərhələsindəyik ki, bütün güclər bizi əhatə eləyən aləmin öyrənilməsinə yönəlib, bəşəri varlığın mahiyyətinə isə olduqca az diqqət yetirilir...”.
Soljenitsın üçün belə əsəri bundan daha yığcam və daha dolğun anlatmaq çətin idi: “İnsanlar - Tanrını - unutdular”...
Bəşər övladı isə Yaradana inam və din duyğusu sayəsində ta bugünlərəcən vicdan və utanma duyğusuna sahib olubdur. Din duyğusu ilə yaşayan bütün ulusların və əslində yasaqlar üzərində qurulu mədəniyyətlərin canında bir Allah qorxusu vardı. O müqəddəs qorxu idi günah işlər işləməkdən çəkindirən. Din tarixçilərinə görə, modern cəmiyyətin bəlkə ən qabarıq özəlliyi ondakı günah duyğusunun son dərəcə zəifləmiş olmasıdır. Gerçəkdən, köhnə cəmiyyətlərdə günah duyğusunu bütün gücüylə qoruyub yaşadan - məhz Yaradan sevgisi, yəni Allah xofuydu...
Çox təəssüf ki, “gələcəyin insanları dönüb keçmişə boylanarkən bizim dövrümüzdə əsasən də Karl Marksı və Ziqmund Freydi göz önündə canlandıran bir imansızlıq çağı görəcəklər” [F.Hayek]. Halbuki “İnsan oğlu Allaha bütün dövrlərdə hava-su kimi ehtiyac duyubdur”. İnsanlıq yenidən Tanrı ilə barışmalıdır. Axı “...hətta elmi və texniki nailiyyətlər zəminində qurulmuş olan cəmiyyətdə belə Tanrıya həmişə ehtiyac vardır” [A.Karrel]. Unutmaq olmaz:
Nə irfandır verən əxlaqa yüksəklik, nə vicdandır,
Fəzilət hissi insanlarda Allah qorxusundandır.
Ürəklərdən çəkilmiş fərz edilsin xövfi Yəzdanın
Nə irfanın qalır təsiri qətiyyən, nə vicdanın…
...Fəqət əxlaqın izmihlalı ən müdhiş bir izmihlal;
Nə millət qurtulur zira, nə milliyyət, nə istiqlal.
Oyuncaq sanmayın! Əxlaqi milli ruhi millidir;
Onun iflası ən qorxunc ölümdür: Mövti küllidir.
O cəmiyyət ki vicdanında hakim xövfi Yəzdandır,
Bütün dünyaya sahibdir, bütün əqvama sultandır.
Fəqət əfradı Allah qorxusundan bixəbər millət,
Çəkər millətlərin mənfuru qibtilər qədər zillət...
Ürəklər ən müləvvəs ən səfil amal üçün çarpar,
Sinirlər ən mühal əndişədən titrər durar par par!
Olur cəmiyyət əfradınca şəxsi mənfəət “məbud!”
Sorarsan kimsə bilməz varmı “Haq” namında bir mövcud.
O doymaq bilməyən məbuda qurbandır həya hissi,
Həmiyyət, adəmiyyət hissi, ülvi hisslərin həpsi!
Bu hissizliklə cəmiyyət yaşar derlərsə pək yanlış:
Bir ümmət göstər, ölmüş mənəviyyatıyla sağ qalmış?
M.A.ƏRSOY
Cəlal Bəydili (MƏmmƏdov)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!