Edebiyyatqazeti.az xəbər verir ki, iyulun 10-da Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun alman dilində çap olunmuş “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib.
Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova tədbir iştirakçılarını salamlayıb, qonağı universitetdə görməkdən şad olduğunu bildirib.
Qeyd olunub ki, Səlim Babullaoğlunun "Oğluma söhbət" seçilmiş şeirlər kitabı Almaniyada, Köln şəhərində fəaliyyət göstərən "Pem Verlag" nəşriyyatında işıq üzü görüb. 76 səhifəlik kitaba müəllifin 30-dan artıq şeiri daxil edilib. Şeirləri alman dilinə ADU-nun Alman dili kafedrasının əməkdaşı Yusif Savalan və Almaniyada yaşayan azərbaycanlı yazıçı və naşir Orhan Aras tərcümə ediblər.
Müəllifin şeirlərində yer alan müasir çalarlar, rənglər və müşahidlər oxucunu düşündürə bilir, onu yeni dünyaların kəşfinə doğru aparır. Səlim Babullaoğlunun şeirləri sanki bir tablodur, bu tablonun rəngləri isə sadə və aydın sözlərdən ibarətdir. Oxucu bu şeirlərdə öz cizgilərini, həyat konturlarını və yaşantılarını görə bilir.
Nəşrdə yer alan bəzi şeirləri kitabın tərcüməçilərindən olan, Azərbaycan Dillər Universitetinin Alman dili kafedrasının əməkdaşı Yusif Savalan alman dilində səsləndirib.
Sonda müəllif tədbirin təşkilinə görə ADU-nun və fakültənin rəhbərliyinə, bütün iştirakçılara təşəkkürünü bildirib. Tədbir müəllim və tələbələrin sualları ilə başa çatıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!