1959-cu ilin Nobel mükafatçısı - Salvatore Kvazimodo

Salvatore Kvazimodoya böyük şöhrəti qədim yunan poyeziyasından, Şekspirdən, İncildən - monax lojalarında müzakirə obyektinə səbəb olan kitablardan - etdiyi tərcümələr gətirdi. Kvazimodonun yaradıcılığı mifik və spiritualist motivlərlə zəngindir. Şairin poeziyasında hər şey vahid bir varlıq kimi təsvir olunur və sosial-etik əsaslarla inkişaf edir. Siyasi cəhətdən savadlı və intellektual olan şair hər zaman təqib edilən qələm adamlarının müdafiəsinə qalxıb.

31 mart 1922-ci ildə Likatdakı "Arnaldo da Breşia" mason lojasına qəbul edilib. 1945-ci ildə isə İtaliya kommunist partiyası sıralarına girib və az sonra keçmiş SSRİ-də səfərdə olub.1958-ci ildə SSRİ-yə növbəti səfəri zamanı infarkt keçirib və Moskvadakı Botkin xəstəxanasında müalicə alıb. Uzun sürən müalicədən sonra - 1959-cu ildə İtaliyaya qayıdıb. 

1901-ci ildə İtaliyanın Modika (Siciliya) şəhərində anadan olan və 1959-cu ildə "Dövrümüzün faciələrini klassik gerçəkliklə təsvir etdiyi lirik poeziyaya görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən məşhur italyan şairi, yazıçısı, tərcüməçisi Salvatore Kvazimodo 1968-ci ilin 14 iyun tarixində İtaliyanın Amalfi şəhərində dünyadan köçüb.

 

NARINGİ BAĞÇASINDA DOLAŞAR OXUYUR

Bəlkə həyat dediyin, elə buymuş, elə bu:
yenə də ətrafımda məlakələr oynayır,
yenə başlar səcdəyə enir hər çağırışda,
kilsənin ətrafında insan seli qaynayır.

Lal, sakit gecələrdə, yaşıl kölgələr susur,
qaranlıqlar baş vurur, yaşıllıqlara sarı, -
Aylı gecə qoynunda nazlanır bu gözəllik,
mürgülü xatirələr oyadır xəyalları.

Oyanın! Baxın ora, hardasa bir lal quyu-
ilk qabarma vaxtını gözləyir onun suyu.
Zaman gəlib yetişir:
sizin o yarıçürük xəyallar da naz satır.
Cənub küləyi əsir - narıncı rənglər coşur,
Ay işığı altında donun soyunub yatır.

Məlakələr, atlanın, tez çapın gəlin gedək,
buludlardan nəm alaq, səpələnək səmaya,
dəniz, durma, tez şığı, ağacların üstündən
qov bozarmış dumanı, işıq çilə dünyaya.

Vağlar geniş səmada qanadın çırpıb uçur,
astaca bataqlığa yaxınlaşır quş seli,
naringi bağçasında dolaşar oxuyur;
üfüqlərdən boylanır bu səhərin sahili.

O ƏZABDAN XƏBƏRSİZƏM

Minlərlə karıxmış rişələr orda
dolaşıb, oynayır soxulcan kimi
ürəyim torpaq tək cadar-cadardı,
qanım da qaynayır lap ümman kimi.

Əzablar yenə də çökür sinəmə, -
elə əzablar ki, ölümdən betər,
mənim dərdlə dolu bu ürəyimə
ancaq qayaların sükutu yetər.

HEÇ KƏS

Yəqin mən səninçün fərsiz övladam,
ölülər kabus tək qorxudur məni,
ölüm xilas yolu olsa da, ancaq
ölümə güvənim qalmayıb neynim,
məni bu dünyanın əzablarından,
ağacdan, övladdan, həşəratlardan,
ruhumda dolaşan qəmdən, kədərdən
canımı qurtarmaq çətin olacaq.

Çünki mən yolumu  beləcə azdım,
yollarım nə vaxtdır zülmət içində,
amma bu dünyada heç kəs, heç zaman
mənim gözlərimi yaşlı görmədi,
səcdənə gələndə böyük Yaradan!

YUXUDA SƏRİN ÇAYLAR

Bəxtəvər limanların yanına sığınmısan,
indiki gecələr də - sənə həmdəmdir daha,
zaman da məzarından çıxıb sənə qovuşub,
sanki bu məhəbbətdən sevinc batıb günaha,
bir acı həqiqət var - dənizə qərq olmamaq.

Ayaq izi dəyməyən cığırlar da dəyişib,
yuxuda sərin çaylar… bir də dumandan duvaq.
Mənsə fərsiz oğul tək dayanmışam yanında,
dörd tərəfim sakitlik: Adımı çığırır, bax,
ölülər məzarında.

Sanki mənim ürəyim qaranlıq bir dörd divar,
di gəl ki, ürəyimdə ölümün də yeri var.

Tərcümə edən:
Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!