"İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi" mövzusunda seminar keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, iyulun 1-də Azəbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirin anadilli şeirimizin inkişafında müstəsna rolu olan İmadəddin Nəsimiyə həsr olunduğunu bildirib. G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairinin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsinin ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılandığını qeyd edib. O, Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Seminarda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzə edib. S.Xavəri bildirib ki, yaradıcılığında təsəvvüfi ideyaların bütöv bir konsepsiya təşkil etdiyi XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının zirvəsində duran İmadəddin Nəsimi fəlsəfə və poeziya məhrəmliyinin, sənət və təriqət bütövlüyünün ən parlaq nümayəndəsidir. Məruzəçi Nəsiminin digər klassik şairlərimizdən fərqli olaraq, bilavasitə fəlsəfi təlim zəminində yetişmiş şair olduğunu dilə gətirdi. Bildirdi ki, Nəsimi poeziyası orta əsrlərin məfkurə məhdudiyyətinə qarşı yönəlmiş fikrin üsyanıdır.

Nəsiminin varlığı dərketmə modelindən söz açan S.Xavəri bu modelin struktur bütövlüyünün yalnız bu bütövlükdə ifrat vəhdəti-vücud məzmunu kəsb edən Haqq (Allah), Cahan, İnsan, Söz anlayışlarından ibarət olduğunu qeyd etdi və bu dörd mikrostrukturun hər biri haqqında ətraflı bəhs etdi.

"İnsan" mikrostrukturundan danışarkən məruzəşi Nəsimi poeziyasında İnsan konsepsiyasının iki obraz və onların qarşılıqlı münasibətləri timsalında ümumiləşdiyini vurğuladı: kamil aşiq "Mən" və məşuq "Sən".

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Sərxan Xavərinin məruzəsində nəsimişünaslığın aktual mövzularına toxunulduğunu qeyd etdi:

Həqiqətən, nəsimişünaslıqda bəzi mövzuların təyini və təqdimində ifrata varmalar müşahidə olunur. Hər kəs öyrənilmiş mövzuları təkrar-təkrar tədqiqə can atmaqla məlum olanı ya təkrarlayır, ya da təhrif edir. Nəsiminin şəxsiyyəti özündə müxtəlif xarakterləri birləşdirdiyindən onun bir cəhətini təcrid olunmuş şəkildə təqdim etdikdə natamam təsəvvür yaranır. Ona görə də S.Xarəvinin qeyd etdiyi kimi, heç bir mövzunun öyrənilməsində aludəlik olmamalıdır”.

S.Şıxıyeva məruzəçinin diqqətə çəkdiyi Nəsimi irsinin xüsusi dəyərə malik olan bir cəhətindən də danışdı: “Bu, şairin irsinin mənəvi-əxlaqi dəyərləri və onun bu gün üçün əhəmiyyətidir. Həqiqətən, Nəsimini avropalı oxucuya sevdirə biləcək, Şərq düşüncəsindəki ali məqamını təsdiqləyə biləcək cəhət onun ümumbəşəri və əbədi mənəvi-əxlaqi dəyərləridir. Məhz həmin dəyərlər dünən, bu gün və sabah arasında körpü qurmaq iqtidarındadır. S.Xavərinin Nəsimi şeirinin strukturunu müəyyən edərkən irəli sürdüyü dördlük (Allah, kainat (cahan), can və söz) də onun fərdi baxış bucağının məhsuludur və diqqətimi çəkdi”.

Sonda məruzəçi S.Xavəri tədbir iştirakçılarının suallarını cavablandırdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!