Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə - 30 iyun 2019-cu il tarixində Nicat Həşimzadənin “Boşluqdan qaçış” kitabının təqdimat mərasimi keçirirlib.
Tədbiri Nicat Həşimzadə giriş sözü ilə açaraq gələn qonaqlara təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsində maddi köməyini əsirgəməyən dostlarına və oxucularına minnətdarlığını dilə gətirib.
Sonra “Kitabıstan” nəşriyyatının və “etaist.com” saytının təsisçisi Şəhriyar Məcidzadə söz alaraq müəllif barədə “bu kitabda həm sözü ilə, həm də özünün xəyalları, düşüncələri ilə qoymuş olduğu gerçəkliyi görmüş olacağıq” şəklində fikirlərini dilə gətirib. O, “gənc” sözünün Azərbaycanda daha çox “uğursuz olmaq”, “təcrübəsiz olmaq”, “bacarmamaq” kimi mənalarda işləndiyini təəssüflə qeyd edıb. Azərbaycanda böyük yaradıcılıq mühitin olma istəyini dilə gətirib.
Yazıçı Azad Qaradərəli öz geniş nitqində kitab təqdimatlarının keçirilməsindən, yazı yazmağın çətinliyi və məsuliyyətindən danışıb, mühitin boşluq yaratması məsələsinə toxunaraq, “Cümlə qurmaq, yazı yazmaq özü də bir riskdir. Yazını yazıb çap edirsən, amma bilinmir onu kim oxuyur... Yazı yazmaq bir növ özünü cəmiyyətə faş etməkdir” deyən ədib yazının müxtəlif əqidəli insan tərəfindən oxunması məsələsinə diqqət çəkib. O, yazıçı kimliyinin adi həyatdakından fərqli olduğunu vurğulamaqla bərabər kitab təqdimatını “yazıçının ən şad günü” olaraq səciyyələndirib. Azad Qaradərəli Nicat Həşimzadənin yaradıcılığına yüksək qiymət verərək onun ədəbi-tənqidi yazılarını, esselərini maraqla oxuduğunu bildirib.
Həmçinin “Nicat Həşimzadə son illərdə tanış olduğum və dostlaşdığım gənc qələm adamlarındandır. Yazılarındakı özgürlük diqqətimi cəlb edib. Bir hekayəsini "Yazı"da çap etdikdən sonra daha çox yaxınlıq etdik və yazı-pozusundan daha yaxından xəbərim oldu. "İndulgensiya" kitabını oxudum. (İnşallah, vaxt tapan kimi bu kitab haqqında ayrıca bir esse yazacağam). Yəqin siz də maraqlandınız: nədir bu indulgensiya? Kitabda qeyd olunur ki, Martin Lüterin dində islahat aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Həm şəxsiyyətləri, həm yazıları ilə. Belə yerdə İNDULGENSİYA işə keçmir, amma dolanışıq, yaşayış çətinləşir. Bəs çətinlik nədən yanadır? İnsan onu aşmaq üçün yaranmayıbmı? Axı necə? Hə, onu bilmək üçün Nicatın kitabları və özü ilə tanış olmalısınız” söyləyib.
Roman barədə məlumat verən müəllif kitabın dizaynının “Kamran Həsənlinin fikrinin məhsulu” olduğunu nəzərə çatdırıb. N.Həşimzadə kitabın redaktoru Tural Turana və korrektoru Fuad Cəfərliyə, həmçinin media dəstəyi göstərən saytlara öz təşəkkürünü bildirib. Daha sonra Azad Müzəffərli, Zahid Sarıtorpaq çıxış edərək xoş sözlərini müəllifə çatdırdılar.
Sonda müəllif kitabının imza mərasiminə keçid etdi.
Qeyd edək ki, “Boşluqdan qaçış” Nicat Həşimzadənin sayca üçüncü kitabı, amma ilk romanıdır.
Xəbəri hazırladı: Təhminə Vəliyeva
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!