Platon Oyunskinin Azərbaycan dilində çap edilmiş “Qırmızı şaman” əsərinin Yakutskda təqdimatı olub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Saxa ədəbiyyatının klassiki, filosof-şair Platon Oyunskinin Azərbaycan dilində çap olunmuş “Qırmızı şaman” əsərinin Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində təqdimatı olub. Əsəri Azərbaycan dilinə jurnalist-tərcüməçi Aidə Eyvazlı çevirib. Azərbaycan dilində kitabın layihə rəhbəri və baş redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır.

 P.Oyunski adına Ədəbiyyat Muzeyində baş tutan təqdimat mərasimində Saxa Respublikasının rəsmi şəxsləri, deputatlar, xalq şairləri, mədəniyyət işçiləri, gənc yazarlar və KİV nümayəndələri iştirak ediblər.

Saxanın Xalq şairi, Saxa Yazıçılar Birliyinin başqanı Natalya Xarlampyeva mərkəzi Bakıda yerləşən Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən ötən ilin yayında kitabın Azərbaycan dilində nəşr olunduğunu diqqətə çatdırıb. O, soyuq şimal respublikasının Odlar yurdu ilə mədəni işbirliyinin tarixi köklərindən söz açıb.

Digər çıxış edənlər Platon Oyunskinin ictimai və dövlət xadimi, dilçi və ədəbiyyatçı olaraq Azərbaycan dilində danışmasını dəyərli hadisə kimi qiymətləndirib, bildiriblər ki, ədəbiyyat insanlar və ölkələr arasında ən böyük körpüdür. Eyni zamanda, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda saxalı türkoloqların da iştirak etdikləri bildirilib.

“Qırmızı şaman” kitabının layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı Saxada qarşılıqlı ədəbi-mədəni əlaqələrin artıq bir örnək təşkil etdiyini deyib. O, ədəbi-mədəni planları qarşılıqlı olaraq müzakirə etmək üçün yaxşı platforma yarandığını vurğulayıb. Əkbər Qoşalı Yakutskda Azərbaycanın yeni nəsil şairlərinin şeirlərindən ibarət kitabın, habelə “Klassiklərdən çağdaşlara Saxa” şeirinin Bakıda nəşrə hazırlanması, eləcə də “Qırmızı şaman”ın Ankarada və Nur-Sultanda nəşri məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.

Jurnalist-tərcüməçi Aida Eyvazlı Göytürk əsərlərin tərcümə prosesində baş verən maraqlı, mistik hadisələr, eləcə də Hüseyn Cavidlə eyni yüzillikdə doğulub, eyni repressiyanın qurbanı olan, əsərlərinin bir çox motivləri oxşar olan tarixi şəxsiyyətlərin yaradıcılığının məziyyətlərindən danışıb: “Əgər Cavid dövrün ağırlıqlarını “İblis” əsərində yazıbsa, Oyunski bu ağrıları “Qırmızı şaman” əsərində böyük istedad və sətiraltı eyhamlarla yazıb, gələcək nəslə yadigar qoyub”.

Oyunskinin ev muzeyində Saxanın tanınmış sənət adamları milli musiqilərini təqdim ediblər.

Sonra Saxa Respublikasının mədəniyyətyönümlü dövlət, hökumət qurumları tərəfindən azərbaycanlı yazarlara Saxa dövlət başçısı Administrasiyasının Dil Məsələləri üzrə İdarəsinin, Tattı Ulusunun İdarəsinin fəxri fərmanları təqdim edilib.

Ədəbiyyat Muzeyini ziyarət edən azərbaycanlı yazarlar P.Oyunskinin həyat və yaradıcılığını özündə əks etdirən eksponatlarla tanış olub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!