"Güney Azərbaycan nəsri" antologiyası nəşr edildi

Bu günlərdə “Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri”  antologiyasını çap etmişdir.  Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və ön sözü ilə yayınlanan antologiyaya başlangıcdan bu günə qədər Azərbaycanın Güneyində yaranmış zəngin bədii nəsr örnəklərindən seçmələr daxil edilmişdir.

Nəfis tərtibatla nəşr edilən kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış, görkəmli simaları ilə yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış, Valeh Şiri, Məlihə Əzizpur, Ruqiyyə Səfəri, Ulduz Sadiq, Saleh Ətayi, İlqar Müəzzinzadə və b. kimi gənc yazıçıların yaradıcılığı da yer almışdır.

Antologiyaya daxil edilən bədii nəsr örnəkləri janr baxımından rəngarəngdir. Burada hekayə, miniatür, mənsur şeir, memuar, həmçinin romanlardan verilmiş parçalar əksini tapmışdır.

Bütövlükdə Güney Azərbaycanın türk və fars dillərində yaranan bədii örnəklərini əhatə edən antologiyada ayrı-ayrı müəlliflərin fotosu və haqqında yığcam məlumat da verilmişdir. Ədəbi əsərlərin seçimində mümkün qədər bədii və milli dəyər daşıyan örnəklərə üstünlük verilmişdir.

Kitabın nəşri parçalanmış Vətənin diqqətdən kənarda qalan zəngin ədəbi irsinin sistemli şəkildə tanıdılması, Bütöv Azərbaycan bədii nəsrinin canlı mənzərəsinin yaradılması məramına söykənir.

Hazırda ingilis dilinə tərcümə edilən antologiyanın gələn il Amerikada nəşr olunması nəzərdə tutulmuşdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!