Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Sarayevo şəhərində elmi ezamiyyətdə olub.
Elmi ezamiyyəti zamanı Ə.Bağırov Sarayevo şəhərində yerləşən Milli və Universitet Kitabxanasında Universitet alimləri qarşısında İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar məruzə ilə çıxış edib.
Çıxışında, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu deyən Ə.Bağırov, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinin Azərbaycan tərəfindən ölkəmizdə və bütün dünyada qeyd edildiyini vurğuladı. Dahi Azərbaycan şairi İmadəddin Nəsimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən Ə.Bağırov, Nəsimin Suriyanın Hələb şəhərində, nəsimişünasların gəldiyi nəticəyə görə, dini örtüklə pərdələnmiş siyasi motivlər səbəbi ilə faciəli şəkildə qətlə yetirildiyini bildirib. Nəsiminin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini vurğulayan alim, bu şeirlərin Bosniya və Herseqovinanın yerli dillərinə də tərcümə edilməsi ilə bağlı alim-tərcüməçilərlə danışıqlar aparıldığını qeyd edib. Sonda Ə.Bağırov bütün tədbir iştirakçılarına, xüsusən Bosniya və Herseqovinada olduğu bir ay müddətində milli irsin bərpası məqsədilə başlanmış bu işdə ona dəstək olmuş bosniyalı və eləcə də azərbaycanlı həmkarlarına dərin təşəkkürünü bildirib. Ə.Bağırovun məruzəsinin yerli dildə olan mətni tədbir iştirakçılarına paylanılıb.
Həmçinin tədbirdə Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina da çıxış edib. O, çıxışında əlyazmaların tədqiqi sahəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında qurulmuş əməkdaşlıqdan məmnun qaldığını diqqətə çatdırıb. Bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini qeyd edən İ.Ovçina, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinə və AMEA-nın rəhbərliyinə minnətdarlığını xüsusi olaraq vurğulayıb, bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.
Əkrəm Bağırov Bosniya və Herseqovinaya elmi ezamiyyəti zamanı bir çox görüşlər keçirib, tədqiqat aparmaq üçün Sarayevo şəhərində yerləşən bir necə kitabxana və arxivlərdə olub, eləcə də ölkənin Mostar və Visoko şəhərlərinə səfərlər edib.
Ə.Bağırovun tədqiqatı zamanı müəllifləri azərbaycanlı olan əlyazmalar aşkar olunub. Kitabxana kataloqlarında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Mahmud Şəbüstəri, Vəhid Təbrizi, Seyid Yahya Şirvani, Nəsirəddin Tusi, Qasim Ənvar, Hinduşah Naxçivani, Şəms Təbrizi, Şərəfəddin Rami kimi elmə bəlli olan məşhur azərbaycanlılardan əlavə, az tanınan, bəlkə də əsərlərinin yeganə əlyazma nüsxəsi bu kitabxanada olan və nisbələri Təbrizi, Ərdəbili, Zəncan, Xalxali və sair olan müəlliflərin də adlarına rast gəlinib.
Elmi ezamiyyətin nəticəsi olaraq, Əkrəm Bağırov Bosniya və Herseqovinada olduğu müddətdə 15 minə qədər əlyazmanın içərisindən Azərbaycan müəlliflərinin 150-yə qədər əlyazmasını aşkarlayıb. Bu müəlliflər içərisində tanınmış və məşhur Azərbaycan klassikləri ilə yanaşı, yeni adlar da tapılıb.
Həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Sarayevo şəhərindəki üç mühüm müəssisə - Qazi Xosrov bəy Kitabxanası, Milli və Universitet Kitabxanası, eləcə də Sarayevo Tarix Arxivi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Əkrəm Bağırov Bosniya və Herseqovinada bir ay müddətində apardığı fəaliyyəti yerli KİV-də geniş işıqlandırılıb. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!