Amma... Ancaq... Lakin... - Ədəbi qeydlər - Qan Turalı

V hissə

Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə də qalır. Yarımçıq yazıdan bir qəlpə kimi... Bəziləri hansısa bir kitabı bitirdikdən sonra başlayan sükut dolu dəqiqələrin diktəsiylə yazılan yazılır. Ya da bir axşam Günəşin qürubunu izlərkən ürəyimə daman məqamlardan süzülür. Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu... Bəzən ədəbiyyat, bəzən cəmiyyət, bəzən isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin  stenoqramması...

Bir məşhur filosof var, soyadı Kontdur. Oqyüst Kont. Onun adı rastıma çıxanda professorumuzu xatırlayıram. Kantla Kontu səhv salırdı. Kont elə məşhur filosof deyil. Ya da belə deyək, Kant qədər məşhur deyil. Bu məşhur olmayan Kont məşhur bir fikir deyib. Bəşər tarixini üç yerə bölürmüş. Lap əvvəl din dövrüdür, bu dövrdə insanlara hər şeyi teoloji səbəblərlə izah edirdilər. Sonra fəlsəfə dövrü gəlir, ya da metafizika.  Və Kont öz yaşadığı dövrü pozitivizim dövrü adlandırır. Yəni elm dövrü. İlk baxışdan çox sadə görünən bir bölgüdür.

Bəs indi necədir? Açıq danışsaq, sadə olduğu qədər kobud da bir bölgüdür. Amma həqiqət payı da az deyil. Bu gün əslində insanlar bir çox şeyi elmlə izah etməyə çalışırlar. Di gəl ki, ilk iki dövrün adamları da hələ yaşayır. Bəlkə də cəmiyyətimizin travmatik vəziyyətinin bir izahı budur. Bir tərəfdə pozitivizm dövrünün insanları, digər tərəfdə isə teologiyanın. Fakt da budur ki, biz cəmiyyətdə dinin yerini düzgün müəyyən edə bilmirik. Bir qism insanın əlində hakimiyyət olsa az qala fizika dərsini də ləğv edərlər. Ya da bu başıbəlalı Təkamül nəzəriyyəsini.

Halbuki elmin fəaliyyət sahələrinə dinin müdaxiləsi yolverilməzdir. Çünki elm özü-özlüyündə mütləq həqiqətin varlığını inkar edir. Elmin gəldiyi nəticələr birmənalı deyil. Sabah bu gün həqiqət kimi qəbul edilən nəzəriyyə sabah Popperin dediyi kimi, fəaliyyət sahəsi məhdudlaşdırıla, əhatə dairəsi kiçilə bilər. Yeniyə olan inam elmi bu gün hamıdan çox aktual edir. Din isə məlum olduğu kimi doqmalara əsaslanır. Və ən pisi elmdən ideoloji məqsədlərlə istifadə etməkdir. Tarixdə din başqa mənalarda istifadə olunub. Misal üçün siyasət tərəfindən. İndi isə elmi bu oyuna salmaq istəyirlər. Halbuki elmin Tanrını inkar ya da təsdiq etmək kimi bir vəzifəsi ola bilməz. Elmi faktlar da bu məqsədlə mənbə ola bilməz. Tanrının varlığı elmi bir məsələ deyil. Bunu heç bir alim inkar edə bilmdəyi kimi təsdiq də edə bilmir.

Tutaq ki, elm dünyanın meydana gəlməsi ilə bağlı yeni nəzəriyyələr yaradır. Amma o, tutaq ki, böyük partlayışın Tanrının əmri ilə olduğu barədə dinin irəli sürdüyü tezisi nə inkar, nə də təsdiq edə bilir. Bu mənada din və elmi yanaşı yazmaqdan vaz keçərək hər birinə müxtəlif təfəkkür sahəsi kimi baxmaq lazımdır. Elm din, eləcə də ideologiya yolunda vasitəyə çevrildikcə hörmətdən düşdüyü kimi, dindarların da özlərini müdafiə etmək, tezisləri əsaslandırmaq üçün elmi faktlara istinad etmələri dinin özünə qarşı hörmətsizlikdir. Biz bu sadə həqiqəti qavramalıyıq. Və əlbəttə ki... Biz Kontun dediyi kimi, elm dövründə yaşayırıq.

*  * *

Fikrət Sadığın çoxdan oxuduğum bir şeiri vardı. Təqribi məzmunu belə idi ki, Bakıda deyirəm Şamaxıdanam, Moskvada deyirəm Azərbaycandan. Xaricdə deyirəm SSRİ-dənəm, bir gün kosmosa çıxsam deyərəm ki, mən Yer oğluyam. O gün televizorda bir professorun çıxışına qulaq asanda az qala 20 il əvvəl oxuduğum bu şeiri xatırladım. Professor deyirdi ki, Yer kürəsini götürmüş etnik, dini, ideoloji mübarizələri ləğv etməyin bircə yolu var. Kosmosdan hansısa bir məxluqat bizə hücum eləsə, biz bizi bir-birimizdən ayıran bütün bu şeyləri kənara qoyub hamımız yerli (amma kiçik hərflə) , Yer planetinin sakini kimi düşmənlərə qarşı birləşəcəyik.

Fikrət Sadıq bu şeiri soyuq müharibə illərində yazmışdı.

Allah sənə rəhmət eləsin, Fikrət Sadıq...

*  * *

"Bacım ərə gedəndə çox sevinirdim. Artıq çarpayıda tək yatacaqdım və bütün otaq mənim olacaqdı. Geyim şkafına isə istədiyim əşyamı qoyacaqdım. Toy axşamı evə gəldim, çarpayıya özümü atdım. Bütün yorğan-döşəyi qucaqladım. Və səhər keçirəcəyim hisslərdən xəbərsiz şirin yuxuya getdim.

Səhər duran kimi şkafın hər iki qapısını hikkə ilə açdım və bacımın qoxusu otağa dağıldı. O qoxu məni elə hönkürtdü, elə hönkürtdü… O qoxuda bacımı itirmək qorxusu, yalnızlıq və təklik var idi sanki. Qoxunun məni tərk edəcəyindən qorxurdum. Bacımın getdiyinə üzülürdüm, qınıyırdım tək məni qoydu deyə. O qoxu uşaqlığımızı və böyüdüyümü xatırlatdı mənə... O qoxunu dünyanın heç bir ətri, heç bir qoxusu əvəzləyə bilməz. Unutdura bilməz. Bilirsiz, bacımda hələ də o qoxu qalıb… Mən həmin gün doğmalığın nə olduğunu anladım".

(Mələk Heydərovanın "Bizdə qadın" kitabından)

Doğrudan da nəsrimiz kişilərin əllərindədir. Ol səbəbdən bu cür gözəl etirafları, bu cür dərin və təlatümlü, bir az da çocuqca olan hisslərlə çox nadir hallarda rastlaşırıq.

*  * *

"Hər operatorun özünün rejissoru var. Hər operatorun rejissorlara öz münasibəti var. Mənim çalışdığım rejissorlar dünyalarını dəyişib. Rasim Ocaqov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov və b. Təzə peyda olan rejissorlarla mənimki tutmaz... Nə isə, baxarıq..." 

Məşhur kinooperatorumuz Kənan Məmmədovun müsahibəsindəndir. Bəzən sənətkarın yolunu dostları aparan Əzrayıl da kəsir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!