Edebiyyatqazeti.az xəbər verir ki, Kəngərli Aləm Qulu oğlunun “Qatarda 18 əhvalat” adlı yeni kitabı oxucuların ixtiyarına verilib.
Kitab “Qanun” nəşriyyatında çap olunub. Bu, “Naməlum adam”dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır.
Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cavanşir Yusiflidir.
Kitabın Ön sözündə professor Cavanşir Yusifli belə yazır: “İnsan yazmağa başladığı an həyatında yeni səhifə açılır. Bu ana qədər keçirdiyi həyəcan, çəkdiyi iztirab, tuş gəldiyi haqsızlıqlar, ürəyini riqqətə gətirən təbəssümlər başqa bir şəkildə ağ vərəqin köksündə tumurcuqlanmağa başlayır. Doğrudan çox maraqlıdır, sənə məlum olan, az qala hər cizgisini tanıdığın hislərin, duyğu və fikirlərin yazıda başqa, tam fərqli şəkildə görünməsi, şəkillənməsi içindən, bəzən də yanından keçdiyimiz həyatın qəribəliklərlə dolu olduğunu təsdiqləyir. Bu mənada hekayə janrı unikal keyfiyyətlərə malikdir, həyatın hansısa çox adi, bəzən nadir hallarda rastlanan məqamını tutub yazmaq özün də bilmədən onu və onunla birlikdə ömür mətninin gizlində qalan nöqtələrini kəşf etməyə gətirib çıxarır. Kimlərsə hekayəni kaleydoskopla müqayisə edir, çevrir, fərladır, içindəki rəngbərəng zərrəcikləri tanıyır və zənn edirsən ki, həyatın, gerçəklik və dünyanın dərinliklərinə enə bildin. Ancaq bu kimi hislər aldadıcı da ola bilər. Çünki nə həyat, nə də hekayə kaleydoskop deyildir, hekayə qəlbinə, ruhuna, yaddaşına köçən həyatın bir məqamının başqalaşması, çevrilməsidir. Kafkanın “Körpü” adında bir hekayəsi var – qoca, ixtiyar kişi uzun illər boyu üstünü ot basmış körpüdən keçir. Bu keçid bir andır, ancaq onun hər zərrəsi bölünərək özünü göstərir, əlindəki əsayla körpüyə astaca toxunan ixtiyar onun indicə uça biləcəyini xəyalından keçirir. Çünki körpü illər boyu bunun həsrətini çəkmişdi: kimsə ona toxunsun, üstündən keçsin... Körpü indicə uçacaq. İxtiyar kişi... elə o da yaşının, həyatının ölümlə təmas məqamındadır, qəlbi o qədər həsrətlə dolub ki, ani toxunuşdan uçub-dağıla bilər.
Hekayə bu mənada digər janrlardan fərqlənir, həcm anlayışını arxada buraxır, sənə həyatın elə tərəflərini, yaxud indiyə qədər gizli qalan cizgilərini göstərir ki, özünü kiminsə iztirab və sevincinə toxunmuş kimi hiss edirsən. Aləm Kəngərlinin hekayələri bu mənada həm ənənəvi, həm də orijinaldır. Bu mətnlərdən söz açmazdan qabaq bir ayrıntıya diqqətinizi cəlb edim.
Ümumi “hekayə anlayışı” var, ancaq bu anlayış müəllifdən müəllifə dəyişir, təkcə ona görə yox ki, hər bir hekayə müəllifi ora öz qəlbini, ruhundan hansısa riqqətli məqamları qoyur. Daha çox ona görə ki, yazı prosesində hər bir müəllif özünəməxsus yol seçir – nəyi təlqin etməli, açıq, yoxsa gizli yollarla addımlamalı? Bu fikir ilk baxışdan təəccüblü görünə bilər, ancaq yazı prosesi, mətləbi ifadə etmək, ötürmək üsulu bəlkə müəllif özü də bilmədən bir anın içində həll edilir. Demək, yazı prosesində müəllifin niyyəti mətnin poetik sistemini bəlləyən amillərdəndir.
Aləmin hekayələrinin (on səkkiz hekayə-!) hamısını oxudum. Bu hekayələrin hər birində əhvalatlar, müxtəlif insanların, ailələrin başına gələn vaqeələr sadə dillə nəql edilir. Burda bir məqamı da vurğulamaq lazımdır. Nəsrə çevrilən “hekayət” yuxarıda qeyd edilən müəlılif niyyətindən başqa, tam fərqli keyfiyyətləri də ifadə edir. Həyatda rastlaşdığımız hansısa hadisəni analiz edib ona “yalan”, yaxud “həqiqət” etiketlərindən birini yapışdıra bilərik. Ancaq qəribə görünsə də bədii mətndəki “hekayət” anlamı (yaxud hadisə...) eyni zamanda həm yalanı, həm də həqiqəti ifadə edə bilər. Yəni, oxucu bu hekayəni oxuduqca ona öz hislərini qatır, hekayə bir ərazi, bir qəlb dünyası kimi genişlənə, darala, başqa sözlə təbii ölçülərini dəyişə bilər. Bu mənada Avropada “yeni roman” cərəyanının nümayəndələrindən biri – Mişel Bütorun dediklkəri maraq doğurur: “Biz hər an hekayənin daxilində realla xəyali olan şeyin arasında fərq qoymağa məcburuq, bu son dərəcə kövrək, az qala “deşik-deşik” olan bir sərhəddir, həmişə dayanmadan “arxaya çəkilən” bir sərhəddir, çünki dünən həqiqət adına qəbul etdiklərimiz, əcdadlarımızdan bizə ötürülən “elm”, bir sözlə, dünən həqiqi görünənlər bu gün xəyali gerçəkliyə çevrilir. Bu fərqin, bu “mərz”in aradan götürülməsinə yol vermək mümkün deyildir. Təxəyyülə “qamçı” vurun, o dördnala çapacaq, həqiqəti deməyin yeganə üsulu elə həqiqət axtarışına çıxmaqdır, bu, metodik şəkildə gördüyümüz, rastlaşdığımız adamlarla, danışdığımız informasiyalarla üzləşib toqquşmağımızdır. Qısası, bu elə hekayə üzərində bir növ işləməkdir.”
Aləm Kəngərli bu kitaba sığınan on səkkiz hekayəsində həqiqət axtarışına çıxır, bu mətnlərdə istənilən hadisəylə rastlaşa bilrəsiniz – sevgi tarixçələrindən, peşmançılıq ifadə edən hadisələrə, bu günün, dünənin ürək sıxan incəliklərindən gələcəyin robot texnikasına qədər. Yəni, Aləmin on səkkiz hekayəsi nə qədər fərqli məqamlardan bəhs etsə də, onları birləşdirən bağlar hər an göz önündə olur, insanların, deyək ahıl kişilərin sanatoriyada davranışları, min bir əziyyətlə böyütdüyü övladlarını bir yana çıxarmaq üçün tanrıdan ömür diləyən insanların sanatoriyada rüşvət kimi hallarla rastlaşması, cəmiyyətin, həyatın özünün nə dərəcə sağlam olmaması ilə rastlaşmaları... başqa bir hekayədə personajın qənaəti ilə kəsişir: ümid işığının düşdüyü yerlərə diqqətdə saxlamaq lazımdır. Yəni, hansısa məqam hekayələrdə təsadüfi seçilsə də onun anlatdığı cəhət, ümid, yaxud kədər aşıladığı cizgilər hekayə məkanında mütləq rastlaşır, müəyyən proyeksiyada bir-birlərini tamamlayırlar. “Missiya” hekayəsində Sevil müəllimənin təlaşı “Sanatoriyada” hekayəsindəki ahıl kişinin daxili gərginliyi ilə üzvi şəkildə qovuşur. Yaxud “Ehsan”, “Qonaq”, “Oğru” və sair hekayələri götürün. Sevil müəllimənin övladı yoxdur, körpə təbəssümünə həsrətdir. Ancaq o, sinifdə şagirdlərinə öz övladı kimi baxır, onların üstündə əsir, qayğısını əsirgəmir. Əlaçı şagirdlərin – ayrı-ayrı siniflərdə oxuyan qardaşla bacının birdən-birdən küskünləşməsi, dərslərə hazırlıqsız gəlmələri onu dərindən narahat edir. Astma xəstliyinə tutulan Sevil müəllimə övladı olmadığına görə evdəki gərginliyə rəğmən bu qardaş-bacının ailəsinə baş çəkmək qərarına gəlir. Məlum olur ki, ailə faciə içindədir. Valideynlər boşanır. Bu hekayə, müəllifin həyatdan seçib ayırdığı əhvalat “Dilənci”, “O olmasın, bu olsun”, “Kupedə”, “Oğru”, “Ehsan” və sair hekayələrdəki incə nüanslarla birləşir, yəni Aləm Kəngərlinin bu əhvalatlarının hamısını bir yerdə əvvəldən sona qədər oxumaq lazımdır . Bu kitabın ən önəmli cəhəti mətnlərin ayrı-ayrılıqda və bir yerdə - bütöv bir mətn kimi oxunma xüsusiyyətinin olmasıdır. “Oğru” hekayəsindəki yeddi-səkkiz yaşlarındakı qız uşağı elə “Missiya” hekayəsindən bu mətn məkanına keçid edib. Ailəsi ehtiyac içində yaşadığından uşaq marketdən oğruluq edir. Marketdən şokolad oğurlayıb qoynuna qoyur, çıxanda nəzarətçi biləyindən yapışır. Onu dövrələyən müştərilən hərəsi bir söz deyir, qıza üərk yandırır, onu sərt nəzarətçinin və müdirin əlindən almağa çalışırlar. Ancaq müdirin təklifi onları pərən-pərən salır... “Ehsan” hekayəsində kənd həyatına məxsus adi əhvalat rəsm edilib. Hekayədə kənddəki mənzərə çox xəsisliklə verilir. Bunun əksinə, insanların xisləti, onların sükutla bu və ya digər davranışa rekasiyaları həmin təbiət mənzərəsinin yerini tam fərqli nüanslarla doldurur. Kənddə həyat, təbii landşaft ... elədir ki, hər kəs öz yerində görsənir, pis adamı, xeyrə-şərə qarışmayan, ya da dələduzu hamı dəqiq tanıyır, ancaq pozulmayan qanunlar da var, camaat bu prinsiplərə bilmərrə əməl edirlər, çünki əsas olan budur – həyat, ömür ibrət dərsidir, kimsə bunu vecinə almasa da. Özünün və atasının kənddə məlum səbəblərə görə sevilmədiyini bilən oğul tək qalmır, atası ağır xəstəliklə dünyasını dəyişdiyi gün kənd əhli onu tək qoymur, onun sevinci bu dar məcalda çox həqiqətləri üzə çıxarır. Bu hekayələrdə insan xarakteri ən müxtəlif situasiyalarda və fərqli gərginlik dozalarında sınağa çəkilir. Bəzən gərginlik o həddə çatır ki, insan özünü dara çəkilmiş kimi hiss edir. Neyləməli, ölüm qapını kəsdirib, güc, taqət yox, cavanlıq enerjisi süstlüklə, xəstəliklərlə əvəz edilib. Bu hekayələrdən birində arvad-uşağını, ata-anasını kənddə buraxaraq Rusiyaya getmiş, orada təzə ailə qurmuş kişinin aqibəti bizi kədərləndirir. İnsan gücünün aşıb-daşdığı anlarda buraxdığı səhvləri saya saymır, qocalıb əldən düşəndə günahını anlayır və qəti addım atmaq qərarına gəlir. Ancaq bu qəti addımdan həyatı sına, ömrü çiliklənə bilər. Yuxarıdakı “Körpü” hekayəsini xatırlayın. Körpü adicə təmasa həsrətdir, bu həsrətin onun belini qırmasından xəbəri yoxdur, adi səs, qocanın nəfəs dərməsindən uçub-dağıla bilər...
Aləm Kəngərlinin hekayələrindəki məqamlar insan həyatının munis, görk olası məqamlarıdır”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!