Professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib.

           

Edebiyyatqazeti.az xəbər verir ki, Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Azərbaycan Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib.  

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən mərasimi universitetin rektoru, professor Abdujabbor Abduvaxidov açaraq Hafiz Paşayevin həyat, diplomatik fəaliyyəti haqqında məlumat verib, özbək dilində çap olunan bu kitabın əhəmiyyətindən danışıb. Rektor “Bir səfirin manifesti” kitabının həm gənc, həm də professional diplomatlar üçün dəyərli dərslik olacağını əmin olduğunu bildirib.

Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadık Safoyev Özbəkistanda “Bir səfirin manifesti” kitabının çap edilməsi münasibətlə Hafiz Paşayevi təbrik edib, Amerika Birləşmiş Ştatlarında səfir kimi fəaliyyət göstərdiyi illərdə dostluq əlaqələrindən danışıb.

S.Safoyev vurğulayıb ki, ixtisasca fizik olan Hafiz Paşayev Bakıda dünya standartlarına uyğun ADA Universiteti yaradıb və uğurla rəhbərlik edir. Bu onu göstərir ki, o həm alim, uğurlu diplomat, həm də müəllim keyfiyyətlərinə malikdir. ADA Universitetində dünyanın müxtəlif ölkələrindən gələn gənclər təhsil alır.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Hafiz Paşayevin diplomatik xidməti haqqında söhbət açıb. Deyilib ki, H.Paşayev ABŞ-da səfir işlədiyi dövrdə Azərbaycan həqiqətlərinin yayılması və təbliği sahəsində böyük işlər görüb, Bu gün ABŞ-nın 20 ştatı Xocalı faciəsini soyqırım kimi tanıyıb və bu işdə H.Paşayevin əməyi danılmazdır. Səfir çıxışında dünyanın 16 ölkəsinin Xocalı faciəsini soyqırım olaraq tanıması və bu göstəricinin də Azərbaycan diplomatiyasının uğuru olduğunu qeyd edib.

Öz çıxışında müəllif Hafiz Paşayev kitabın çapında dəstəyə görə təşəkkürünü bildirib, əsərin yaranması haqqında məlumat verib. O ABŞ-da səfir kimi fəaliyyəti, ADA Universitetinin yaradılması və fəaliyyəti haqqında söhbət açıb. Diplomat bildirib ki, universitetdə dörd istiqamət üzrə kadrlar hazırlanır. Vurğulanıb ki, hazırda universitetdə 2500 tələbə təhsil alır, məzunlarımızın 80 faizi işlə təmin olunur. H.Paşayev deyib:”Biz nə ediriksə ölkəmizin sabahı üçün edirik, Azərbaycanın gələcəyi üçün edirik”.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyətinə dair son 6 ildə özbək dilində çap etdirdiyi 60 adda kitabdan ibarət kolleksiyanı universitetin kitabxanasına hədiyyə edib.

Təqdimatın sonunda Hafiz Paşayev “Bir səfirin manifesti” kitabını avtoqrafla tələbə və müəllimlərə hədiyyə edib.

                      


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!