Edebiyyatqazeti.az xəbər verir ki, görkəmli publisist, yazıçı, dramaturq, ictimai xadim Mirzə Bala Məhəmmədzadənin anadan olmasının 120 illik yubiley münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Zirə Mədəniyyət Mərkəzi Eko-Park və Zirə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Zirədə Mirzə Bala Günü” təşkil edilmişdir.
Öncə M. B. Məhəmmədzadənin adı verilmiş Xəzər rayonu Zirə qəsəbəsinin əsas küçələrdən birində barelyefin açılışı olmuşdur. Daha sonra tədbiri təbrik sözü ilə Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq qonaqları salamlamış, Zirə qəsəbəsində görülmüş quruculuq işləri, inkişafdan söz açmışdır. Daha sonra Xəzər İcra hakimiyyətinin nümayəndəsi Arif Balayev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxış etmişlər.
Tədbirin ikinci hissəsi Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın konfrans zalında baş tutmuşdur. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış sözü ilə açaraq Mirzə Bala və Cümhuriyyət qurucuları barədə danışmış, yazıçı İlqar Fəhmi “Mirzə Bala Məhəmmədzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Mirzə Bala Məhəmmədzadənin Bakı dövrü həyatı və yaradıcılığı” mövzusunda məruzə etmişlər.
Daha sonra akademik Nizami Cəfərov, Teymur Kərimli, professor Cahangir Məmmədli və Nəsir Əhmədli çıxış etmiş, Azərbaycan Cümhuriyyətinin 1920-ci il İsmailliyyə binasında dalğalanmış bayrağını “Qızıl Ordu” əsgərlərindən xilas edərək qoruyub mühacirətə aparmış Mirzə Bala Məhəmmədzadə irsini, onun məkubları, xatirələri, şəkillərini Azərbaycana qaytarmış Əfqan Vəliyev, Mirzə Bala Məhəmmədzadə barəsində geniş söz açmışdır.
Tədbir boyu Mirzə Bala Məhəmmədzadənin 120 illiyinə həsr edilmiş slaydlar nümayiş etdirilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!