Mehmanxanada ölən var - Luidci PİRANDELLO

Ədəbiyyat üzrə otuz dördüncü nobelçi - 1934

1867-cı ilin 28 iyununda Circentidə - indiki Aqricentoda varlı ailədə anadan olub. İtalyan yazıçısı və dramaturqudur. İlk təhslini evdə alıb, ailə qulluqçusu Mariya Stellanın uşaqkən ona söylədiyi nağıllardan, əfsanələrdən çox təsirlənib. Daha sonra texniki təhsil almaqçün liseyə daxil olub, az sonra təhsilini humanitar sahəyə dəyişib. Luidci 1880-ci ildə Palermoda gimnaziya bitirib, elə bu şəhərdə də ədəbiyyat cameəsinə daxil olub, yaradıcılığa başlayıb. Müxtəlif illərdə qələmə aldığı "Məngənə" (1910), "Özgələr üçün həqiqət" (1915), "Liola" (1916), "Bardaq" (1917), "Bu ciddi deyil" (1919), "Axmaq" (1922), "Özgə oğul" (1923), "Ögey oğul haqqıənda əfsanə" (1934) və digər əsərləri yazıçıya böyük şöhrət qazandırıb.

1934-cü ildə ədəbiyyat üzrə otuz dördüncü Nobel mükafatına layiq görülən yazıçıya mükafat "yaradıcılıq cəsarətinə, yenilikçiliyinə, dramaturgiya və səhnə əsərlərindəki ruha görə" təqdim edilib.
Luidci Pirandello 1936-cı ilin 10 dekabrda Romada vəfat edib.

 

Mehmanxanada ölən var
            (Novella)

Yüz əlli otaq. Üç mərtəbə. Eyni görünüşlü üç sıra pəncərə; pəncərələrdə nazik barmaqlıqlar, kip bağlanan, taybatay açıq qalan, ya da yarıyadək açıq olan boz rəngli tor çərçivələr.

Fasad cəzbedici deyil, qətiyyən ürəyə yatmır. Amma ürəyə yatmamağıyla belə küçədən baxanda hərəsi əlli ədəd olmaqla üç sıra düzülən yüz əlli pəncərənin qarşısında qaynaşan adamların hərəkətləri maraqlı görünür.

Hər halda bu, çox yaxşı və münasib mehmanxanadı; lifti var, diribaş lakeyləri müştərilərə xidmət eləyir,  rahat yataqları, yaxşı restoranı, hətta müşətərilərin rahatlığıyçün avtomobili də var. Çoxu qiymətlərin bahalığından şikayətlənir... Amma son nəticədə hamı digər mehmanxanalardakı qiymətlərin ucuzluğunu etiraf etsələr də, aradakı fərqin yerlə-göy qədər olduğunu bildirirlər; bundan əlavə, mehmanxana şəhərin lap mərkəzində, insanların ən gur yerindədi, bunun özü də balaca üstünlük deyil. Müştərilərin qiymət bahalığından şikayəti mehmanxana sahibini qətiyyən narahat eləmir, çünki o, heç kəsi zorla tutub saxlamır. Onsuz da mehmanaxada adam əlindən tərpənmək olmur. Səhərlər paraxod limana yan alanda, ya da axşamlar qatarlar gələndə qonaqların çoxu digər mehmanxanalara üz tutmalı olurlar, bu heç də müştərilərin mehmanxananı bəyənmədiklərindən deyil, sadəcə boş otaq olmadığından əlacsız qalırlar.

Bu mehmanxanada ticarət agentləri, kiçik iş adamları, ticarət işlərindən ötrü, ya da məhkəməyə şikayət eləməkçün, ya da elə özünü həkimə göstərməkçün əyalətdən gələnlər - heç biri də uzun müddət qalmır, üç-dörd gün, ya da ondan da az - qalır. Bəzən çoxusu elə bir sutka qalıb gedir.

Bu mehmanxanada kiçik çamadanların sayı çox, irilərin sayı azdır.

Gələnlər gəlir, gedənlər gedir, səhərdən gecə yarıyadək adamlar bir-birini əvəz eləyir. İşin çoxluğundan mehmanxana müdirinin başı gicəllənir. Nəfəsini dərməyə macal tapmamış boş otaqlar qurtarır. Heç iki dəqiqə - ya da üç, dörd, beş dəqiqə keçməmiş bir qədər əvvəl dolu olan otaqlar boşalır! On beş saylı otaq birinci mərtəbədədir... Otuz ikinci ikinici mərtəbədə... İkinci, iyirminci, qırx beşinci otaqlar - üçüncü mərtəbədə... Budur, iki nəfər də gəldi! Elə də olur ki, kimsə lap gec gəlir, amma qismətinə birinci mərtəbədəki yaxşı otaqlardan biri düşür; bir başqası ondan bir dəqiqə əvvəl gəlir, amma lap üst qatdakı əlli birinci otaqla kifayətlənməli olur. (Hər mərtəbədə əlli otaq var, hərəsində də bir dənə əlli bir saylı otaq, çünki mərtəbələrin heç birində on yeddinci otaq yoxdur, on altıncı otaqdan sonra on səkkizinci otaq gəlir. Səbəb, on yeddi rəqəminin uğursuzluğudur.)

Bu otaqlarda mehmanxanada tez-tez olanlar qalır; onlar dəhliz xidmətçisini adıyla çağırır, başqalarından - yəni adları otaqların nömrələriylə çağırılanlardan fərqli olaraq şəxsən tanınmaqlarıyla lovğalanırlar. Bu adamların ev-eşiyi yoxdur, il boyu çamadanlarını qoltuqalrına vurub səyahət eləyirlər, demək olar ki, çamadandan ayrılmırlar, onlarçün hər yer xoşdur, hər şeyə alışıblar, həmişə özlərindən razı gəzirlər.

Təzə gələnlərsə sıxılır. Narahat olur, özlərini itirir, çaş-baş qalırlar. Onlar sadəcə doğma yerlərdən yox, elə özlərindən də ayrı düşənlərdi. Vərdişlərindən, adət elədikləri şəraitdən və varlıqlarını təsdiq edən, kasıb dünyalarının bir parçası olan əşyalardan ayrı düşüblər. Özlərini tanıya bilmirlər, sanki hər şey donub qalıb, hər şey qəribə bir boşluğa düşüb və onlar bu boşluğu doldurmağın təhərini bilmirlər; ən çox da adi bir şeydən ötrü adi əşyaların belə mahiyyətini dəyişə biləcəyindən, nəsə qeyri-adi fikrə, yad bir arzuya çevriləcəyindən  ehtiyat eləyirlər. Bu qəribə, müəmmalı, yeni həqiqətlər onlara maraqlı görünür; bu maraq təkcə onların ətrafında dolaşmır, bu maraq onların ruhuna da çöküb.

Sübh tezdən onları dəhlizdə ora-bura qaçanların səsi, bir də küçədən gələn hay-küy oyadacaq. Tezcə yerlərindən qalxıb işlərinin dalınca gedəcəklər. Amma hələ ki, hər yer bağlıdır. Vəkil bir saata ancaq gəlib çıxar; həkim saat onun yarısından tez heç kəsi qəbul eləmir. Bütün işlərini görüb qurtarandan sonra yorğunluqdan və əsəbdən özlərindən asılı olmayaraq, yenə mehmanxanadakı otaqlara qayıdırlar; qatarın yola düşməyinə hələ iki-üç saat var! Otaqda var-gəl eləyirlər, ağır-ağır nəfəs alırlar, yatağa baxırlar - yox, uzanmaq istəmirlər; kresloya, divana baxırlar - yox, oturmaq da istəmirlər. Nə qəribə çarpayıdı! Elə divan da qəribədir... Hələ bir güzgüyə bax, bu ki, lap dəhşətdir! Bu əşyalar onların yadına unutduqlarını salır: ülgüc almalıdır, arvadıyçün corabbağı, itçün boyunluq... Dəhliz xidmətçisini çağırırlar.

-Boyunluq lazımdır, üstündə belə, balaca metal lövhə olsun, ad yazmaqçün...

-Kimin adını? İtin?

-Yox, mənim. Hə, bir də ünvan yazmaqçün.

Dəhliz xidmətçilərinə müxtəlif tapşırıqlar verirlər! Hər an, hər dəqiqə, bir an belə dinclik yoxdur - o qədər iş-gücləri, o qədər qayğıları var ki... Bax, məsəlçün, ikinci mərtəbədəki on ikinci otaqda matəm libaslı bir qarı qalır, bu vaxta qədər heç vax evdən bayıra çıxmayıb, indi Amerikaya getməyə hazırlaşır, sənsə onun dəniz adamı yırğalayır, ya da yox sualına mütləq cavab verməlisən. Qarı dünən axşam gəlib, yorulub əldən düşüb, gələndə hər iki qolundan övladları yapışmışdı - oğluyla qızı, onlar da matəm libasındaydılar.

Hər bazar ertəsi mehmanxana sahibi boş otaqların dəqiq sayıyla maraqlanır. Məsələ ondadır ki, bu vaxt Genuyadan bir paraxod gəlir, Amerikadan qayıdan italyanları gətirir, eyni vaxtda cənub istiqamətdən də bir qatar gəlir, özü də həmişə dolu olur.

Elə dünən axşam da on beş nəfərə qədər adam gəldi. Cəmi dördünü yerbəyer eləmək oldu, çünki cəmi iki boş otaq qalmışdı, iksi də ikinci mərtəbədə. On ikinci otağı qarıyla bərabər onun uşaqlarına verdilər, on üçüncünü - qonşu otağı isə Genuyadan gələn bir cənaba.

İnzibatçı qeydiyyat kitabında yazdı:

Sinyor Persika Covanni, anası və bacısı ilə, Viktoriyadan gəlib.

Sinyor Funardu Rozario, Nyu-Yorkdan gələn iş adamı.

Matəm libaslı qarı digər ailədən - onlar da üç nəfərdi - ayrı düşdüyü üçün məyus olur. Onlar birlikdə qatarla yol gəliblər, bu mehmanxananı da təzə tanışlar ona məsləhət bilib. Qarı o biri müştərilərin bir qədər əvvəl, bir qədər deyəndə ki, bircə dəqiqə əvvəl gəldiklərini eşədəndə pərt olur, yoxsa indi təzə tanışlar da qonşu otağa yığşırdı.  İndisə həmin otağı sinyor Funardi tutub, nyu-yorklu iş adamı.

Oğul anasının dünənki tanışını qucaqlayıb ağladığını görəndə sinyor Funardidən otaqadan imtina etməyi xahiş edir. O, xahişini ingiliscə deyir, - axı o da amerikalıdı, qırx gün əvvəl bacısıyla bir yerdə Birləşmiş Ştatlardan gəlib; ailələrinə bədbəxtlik üz verib, Siciliyada analarıyla bir yerdə yaşayan böyük qardaşları haqqa qovuşub, qarı tək qalıb. İndi də ağlayır. Onsuz da son dövrlərdə ailəyə üz verən bədbəxtlikdən qarının göz yaşları qurumur, indi də yenidən ağlayır, qatarda da əziyyət çəkib, ilk dəfədi ki, uzaq yola çıxır, bir yandan da artıq altmışı haqlayıb! Qarı ömrünün çox hissəsini keçirdiyi doğma evi, oğlunun məzarını tərk eləməli olub, doğma vətənindən - Siçiliyadan ayrı düşüb... İndi də hər şeyə, hər kəsə beləcə bağlanır! Elə bu qadına da çox bağlanıb... Təki bircə bu sinyor Funardi razılıq versəydi...

Yox. Sinyor Funardi razılaşmadı. İngiliscə deyilən qarışıq sözləri dinləyib başıyla etirazını bildirdi. Qətiyyətlə etiraz elədi. Belə adamdan bundan başqa heç nə gözləmək olmazdı! Əsl amerikalıdır, kobud, hələ bir çatılmış qaşlarına, sarışın, şişman üzünə, cod saqqalına bax onun! O, etirazını bildirib liftə doğru addımladı, öz otağına - ikinci mərtəbədəki on üçüncü otağa getdi.

Uşaqlar qarını liftə minməyə razı sala bilmədilər. O, mexanikanın bu axmaq yeniliklərini qəbul etmək istəmirdi. Amma Amerikaya, lap Nyu-Yorkun özünə getməyə məcbur idi! Orasa çox uzaqdır, okeanı üzüb keçmək lazımdı. Uşaqlar onu sakitləşdirirdi, inandrımağa çalışırdılar ki, dəniz  adamı qətiyyən yırğalamır. Qarı onlara inanmırdı. O, hələ qatarda yırğalanmağa başlamışdı! Ona görə də qarşısına kim çıxırdısa ondan soruşurdu - doğrudanmı dəniz adamı yırğalayır?

Səhər tezdən ondan yaxa qurtarmağa çalışan dəhliz xidmətçiləri, yükdaşıyanlar qarını sakitləşədirməkdən ötrü məsləhət gördülər ki, qonşu otaqdakı sinyora müraciət eləsin. Axı o, Genuyadan gələn gəmidən təzə düşmüşdü və Amerikaya yola düşməyə hazırlaşırdı! O gəmiylə xeyli yol qət eləmişdi, okeanı üzüb keçmişdi - qarının sualına ondan yaxşı kim cavab verə bilərdi?

Budur, səhər tezdən (uşaqlar vağzala yükləri qarşılamağa, sonra da bəzi şeylər almağa gediblər), lap səhər tezdən, qarı hər beş dəqiqədən bir qapını açıb ürkək baxışlarla dəhlizə boylanır. O, qonşu otaqdakı sinyoru güdür, ondan dənizin adamı yırğalayıb yırğalamadığını öyrənmək istəyir.

Qarı pəncərədən dəhlizə düşən səhər işığının solğun şəfəqləri altında iki sıra başmaq görür. Hər qapının önündə - bir cüt başmaq. Vaxtaşırı qapılar açılır, əllər çıxır və başmaqlar bir-bir azalır. Sıralar getdikcə seyrəlir. Budur, demək olar ki,  başmaq qalmayıb, hamısını götürüblər - amma bir cüt başmaq hələ də qalır, özü də qonşu otağın, okeanı üzüb keçən və ona dənizin adamı yırğalayıb-yırğalamadığını deyəcək sinyorun qapısında.

Saat doqquzdur. Ona təzə işləyir. Onun yarısıdır. On. Başmaqlar hələ də ordadı! Tərpənmir ki, tərpənmir. O boyda dəhlizdə bircə cüt başmaq. Eləcə qapının ağzındaca qalıb, qapısa bağlıdır.

Dəhlizdə bu qədər hay-küy var, adamlar ora-bura vurnuxur, qapılar açılıb-bağlanır, dəhliz xidmətçiləri nəsə aparır, xidmətçi qadınlar qaçır, lift dayanmadan uğuldayır, hələ zəng səsləri... O isə hələ də yatır! Bir azdan saat on bir olacaq. Başmaqlar yerindədi. Bəli, hələ də yerindədi.

Qarının səbri tükənir. Xidmətçi yaxınlıqdan keçir. Qarı onu çağırıb başmaqları göstərir:

-Bu nə məsələdir? Görəsən o, doğrudan yatır?

-Burda nə var ki? - Nökər çiyinlərini çəkir. - Yorulub. Uzaq yol gəlib. - Gedir.

Qarı hiddətlə köks ötürüb başını qapıdan çəkir. Bir qədər sonra yenidən boylanır, narahatlıqla bir də başmaqlara baxır.

Bəli, görünür bu başmaqlarla doğrudan da uzun yol gəlib, yorulub əldən düşüb... Bir gör necə böyükdü, qaytanlıdır, arxası əzikdi, yəqin ayaqlarını döydüyündən əzib, dabanları gedib, dərisi korlanıb... Kim bilir başına nələr gəlib, görəsən doğrudan yorulub, çox əziyyət çəkib?

Qarı çox istəyirdi ki, astaca qonşu otağın qapısını döysün. Amma nəfsini basdı, qapını örtdü. Həyəcandan ürəyi gərilir, bu uşaqlar da gəlib çıxmaq bilmirlər. Yəqin dənizə baxmağa gediblər, axı söz vermişdilər.

Onsuz da dənizdən baş açmaq olmur! Dəniz böyükdü axı... Okean... Gəlib deyəcəklər ki, hər şey yaxşıdır. Guya onlara inanacaq? Bax, əgər qonşu otaqdakı sinyor desə dəniz sakitdir, ona inanmaq olar. Sinyor bilir. Qarı sakitləşir, qulağını divara dirəyir - səs-küy yoxdur? Yox. Sakitlikdir. Bir azdan günorta olacaq. Doğrudanmı hələ də yatır?

Zəng səsi. Bu, nahara çağırış zəngidi. Bütün qapıların arxasından adamlar çıxır, dəhlizlə gedirlər, pillələrə çıxırlar, yeməkxanaya düşürlər. Qarı yenidən qapıdan boylanır - maraqlıdı, görəsən adamlar bu başmaqları görəcək? Yox. Fikir verən yoxdu. Gedirlər, heç gözucu da baxmırlar. Dəhliz xidmətçisi gəlir, deyir uşaqlar qayıdıb, onu yeməkxanada gözləyirlər. Qarı aşağı enir.

Otaqlarda heç kəs yoxdu. Dəhliz bomboşdu. Sakitlikdi. Bir cüt başmaqsa hələ də bağlı qapı arxasında qalıb.

Miskin, küskün başmaqlar!

Heç kəsə lazım olmayan, boş-bekar qalan köhnə başmaqlar. Onlar öz ömrünü yaşayıb... Elə bil dil açıb yalvarır, deyirlər ki, kimsə əvvəl-axır onları burdan götürüb aparsın.

Təxminən bir saatdan sonra yeməkxanada olanlar qayıdır. Qarı baxır və heyrətdən quruyub qalır. Hamı dayanır, müzakirələr başlayır. Amerikalıdı... dünən axşam gəlib... Kimsə görüb onu? O, Genuyadan gəlmişdi. Görünür, ötən gecə yuxusuz qalıb... Hə, yəqin gəmi yırğalyıb onu... O, Amerikadan gəlib, okeandan keçib... Dəniz xəstəliyindən əziyyət çəkib, kim bilir neçə gecə yuxusuz qalıb... indi də dincəlir, yəqin bütün günü yatacaq. Yox, nə danışırsız?! Bu səs-küydə yatmaq olar? Belə səs-küydə ha?

Başmaqlar bağlı qapı arxasında qalıb, nədənsə heç kəs onlara yaxınlaşmır, hamı yarımdairə şəklində dayanıb. Mübahisə qızışır. Nökər inzibatçının arxasınca qaçır. O, nökəri mehmanxana sahibini çağırmağa göndərir. Onlar növbəylə qapını döyürlər. Cavab yoxdu. Qapını açmağa çalışırlar. İçəridən bağlanıb. Bir az da bərkdən döyürlər... Səs yoxdur. Buna şübhə ola bilməz. Polisə xəbər vermək lazımdır! Xoşbəxtlikdən polis bölməsi yaxınlıqdadır. Az sonra komissar gəlir, onun yanında iki jandarma, bir çilingər də var. Çilingər qapını açır. Jandarmalar adamalrı sakitləşdirir. Komissarla mehmanxana sahibi otağa girir.

Amerikadan gələn adam gəlişinin elə ilk gecəsində qərib yataqdaca ölüb. O, yuxuda ölüb və budur - uşaq kimi əlini yanağına qoyub qalıb. Yəqin - ürəyidir.

Sağ qalanlar, yaşamaqçün narahatlıq keçirənlərsə burda ondan bir gün artıq qala bilənlərdi - işlərini yarıda qoyub tələm-tələsik qapının ağzına, böyük məkanın balaca hücrəsinə toplaşanlar. Onların lap yanındaca kiminsə ömrü bitib.

-Bura olmaz!  

Müstəntiqlə həkim otağa çəkilib. Qapının dəliyindən güzgünü görmək olur, güzgüdə çarpayı, çarpayının üstündəki meyit əks olunur - budur, görə bilirsiz? Bu da onun üzü - ah, necə də solğundu! Əllərini yanağına qoyub... elə bil yatır... lap uşaq kimi... Kimdi görəsən? Adı necəydi onun? Heç kəs bilımir. Hamı ancaq onun Amerikadan gəldiyini bilir, vəssalam. Hara gedirdi? Kimin yanına? Bilinmir. Çamadanında, ciblərində bəzi kağız-kuğuz tapa bildilər, amma onların heç biri onun kimliyindən xəbər vermirdi. İş adamıdı... Qəribə işdi. Portfeldə 65 lirə, cüzdandan bir az xırda pul tapırlar. Jandarmalardan biri onun arxası əzilmiş, dabanı getmiş nimdaş başmaqlarını götürüb mərmər dayağın üstünə qoyur. 

Adamlar yavaş-yavaş əriyib itir, kimsə yuxarı qalxır, kimsə aşağı enir, bir başqaları da küçəyə çıxıb işlərinin dalıyca gedirlər.

Bircə dənizin adamı yırğalayıb yırğalamdığnı öyrənmək istəyən qarıdır, qapının ağzını kəsdirib dayanan. Uşaqlar onu səsləyir, o isə eşitmir. O, ağlayır, bu adama yazığı gəlir. Adam uzun səfərdən sonra ölub, qarı özü də az sonra elə bir səfərə çıxmalıdı!

Matəmlə əlaqədar əsas girişi bağlayırlar. Yükdaşıyanlar deyinir, xidmətçilər söyür - balaca qapıdan girib-çıxmaq narahatdır.

-Bağlıdır? Niyə ki?

-Elə ona görə. Burda - mehmanxada ölən var...

Rus dilindən tərcümə edən:
Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!