Özbəkistanın Sırdərya Vilayətində - “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışı və “Türkün gəlişi” adlı möhtəşəm konsert keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin layihəsi ilə cari ilin iyun ayının ilk ongünlüyündə Daşkənd və digər şəhərlərdə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.

Bununla əlaqədar Özbəkistanın Sırdərya Vilayətinin mərkəzi Gülüstan şəhərində Nəvai adına Mərkəzi parkda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışı olmuş, “Azərbaycan! sənsən mənim ülviyyətim” adlı sərgi təqdim olunub. Sərgidə milli mədəniyyətimiz, habelə ölkəmizin əldə etdiyi nailiyyətlər, milli dövlətçiliyimizlə bağlı unikal nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər nümayiş etdirilib.

Özbəkistanın Sırdərya Vilayət Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə şəhər Hakimiyyətinin rəhbərliyi, vilayət ictimaiyyəti, ziyalılar, təhsil, mədəniyyət işçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Özbəkistanın Sırdərya Vilayət Hakiminin müavini Otabek Abduqaniyev Vilayətdə xarici ölkə nümayəndəlikləri ilə birgə ilk layihə olaraq həyata keçirdikləri Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər barədə danışaraq, vilayətdə digər millətlər kimi azərbaycanlıların da yaşadığını və onların bölgənin inkişafına öz töhvələrini verdiklərini  söyləyib. Natiq Özbəkistan rəhbərliyinin apardığı siyasət nəticəsində ölkədə yaşayan bütün millətlərin dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşadığını söyəyib. Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin Özbək xalqına çox yaxın olduğunu vurğulayan Otabek Abduqaniyev təşkil olunan tədbir vasitəsi ilə Azərbaycanın necə zəngin, gözəl, füsunkar bir ölkə olduğunu bir daha təsdiqləmiş olduqlarını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzinin direktoru Samir Abbasov təşkil olunan “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verərək, xalqımızın yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, onun bəşər sivilizasiyasına verdiyi töhvələrdən danışıb. Diplomat Şərqdə ilk demokratik cümhuriyyət quran, ilk operanın əsasını qoyan, dünya sivilizasiyasına təkrarsız mədəniyyət, ədəbiyyat inciləri  ixrac edən, muğam, aşıq sənəti kimi unikal xalq yaradıcılığı ilə seçilən və dünyanın zəngin dəyərlərə malik, istedadlı  xalqı olan Azərbaycan xalqının nailiyyətlərindən danışıb. O, Azərbaycan – Özbəkistan dostluğundan danışaraq xalqlarımızın daim yaxın olduğunu, müasir dövrdə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində bu dostluğun daha da möhkəmləndiyini qeyd edib.

 Daha sonra bədii hissə iştirakçılara təqdim edilib. Azərbaycan milli geyimlərinin moda sərgisi nümayiş olunub. Sırdırya Dövlət Filarmoniyasının gənc qızları Azərbaycanın, habelə onun Qarabağ bölgəsinin xanım və bəy geyimlərini sərgiləyiblər. Moda sərgisi böyük maraq yaradıb, tədbiri yerli kanallar  geniş işıqlandırıb.

Tədbirdə “Türkün gəlişi” adlı konsert proqramında Azərbaycan Respublikasının əməkdar artistləri Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov çıxış ediblər. Onları Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı müşaiyət edib. Azərbaycan və Özbək musiqilərini ifa edən musiqiçilərimiz alqışlarla qarşılanıb. Vətən, dostluq haqqında musiqilər ifa edilib. 

Tədbirin sonunda Sırdərya Vilayət Hakimiyyəti azərbaycanlı qonaqları təltif edib, onlara rəmzi olaraq Özbək milli geyimləri bağışlayıb.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” davam edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!