Günahsız qatil
Dan yeri təzəcə qızaranda kənd atəşə tutuldu. İriçaplı silahlardan atılan güllələr, uğuldaya-uğuldaya gələn "qrat" mərmiləri kənd sakinlərini çaşbaş qoymuşdu. Hamı qaçmağa, bu vaxtsız və yersiz ölümdən can qurtarmağa çalışırdı. Adamlar dəyərli nəyi varsa götürüb maşın yoluna çıxırdılar. Yolun bəri başında hündür, üstünü mamır basmış bir qaya vardı. Müseyib müəllimin oğlu Əli həmin qayanın üstünə çıxıb var səsi ilə bağırdı:
- Ay camaat, hara qaçırsınız? Erməniyə də elə bu lazımdır. Başınıza dönüm, getməyin, qayıdın evinizə. Bir azdan bizim könüllü batalyonun uşaqları gələcək. Dığaların anasını ağ…
Qəfildən vıyıltı və vızıltıyla gələn "qrat" mərmisi Əlinin başının üstündən şığıyıb kənd məktəbinin pəncərəsindən içəri dürtüldü, bir neçə saniyədən sonra eşidilən gurultu məktəb binasını eybəcər hala saldı.
Arvadını və iki nəvəsini yanına alıb kənddən çıxmağa tələsən Qiyas kişi (o, qəlyan çəkdiyinə görə ayaması vardı: Qəlyan Qiyas) dönüb tərs-tərs Əliyə baxdı:
- Bura bax ə, ay ağıllı cəbhəçi. Bu top-tüfəngin dili yox, düşmənin də Allahı. Gördün, sözün ağzında qaldı. Az qalmışdı mərmi başını aparsın. Camaatı qırğına vermə. Qoy qaçıb canlarını qurtarsınlar.
Kənd yuxarıdan aşağı boşalmağa başladı. Ermənilər dağ kəndinin başı üstündəki Yəhəryurd deyilən təpədə mövqe tutmuşdular. O yüksəklikdən Çiçəkli kəndi əl içi kimi aydın görünürdü. Yuxarıdan bir daş atmaqla da adam öldürmək çətin olmazdı…
Bu kəndin oğlu Fariz neçə illər idi ki, Rusiyada yaşayırdı. Özünə görə işi-gücü vardı. Kənddə qalan bir anası, bir də yeniyetmə bacısı idi. Hər ay onlara pul-para göndərib korluq çəkməyə qoymurdu. Bir gün eşidəndə ki, ermənilər bizim torpaqları işğal etməyə başlayıb, bütün iş-gücünü buraxıb doğma torpağının müdafiəsinə gəldi. Gələn kimi könüllü özünümüdafiə dəstəsinə yazılıb döyüşə atıldı. O zaman ölkədə nizami ordu yox idi. Hərə bir silahlı dəstə düzəldib bildiyi kimi idarə edirdi. Bu qüvvələr bir mərkəzdən idarə olunmadığına görə təxribatlar, xəyanətlər baş alıb gedirdi. Rayonun Qərb sərhədində Xanım dərəsi deyilən yerdə istehkam quraraq düşməni torpağımıza soxulmağa qoymayan könüllü batalyonda döyüşən Fariz xəbər tutdu ki, onların kəndi düşmən əlindədir və camaat qaçır. Gözünün qabağına qoca anası və yeniyetmə bacısı gəldi. Bir neçə saatdan sonra toran çalanda Fariz kəndin girişindəki mamırlı qayanın yanında idi. Dağılmış məktəb binası, işığı sönmüş evlər, mələşən mal-heyvan, ulayan itlər onu zəlzələ kimi silkələdi. Üz qoydu evlərinə tərəf. Onların, bir də qonşu məhəllədəki poçtalyon Qədimin evində işıq yanırdı. Ətrafda bunlardan başqa bir işıq gələn, bir inni-cinni yox idi. Məsələ aydın idi… Sürətli addımlarla özünü doğulduğu evin həyətinə çatdırdı. "Ana, ay ana" deməklə qapı açıldı. Sən demə kənd köçməyə başlayandan Suğra xala Farizi hər dəqiqə gözləyirmiş.
- Hardasan, ay oğul?! Gərək bizi əsir aparsınlar? Mən cəhənnəm, bəs o bacına yazığın gəlmir?
- Bacım hanı?
- Zirzəmidə… neyləyim, qorxumdan orda gizlətmişəm.
- Deyəsən kənddə heç kim qalmayıb.
- Hə, hamı canını götürüb qaçdı. O tərəfləri bilmirəm, biz tərəfdə bircə o poçtalyon qalıb.
- Bəs o, niyə getməyib?
- Nə bilim…
- Yaxşı, hazırlaşın, getməliyik. İndi gəlirəm.
Fariz çevik addımlarla poçtalyongilin həyətinə girdi, evin qapısı bağlı idi. Pəncərədən onu görən Qədim kişi qapını açdı. Qısa bir söhbətdən sonra poçtalyon öz qərarını verdi:
- Mən getmirəm. Xəstə adamam, onsuz da ölməyimə bir şey qalmayıb. Gedib yolda-izdə ölməkdənsə, elə evimdə ölərəm, həm də heç kimə yük olmaram…
Farizin təkidi Qədim kişiyə təsir etmədi. O, artıq öz qərarını vermişdi.
Fariz anasını və bacısını götürüb yola çıxdı. Hər tərəf elə qaranlıq idi ki, Ay işığı da bu zülməti yarıb keçə bilmirdi. Hər addımda düşmənlə üz-üzə gəlmək təhlükəsi vardı. On beş yaşlı Günayın qorxudan ürəyi çırpınır, ancaq əli avtomatlı qardaşına baxanda bir az toxdayırdı. Qəfildən qarşı döngədən bir maşın burulub işığını düz onların gözünə saldı. Fariz avtomatın tətiyini çəkdi.
Sürücü: - Əyə, mənəm, Sərdaram, - deyib yerə düşdü. Sonra davam etdi: - Tunelin o başında ermənilər pusqudadır. Bizimkilərdən neçəsini əsir götürüblər. Bu yolla getmək qorxuludur. Ancaq dağ yolu, piyada gedib harasa çıxmaq olar. Mən də evdən bir-iki şey götürüb qayıdıram, inşallah gəlib sizə çataram…
Fariz məyus oldu: Demək tuneldən keçmək, mərkəzi yola çıxmaq, təhlükədən qurtulmaq mümkün olmayacaq… Suqra xala oğlunun tərəddüd içində qaldığını görüb dilləndi:
- Fariz, köhnə dəyirmanın arxasından kahalar tərəfə bir cığır qalxır. O yolu mən tanıyıram. Sən işıq sal, o yolla gedib o kahaların birində gecəni açaq, səhər Allah kərimdi…
Bu məqamda kənd atəşə tutuldu. Bir anlığa göyün üzü işıqlandı. Alovlanan ot tayasının işığında bir maşın da tüstülənirdi, o, bayaq "gəlirəm" deyən Sərdarın ağ nivası idi…
Çox keçmədən Farizgil köhnə dəyirmanın arxasından kahalara qalxan cığıra çıxdılar. Cığırdan və Ay işığından tutub kahalar deyilən təpəyə qalxdılar. Bu təpədə beş-altı kaha vardı. Ən böyük kahanın oyuğuna girdilər. İçəridə iyirmi-otuz adam rahat yerləşərdi. Onlar isə üç nəfər idi. Bu genişlikdə bir darısqallıq, bir sıxıntı vardı. Görəsən düşmən onların yerini bilməz ki?! Səhəri qorxu, həyəcan içində açdılar. Üfüq təzəcə ağarırdı. Fariz hansı yolla gedəcəklərini düşünürdü. Qəfildən ermənicə sözlər eşitdi. Kahanın giriş tərəfindən baxanda onlar tərəfə dırmaşan beş-altı erməni yaraqlısı gördü. Anasına və bacısına içəridən çıxmamağı tapşırdı. Fariz əvvəl düşündü ki, bəlkə atəş açıb yerlərini bildirməsin. Ancaq görəndə ki, düz onların gizləndiyi kahaya tərəf gəlirlər, avtomatın tətiyini çəkdi… Erməni cəsədləri üzü aşağı diyirləndi. Bu məqamda beş-altı yüz metrlik məsafədə çadırlı bir yük maşını dayandı. İçindən azı otuz nəfər erməni yaraqlısı düşdü. Komandaya əsasən kahalar tərəfi nişan ala-ala üzü yuxarı qalxdılar. Fariz avtomatını yoxladı. Yuvada cəmi on iki patron qalmışdı. Bir ədəd də əl qumbarası vardı. Vəssalam… Ağlına nə gəldisə, əl qumbarasına əl atdı. Kahaya yaxınlaşan erməni yaraqlılarının üstünə atdı. Ölən, yaralanan oldu. Farizi də ayağından vurdular. Onun iniltisinə Suğra xala kahanın ağzına çıxdı. Oğlunun yarasını sarımaq istədi. Ancaq düşmən gülləsinə hədəf oldu. Son nəfəsdə Farizə bacısını - Günayı tapşırdı…
Fariz anasının meyitini kahanın içərisinə aparanda Günaya baxdı. Qızın gözləri hədəqəsindən çıxmışdı. Əlləri, ayaqları, dodaqları əsirdi. Fariz "burdan çıxma" - deyib, bir də kahanın girişinə atıldı. Ermənilər aşağıdan yuxarı qarışqa kimi gəlirdilər. Atəş açmaqla onları yaxınlaşmağa qoymadı. Qəfildən nə düşündüsə gülləsini saydı. Cəmi iki patron qalmışdı. Tez kahanın içinə qayıtdı. Diqqətlə on beş yaşlı, üzündən uşaq saflığı hələ silinməmiş bacısına baxdı. İçi qan ağladı. Günay qardaşını başa düşərək onun üstünə gəldi. Boynunu qucaqlayıb göz yaşları içində qardaşına yalvardı:
- Qurban olum, qaqaş, məni öldür, ermənilərə əsir düşmək istəmirəm. Qurban olum, başına dö…
Günayın ürəyindən dəyən güllə son sözünə macal vermədi. Fariz bacısını anasının yanına apardı. Ermənilər artıq kahanın qabağına çatmışdılar. İçəridən güllə səsi gəldi. Bu, Farizin öz ürəyinə sıxdığı sonuncu gülləsi idi.
Yanğı
Münəvvər xala can üstündə idi. Oğlu Ənvər şəhərin adlı-sanlı həkimlərindən neçəsini ona baxmağa gətirsə də, qapıdan çıxanda hamısının sözləri eyni olmuşdu:
- Ümid Allaha qalıb. Nə yaşasa qənimətdir…
Ənvər anası üçün hər şeyə hazır idi. Lap istəsəydilər hansısa orqanını verməkdən belə çəkinməzdi, təki anası ölməyəydi. Beş uşağını atasız böyüdən (ata çox cavan ikən avtomobil qəzasında həlak olmuşdu) Münəvvər xalanın ilk övladı Ənvər idi. Özündən kiçik qardaş-bacılarının böyüyüb boya-başa çatmasında anası ilə birgə Ənvərin - böyük qardaşın da əziyyəti az olmamışdı. İndi çarpayıda halsız, hərəkətsiz uzanmış ananın dövrəsinə düyülən o biri uşaqlarının da gözü Ənvərin üzündə qalmışdı. O, həmişəki kimi ümid yeri idi. İnanırdılar ki, ata əvəzi olan böyük qardaşları analarını nə yolla olur-olsun ölməyə qoymayacaqdır…
Dərin sükutu Ənvərin qalın səsi pozdu:
- Ana, sənə qurban olum, ürəyin nə istəyir. Axı neçə gündür heç nə yemirsən, su da içmirsən…
Münəvvər xala su sözünü eşidəndə diksinən kimi olub gözünü açdı. Zorla eşidiləcək zəif səslə bunları deyə bildi:
- Nə istəyəcəyəm ki, bizim dağların suyundan istəyirəm. Yanğımı o soyuda bilər…
Yenə də araya dərin bir sükut çökdü. Ənvərin isə xəyalı Kəlbəcərdən qaçqın düşdükləri o dəhşətli günlərə qayıtdı. Kimin əlinə nə keçmişdisə, götürüb yola çıxmışdı. Əslində, hamı canını qaçırırdı. O məqamlarda mərmi yağmurundan "quru çıxmağın" özü bir qəhrəmanlıq idi. Sağ qalmaq, yaşamaq dağılan ev-eşikdən, talan olan var-dövlətdən daha dəyərli idi. Bu qaçaqaçda qonşuluqdakı Mürsəl kişi də hörmə zənbilində "İstisu" etiketli iki şüşə suyu qucağına alıb gedirdi. Bu ağlamalı anlarda ona gülənlər də vardı…
Tükürpədici o mənzərə kino lenti kimi Ənvərin gözü qabağından bir də keçdi. O, yenə Mürsəl kişinin bağrına basdığı "İstisu"yu xatırladı. Üzündəki kədəri içindəki sevincin işığı əvəzlədi. Amma qardaş-bacıları Ənvərin qəfil dəyişən əhvalından bir şey anlamadılar.
Kəlbəcərdən çıxanda Mürsəl kişi də Bakıya oğlugilə üz tutmuşdu. Oğlu atasını Murovun Gəncə üzündə qarşılamağa gəlmişdi. Ənvər onu da bilirdi ki, Mürsəlin oğlu Natiq həkim Bakının Masazır kəndində yaşayır…
Sonra evsiz-eşiksiz, bir tikə çörəyə möhtac, didərgin taleli insanların uzun müddət bir-birlərindən xəbərləri olmadı… Ənvər, anası, iki qardaşı, iki bacısı Bakının Sabunçu rayonunda - uşaq bağçasında məskunlaşmışdı. Əslində, bir çox ailələr kimi bu ailəni də Bakıya çəkib gətirən iş tapmaq, çörək tapmaq arzusu idi.
Son günlərini yaşayan ananın yurd bulağından su içmək arzusunu gerçəkləşdirmək istəyən oğul ayağa durub şəhərə çıxdı. Üz tutdu Masazıra. Soraqlaya-soraqlaya Natiq həkimin evini tapdı. Darvaza qapısını açan da elə Natiq özü oldu. Qısa tanışlıqdan sonra Natiq həkim kəlbəcərlilərə məxsus qonaqpərvərliklə Ənvəri evə dəvət etdi. Ənvər Mürsəl kişinin öldü-qaldısından xəbərsiz idi. Odur ki, cəsarət edib Natiqdən atasını soruşa bilmirdi. Axır ki, çətin də olsa mətləbə keçdi:
- Bilirsiz, bağışlayın… Natiq həkim… O vaxt biz Kəlbəcərdən didərgin düşəndə Mürsəl dayımın əlində iki şüşə "İstisu" görmüşdüm. Yəqin ki, ta indiyə qalmaz. Gör neçə il keçib… Hə, anam ölüm döşəyindədir. Deyir heç nə istəmirəm, kaş bircə qurtum o dağlarımızın suyundan ola…
Natiqin gözləri doldu. Heç nə demədən durub qonşu otağa keçdi. Bir azdan qayıtdı - əlində "İstisu" şüşəsi:
- Bircə şüşə qalıb. Bunu yurd nişanəsi kimi gizlin bir yerdə saxlayırdım. Atam keçən il rəhmətə gedəndə son anlarında dedi ki, o suyun birini gətirin içim. O torpağa qovuşa bilmədim, heç olmasa suyuna qovuşum…
Ənvər də qəhərləndi. Amma bu qiymətli yurd əmanətini götürməyə cəsarət eləmədi. Durub gedəndə Natiq həkim həmin şüşəni torbada ona uzatdı. Ənvər:
- Yox, yox, qoyun qalsın, bu bir nişanədir - deyəndə Natiq təkid etdi:
- Siz nə danışırsınız. Bu, anamızın arzusudur. Yoxsa günaha batarıq…
Ənvər evə elə gedirdi ki, sanki anasını ölümün pəncəsindən xilas edəcək bir dərman aparırdı.
Münəvvər xala "İstisu" şüşəsinə diqqətlə baxdı. Əlini şüşənin üstündəki yazıya sürtdü. Sonra o yazını dodaqlarına yaxınlaşdırdı… "Açın bir-iki qurtum içim" - dedi. Bir stəkan həmin sudan içib "oxqay" - dedi. Nə fikirləşdisə "şüşənin qapağını bağlayın" - dedi. - Bir xahişim var, ay uşaqlarım. Canımı tapşıranda bu sudan gözümə tökün, sonra gözümü qapayın… Bu su həm də torpağı əvəz eləyir…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!