Qış qayğısı
Yazda toxum kimi zoğ atıb çıxıb
Yarpaq açacağam gül açacağam.
Bu köhnə dilimi qoyub bir yana,
İnan ki təzədən dil açacağam.
Bu qışı birtəhər keçirə bilsəm...
Sazaq iliyimə işləyən zaman-
Bir isti misraya tutsam əlimi,
Tələsə-tələsə gələn dumandan
Qırov bağlayanda daş da çör-çöp də...
Qəfil yıxılmasam bu ötə-ötdə,
Bu qışı birtəhər keçirə bilsəm...
Çovğundan yerlə göy seçilməyəndə,
Başın itirəndə tamam çöl-bayır,
Domnadan tökülən yanar poladtək
Görərsən dilimdə söz parıldayır
Bu qışı birtəhər keçirə bilsəm...
Bu da bir istəkdir düşüb könlümə,
Mən yaz vurğunu da deyiləm düzü.
Bürüyür gəlbimi şairanəlik
Payıza dönəndə dünyanın üzü.
Ayın qaranlığında
Faiq üçün
Dadlı iyul gecəsi
Ayın qaranlığında
Yerin göydə,
Göyün yerdə həll olduğu zaman
Ruhun səsi gəlirdi
napnazik şırıltıyla axan
Babaçayından...
Bütün canımla arxası üstə sərilib qaranlığa
O çayı dinləmək qədər
Azad
xoşbəxt
və kədərli
olmamışdım heç vaxt...
Ötənlər də,
Ötənlər də, itənlər də,
gələcək
və gəlməyəcək gələcək də,
boynuma qonan böcək də
Suyun şırıltısını dinləyirdi
bu dadlı iyul gecəsinin sahilsiz qaranlığında...
Bu qaranlıqda ən aşağıda da mən idim,
ən yuxarıda da mən idim..,
Ən əvvəl də mən idim.
mən idim ən axır da,
axırdı da,
hər şey bu şırıltıya qoşulub axırdı
bu dünyaya məndən,
bu dünyadan mənə...
Və yenə mən
ruhun da səsini eşitdiyim qatda
və hər üzünü gördüyüm bu həyatda
ömrümün bu çağında
heç vaxt yetmədiyim qədər
azad
xoşbəxt
və kədərli idim
Ayın qaranlığında.
Ölməzlik
Hər gün bir az Nəsimidən kömək istəyirəm:
Dərisi soyulmağın necə olduğunu
bilmək istəyirəm
Hər gün bir az Cavid əfəndidən
Şaxtadan,
don vurmaqdan nəsə soruşuram...
...Belə də, böylə-böylə konuşuram...
Hər gün bir az Müşfiq çatır dadıma:
Deyir güllə necə dəyir adama...
Zəhərdən doğulmağı Nazim öyrədir ,
Boğulmağı Səməd Behrəngi
Hər gün qaçır rəngim...
Deyirlər qorxma:
- dərimi soymasaydılar, ölərdim,
- Sibirə sürməsəydilər, ölərdim,
- güllə çaxmasaydılar, ölərdim,
- zəhər qatmasaydılar, ölərdim,
-sulara satmasaydılar, ölərdim
Gecikmək və ya nəsillər qatarı
Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz,
Xoş getdi yerimiz-
bilmirəm.
Mən gördüm o qatar
elə bil həvəssiz-
lap yavaş getdi,
Tamburda beş-altı sərxoş getdi.
Bizim biletimiz o qataraymış-
Bu gələn qatardan gözlərini çək,
Bu qatar bizləri götürən deyil,
Bizim biletimiz yanıb, əzizim...
Çırpıb yumruğumu vaxtın üstünə
elə boş-boşuna əlimi əzim?!
Bizim biletimiz o qataraymış...
Bizim biletimiz yanıb, əzizim!..
Bir az, bir az çox..,
nə fərqi axı,
onsuz da çatmadıq,
getdi o qatar ...
İndiki qatarsa tanımır bizi,
Bizə bu qatara bilet verməzlər...
İndi kimin üstə ataq günahı ?!
İndi adım kimi bilirəm əzbər
Bizim biletimiz o qataraymış...
Böyük bir zamanı verdik küləyə-
qatarı vaqonu düz tanımadıq...
Bizi kim aldatdı, heç bilirsənmi?!
Bilməyin özü də çox gecdi artıq ,
Bizim biletimiz o qataraymış ...
Lap elə birtəhər minək bu dəfə-
Hərə bir tərəfdən lağ eyləyəcək...
Axı hər qatarın öz sərxoşu var,
Gördün ki, biri lap ağ eyləyəcək-
Götürüb qatardan atacaq bizi...
Bir yaxşı fikirləş indi əzizim...
Bizim biletimiz o qataraymış,
Bizim biletimiz yanıb əzizim...
Bu gedən qatarlar bir üzə gedir,
Qayıdan deyildir bizim də qatar...
...Boş qalan yerlərə baxıb gizlicə
Bir az xoflanır da qatardakılar:
Bəlkə qabaqkına minib gediblər,
Bəlkə hər qatarda onlara yer var?!
Getmək
Yaxınlar sıxır adamı-
yaxınlardan qopub getmək...
Ömrün səndən gizlətdiyi
bir əcəli qapıb getmək...
Getmək,
yenə getmək...
Nə qaranlıq sabahlara,
nə də dibsiz keçmişlərə...
Bir "yox" çırpıb ölçülərə
heçliklərə...heçliklərə...heçliklərə getmək.
Getmək,
yenə getmək.
Hər xaotik boşluqlara,
Hər qızmış sərxoşluqlara,
stəkanda fırtınaya-coşqulara
Üsyan kimi,
üsyan kimi,
üsyan kimi getmək...
Getmək,
yenə getmək.
Sular
Bu dünyadan çirkli gedib
O dünyadan təmiz gələn
xanım sular,
gəlin sular...
Bu dünyadan suçlu gedib,
Bu dünyada puç olub gedib
O dünyada dirilən sular
xanım sular,
gəlin sular...
Hər iki dünyanı görən
əvvəl sular,axır sular...
Bu dünyadan o dünyaya,
o dünyadan bu dünyaya
axan sular,
axar sular-
xanım sular,
gəlin sular...
məni də yoldaş götürün!
Çirkin-pasın ovcundayam,
dörd yanımı borc bürüyüb-
gör nələrin borcundayam?!.
Vicdandan borc xərcləmişəm!
Mən bəxti vurdum top kimi,
Vurduğum yerə düşmədi.
İlahinin işıqları
Durduğum yerə düşmədi.
İnsan adına nə varsa
Mənimçün hamısı sınıb.
İçimdə göz-gözü görmür -
İçimin şamları sönüb.
Zamanın bu parasında
Hər yan yaşdı,quru yoxdu...
Üstündə durduğum vaxtın
Heç bir yandan nuru yoxdu...
Çirkli gedib pak qayıdan,
Cod gedib ipək qayıdan
xanım sular,
gəlin sular
məni də yoldaş götürün
dalınızca gəlim,sular.
Bircə dəfə möhlət olsun,
dönər olsun gedər yolum.
İlahi, rüsxətin varmı
Gedim-gəlim insan olum?!
Həyat
Kimi dimdik yoxuşuna dözmədi,
Kimi uzun yağışına dözmədi,
Kimisi də özxoşuna,
dözmədi-
satıldı...
Kimi zirvə vədəsinə uydu da,
Kimi xoş səs sədasına uydu da,
Kimi "mənəm" ədasına uydu da-
satıldı...
Biri çörək əzabından,
Biri əzab əsəbindən,
Biri də ki qəzəbindən
satıldı.
Soruşursuz bəs nə oldu dözənlər?!-
Satqınların arasında bezənlər...
... Onlar indi ruha dönüb gəzirlər
Gecələr qəbiristanda lap havalı-havalı.
Yovşan
Bu qupquru yovşanın qoxusundan
Min il o yanın səsi gəlir.
bu qupquru yovşanı
qoxladıqca
insanın həvəsi gəlir
bir az oxumağa pəsdən,
bir az xatirələrə dalmaq,
bir az da dolmaq,
dolub-daşmaq,
ömürün bu başını o başına-
o başını bu başına daşımaq
həvəsi gəlir...
hər şeyi,
hətta ölən sevgiləri də
yenidən yaşamaq
həvəsi gəlir...
bu cadar-cadar şoran
Şirvan küdrüsündə...
Bu küdrünün düzündə
çöl yatıb min ilin yuxusunda...
sonsuzluğun qapısıdı sanki
yovşanın hər dəstəsi...
Bu qupquru yovşanın qoxusundan
aşıq Şakirin səsi gəlir -
"Şirvan şikəstəsi".
Pencəkli xatirələr...
Salıram pencəyimi
çiyninə başdaşının,
hava şaxtadır yaman...
...Bəlkə çıxıb yadından-
bax beləcə bir zaman
salardım pencəyimi
sənin çiyinlərinə...
bir az üşüməkdən qoruyardım səni,
bir az özümə bükərdim səni...
Sən gedəndən sonra
bu pencəyin içindən
canıma çəkərdim səni...
...indi heç nə yoxdur, yox,
yüz fikirləş,
yüz vur-çıx,
yüz düşün, yüz, daşın -
heç nə dəyişən deyil...
Adını sinəsinə tutub durub baş daşın -
burda nə çox gözləyən var, ilahi.
Adını sinəsinə tutub durub baş daşın -
demək ki, gözləyirsən?.,
axı bir qərib də var
ömrün o başlarında -
iyirmi yaşlarında...
Sənli, mənli, pencəkli
köhnə xatirələri -
həyəcanlı və canlı
və tərli xatirələri
salıram bircə-bircə yaddaşımın çiyninə
və adını sinəsinə tutub duran
baş daşının çiyninə.
Salıram pencəyimi
baş daşının çiyninə
hava yaman şaxtalıdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!