Bir qrup tərcüməçiyə Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyində bir qrup tərcüməçiyə Əhməd bəy Ağaoğlu mükafatı təqdim edilib.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, Söhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun “Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə prof. Cavanşir Yusifli, “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı mükafatlandırılıblar.

Mükafatları Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bədii Tərcümə Mərkəzinin əməkdaşı Ayan Mirseyid də iştirak edib. “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseyinli Türkiyədə işgüzar səfərdə olduğundan, Səid Muğanlı isə təqdimetmə mərasiminə qatıla bilmədiyindən onların mükafatlarını Səlim Babullaoğlu, İlahə Kərimova isə Polşada yaşadığından onun mükafatını atası, qocaman təhsil işçisi Tofiq Kərimov qəbul ediblər.
Təqdimetmə mərasimindən sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti, “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı və nəşriyyat planları ətrafında müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkilib.

Məlumat üçün bildiririk ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!