Həyatı zənginləşdirmək cəhdi - Xatirə NURGÜL

Esse

İndiana Consun macəralarından bəhs edən filmlər toplusunu izlədikdən sonra xəzinə axtarışına yollanmaq fikri günlərlə beynimi məşğul edir, amma mən heç bir nəticəyə varmadan unudulurdu. Bu qəbildən olan digər filmlər və kitablar da məndə eyni effekti yaradırdı: xəzinəyə aparacaq yolların xəritəsini tapmaq, maneələri, çətinlikləri aşaraq gedib məkana çatmaq, xəzinəyə qovuşmaq... Məqsəd uğrunda yaşamaq əla hissdir; şüuraltı olaraq nə vaxtsa öz məramına nail olacağına əminsən və bu sənə həm güc-qüvvə, həm də stimul verir.

İllər ötdü, zaman dəyişdi və mən anladım ki, arzulara qovuşmaq üçün konkret məqsədlə yaşamaq yetərli deyil. Burada bəxtin, şansın da özünəməxsus rolu var. Amma bu cür fatalist düşüncə tərzi ilə nəinki xəzinə tapmaq olardı, heç o haqda düşünməyə də dəyməzdi. Və mənim kədər içərisində, xəzinə haqqındakı zəngin xəyallarımın əriyib getməsini izləməkdən başqa yolum qalmadı...

İbtidai insanın od əldə etməsi ilə müasir insanın mobil telefon sahibi olması hardasa eyni effektə malik hadisələrdir. Fərq ondadır ki, birincidə bu, yaşamaq uğrunda mübarizənin bir hissəsi və həyatda sağ qalmaq üçün vasitə idisə, ikinci halda həyatı fərqli obrazla zənginləşdirmək cəhdi idi. Bu xüsusda məşhur nisbilik nəzəriyyəsini sınaqdan keçirmək məqsədi ilə Albert Eynşteynin də iştirak etdiyi, "Eldric" gəmisinin Atlantik okeanından bir göz qırpımında Hind okeanına keçməsi ilə nəticələnən məşhur "Filadelfiya təcrübəsi"ni xatırlamaya bilmədim. Bəzi araşdırmaçılar bu eksperimentin alimin öz şıltaqlığı nəticəsində yaratdığı zamanlararası səyahət formulunun bir hissəsi olduğunun qənaətindədir. Eynşteyn özü isə az qala əfsanəyə çevrilən bu hadisəyə izah verməkdən boyun qaçırmışdır. Təbii ki, bu təcrübənin qaynaqlandığı səbəb kimi alimin həyatı bozluqdan xilas etməyə çalışdığını da demək olar.

İncəsənətin insan həyatındakı yeri isə ümumiyyətlə, əvəzedilməzdi. Kino, teatr, rəsm əsərləri kimi rəngarəng sənət dünyasının qapısından boylanmaq belə baxışların hiss olunacaq qədər dəyişməsinə səbəb olur. Bu dünyadan uzaq olan şəxs təbii ki, kolleksionerlərin rəsm əsərlərinə xərclədikləri milyonların hədər getdiyinə əmindir. Və ya kinofilmlərin çəkilişi zamanı ayrılan büdcənin məbləği bu cür düşünən kəslərə gülməli və mənasız görünür.

Somerset Moemin dahi rəssam Pol Qoqenin həyatından bəhs etdiyi "Ay və qara şahı" əsərində baş qəhrəman Çarlz Striklənd maddi cəhətdən təmin olunmuş birja dəllalıdır. O, həm də gözəl ailə başçısıdır. Lakin, günlərin bir günü qayğısız həyata sahib olan bu şəxs sadə təfəkkürlü insanlar arasında yaşamaqdan təngə gələrək, həyatında əməlli-başlı dönüş edir və rəssam olmaq qərarına gəlir. Romanın finalında cüzama tutulan Striklənd son (və yazıçının qənaətincə ən möhtəşəm) rəsmini yaşadığı daxmanın divarlarına çəkir və vəfatından sonra daxmanın onun nəşi ilə birgə yandırılmasını vəsiyyət edir. Bununla da Moemin qəhrəmanı axtardığı səadətə qovuşmuş olur: divarlara çəkdiyi insanın yaradılışını, onun cənnətdəki həyatını əks etdirən rəsm rəssamın yaradıcılığının şah əsəri idi. Bu kimi çoxsaylı kitablar, filmlər, həyatda şahid olduğumuz hadisələr insan şüurunun onu əslində olmalı olduğu yerə, məqama apardığını bir daha sübut edir.

İnsanın təbiətdən ayrılması səhhətinə nə qədər mənfi təsir göstərmişsə də, mənəviyyat baxımından onu qalibə çevirmişdir. Əvvəllər ovçuluq və yığıcılıq, sonralar əkinçilik və maldarlıqla məşğul olan insanın həyatı getdikcə daha çox boz rəng almağa başlayırdı. Təbii ki, yaradıcılıq ruhu özünü burada da büruzə verirdi, insan qaya üzərində rəsm çəkir, qavaldaşda "ifa edirdi". Amma "inkişafda olan yaradıcı ruh" üçün bu üsullar azlıq təşkil edirdi,  o, daha geniş, daha "perspektivli" mühit yaratmalı idi. Və yaratdı. Bu baxımdan insan qələbə çalan tərəfdir. Elmi, incəsənəti inkişaf etdirməklə o, təbiəti hansısa mənada özünə tabe edə bildi. Nəticə olaraq bizə uzaq tarixi yollardan boylanan "mədəniyyət" anlayışı ortaya çıxdı. Bu zaman "uzaq tarixi yol" ifadəsini yazmaq səbəbim yəqin ki, bəllidir - istər teatr, rəssamlıq - bütövlükdə incəsənətin, istərsə də söz sənətinin - şeirin, poemanın yaşının az qala eramızdan əvvəllərə getdiyi hamımıza yaxşı məlumdur.

İnsanın bioloji varlıq olaraq dünyaya gəlməsinin mahiyyəti öz nəsil artımını həyata keçirməsidir. Fərd təki doğulan insan, şəxs kimi böyüyüb, yetişir, şəxsiyyət olaraq formalaşır. Yer kürəsi insan oğlunun evi olmaqla bərabər, həm də Yaradan tərəfindən ona etibar olunan əmanətdir - onu qorumalı, mühafizə etməlidir. Təbiətin qeydinə qalmaq, ətraf mühiti kirlənmədən qorumaq insanı mədəni olmaqla bərabər, həm də qayğıkeş edir. Dünyanı qoruyan şəxsdə yaranan mühafizə instinki nəticəsində o, özünü də, sevdiklərini də qoruya bilər, onların da qayğısına qalar.

Dünən piramidalar kimi zəngin tarixi tikililəri yaradan insan bu gün kosmosa yollanır, Aya, Marsa ayaq basır, kainatın quruluşunu, planetlərin düzülüşünü öyrənməyə, həyatın başlanğıcını tədqiq etməyə çalışır. Günümüzdəki hər bir təhsilli gənc Yer Kürəsinin quruluşundan, fəsillərin dəyişmə səbəbindən, Günəş və Ay tutulmalarının nədən qaynaqlandığından xəbərdardır. Məlumatlı olmaq insanın mənəvi zənginliyinin əsasını təşkil edir, onun çətin vəziyyətlərdən çıxış yolu tapmasına şərait yaradır.

Həyat ən kiçik, birhüceyrəli, mikroskopik varlıqlardan başlayıb, insanda ən yüksək zirvəyə çatır. İnsanın bütövlüyü onun amalından, gözəlliyi düzgünlüyündən, təmizliyindən, zənginliyi ətrafa duyduğu sevgidən asılıdır. Bütün hallarda - hətta ən çıxılmaz vəziyyətlərdə də həyata sarılan, qəlbi yaşamaq eşqi ilə döyünən insan bəlkə də nə qədər zəngin olduğunun fərqində belə deyil. Bu yerdə uşaqlığımızın sevimli "Zoluşka" nağılını xatırladım. Gözəl, zəngin ürəyə sahib olan Zoluşka ögey ananın yolunda yaratdığı maneələrə baxmayaraq tale tərəfindən mükafatlanır; şəhzadə ilə evlənir və bütün nağıllarda olduğu kimi əbədi xoşbəxt olur. Qəlb zənginliyi insan həyatına birbaşa təsir göstərir, onu istər insanların, istərsə də təbiətin sevimlisinə çevirir. A.Eynşteynin nisbilik nəzəriyyəsini - təsir əks təsirə bərabərdir - insan hisslərinə tətbiq etsək "sevgi qarşılıqlı sevgiyə bərabərdir" kimi bir ifadə alınar. Qəlbində ağaca, quşa, çiçəyə də çatacaq qədər sevgi gəzdirən insan o qədər zəngin, o qədər xoşbəxtdir ki... sanki ən böyük xəzinəyə sahibmiş kimi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!