Edebiyyatqazeti.az xəbər verir ki, Rumıniyanın Yassı şəhərində şair Səlim Babullaoğlunun “Avqust” seçilmiş şeirlər kitabı işıq üzü görüb.
116 səhifəlik kitaba müəllifin 37 şeiri, o cümlədən irihəcmli poetik əsərləri daxil edilib. Kitabın tirajı 500 nüsxədir, bütövlükdə 2 basqı nəzərdə tutulub.
Şeirləin tərcüməçisi, tanınmış rumın-moldovan şairi Nikolay Spetaru bizə açıqlamasında bunları deyib: “Tipo Moldova” öz tarixi olan nüfuzlu nəşriyyatdır. Nəşriyyatda həm poeziya, həm də proza nəşr edir. Bunun üçün onun artıq uzun illərdir formalaşan xüsusi seriyaları var. Hazırkı - yəni Səlim Babullaoğlunun şeir kitabının çıxdığı format poeziya formatıdır. Bu formatda həm rumındilli şairlər, həm də tərcümə şeirləri, dünya poeziyası nəşr edilir. “Dünya şeirindən” başlığı ilə çıxan kitabların rəngi fərqlidir, qırmızıdır. Burda nəşr edilən kitablar həm Moldovada, həm də Rumıniyada yayılır. Bu kitabla da belə olacaq.
Yeri gəlmişkən, kitaba Bell Universitetinin professoru, fəlsəfə doktoru Marqareta Kurtesku “Səlim Babullaoğlunun şeirləri, yaxud işarə və məna arasında Əbədi Yol” adlı genişhəcmli Ön söz yazıb.
Yazının bir parçasını diqqətinizə çatdırırıq: “Müasir Azərbaycan şeirinin nüfuzlu nümayəndələrindən olan və yaradıcılığı öz ölkəsində ədəbi tənqid tərəfindən yeni baxış bucağı və ifadə imkanlarına görə yüksək qiymətləndirilən Səlim Babullaoğlu, rumındilli oxucuların qarşısına Nikolay Spetarunun ustalıqla tərcümə etdiyi, zərif və alicənab səmimiyyətin, ifadə tərzinin, hisslərin doğurduğu şeirlərlə çıxır... Diqqətlə baxılsa, aydın olur ki, Babullaoğlu yaradılış, həyat, sevgi, ölüm, ilahilik, valideyn-övlad münasibəti, günah, tənhalıq kimi əbədi mövzuları araşdırır. Bütün həqiqi sənətkarlar kimi öz şəxsi semantik koordinatları ilə.
Onun əksər şeirləri geniş nəfəslidir, diskursivdir, analitikdir, müdriklik resursları ilə zəngindir və bir-biri ilə xüsusi koqnitiv impulslara malik enerjili, ağıllı, sirayətedici hissetmə vasitəsilə qaynaq edilib, refleksiv vurğuludur. Enerjili, təhqiqedici baxış diqqətəlayiq gündəlik həyat detallarının çoxluğunu ələyir, banal, adi şeylərin altında varlığı nüvəsini görür, qeydə alır, beləliklə onun poeziyası hermenevtik akta çevrilərək varlığı deşifrə edir...” Mən ümid edirəm ki, kitab öz oxucusunu tezliklər tapacaq və Səlim Babullaoğlunun zəngin poeziyasının oxucu auditoriyası genişlənəcək…”
Qeyd edək ki, Səlim Babullaoğlu 12-16 may Rumiya tarixi paytaxtı sayılan Yassı Beynəlxalq Poeziya Festivalında iştirak edir. Və festival çərçivəsində onun poetik toplusu da müxtəlif auditoriyalara təqdim edilib, xüsusən Oktav Bangila Milli Sənət Kollecində və Dmitri Kantemir Kollecində kitaba daxil edilən şeirlər oxunub, kitabın təqdimatı baş tutub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!