Edebiyyatqazeti.az xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhərində yerləşən Tovuz Gənclər Evində şair-publisist Əkbər Qoşalının nəşr olunmuş şeirlər kitabı “Ürək daşı”nın təqdimat və imza günü keçirilib.
Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) və Tovuz Gənclər Evinin (TGE) təşkilatçılığı ilə reallaşıb.
Tədbiri TGE-nin direktoru Rauf Rüstəmov açaraq rəhbəri olduğu qurumun fəaliyyəti barədə danışaraq kitab haqqında öz fikirlərini bölüşüb.
Milli Məclisin deputatı Qənirə Paşayeva poeziyanın, ümumən ədəbiyyatın cəmiyyətin, özəlliklə gənc nəslin bədii təfəkkürünün və zövqünün formalaşmasında özünəməxsus rol oynadığını qeyd edib.
Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynova, Aşağı Quşçu qəsəbəsində yaşayan şair Nazim Əhmədoğlu çıxış edərək öz ürək sözlərini bildiriblər.
Kitabın müəllifi Ə.Qoşalı tədbir təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirərək belə tədbirlərin şərəfli olduğu qədər də, məsuliyyətli olduğunu deyib. O, öz yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətin inkişafında yeri və rolu, “90-cılar” ədəbi nəslinin yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb, yeni şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarını cavablandırıb.
Sonda müəllif “Ürək daşı” kitabını imzalayaraq iştirakçılara təqdim edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!