“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 28-ci sayı nəşr olunub. Redaksiya heyətindən Edebiyyatqazeti.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın may sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.
Dərgi baş redaktor Şəmil Sadiqin “Kefli İsgəndər biqeyrətdirmi?” adlı yazısı ilə başlayır. Ədəbi mətn müəlliflərindən Səbuhi Şahmursoy (“Qonşumuzdakı şəkillər” hekayəsi), Xəyalə Murad (“Xilas” hekayəsi), Könül Nuriyeva (“Dolabdakı qadın” hekayəsi), Dürdanə Ramazanlı (“Hüzursuz” hekayəsi), araşdırma məqalə və esse müəlliflərindən Ceylan Mumoğlu (“Çuğulluq anlayışına Azər Qismət baxışı” resenziyası), Xanəmir Telmanoğlu (“Çağdaş şairin məğlubiyyət başarısı” essesi), Xanım Anela (“Dünyaya Harri Potteri hədiyyə edən Coan Roulinq haqqında 10 fakt” və “Şerlokun şəxsi həyatı: ədəbi qəhrəmanın kitablardan real həyata çıxışı” adlı tərcümə məqalələri), Aybəniz Həsənova (“Gəmiçi albatrosu niyə öldürdü?” resenziyası), Pərvanə Bayramqızı (“A.P.Çexovun hekayələrindəki “biz”” məqaləsi) və Nicat Həşimzadə (“Qayıtmayan gedənlər” essesi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.
Poeziya bölməsində Müşfiq Xanın “Yeddinci görüşə elegiya” adlı silsilə şeirləri çap olunub.
“Ustad” dərgisinin 28-ci sayında bu il 650 illiyi qeyd edilən böyük Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsimi, 150 illik yubileyi olan Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadə, anadan olmasının 140 illiyi qeyd olunan Azərbaycan opera müğənnisi, aktyor, rejissor və teatr xadimi Hüseynqulu Sarabski və 120 illik yubileyi keçirilən böyük Azərbaycan dramaturqu, şair, nasir və teatrşünas Cəfər Cabbarlı haqqında maraqlı yazılar yer alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!