Esse
Torpaq, su, hava və odla bərabər insanın tez-tez hesablaşmalı olduğu daha bir - beşinci ünsür də vardır ki, bu da puldur. Dostoyevskinin ölümündən yüz il ötməsinə baxmayaraq, əsərlərinin aktuallığını bu gün də qorumasının əsas səbəblərindən biri, bəlkə də elə birincisi bu ünsürdür. Müasir dünyanın təkamülü vektorunu diqqətdə saxlayaraq Dostoyevskini kahin timsalında gözdən keçirmək olar. Çünki gələcək haqqındakı yalnış proqnozlardan qaçmağın ən yaxşı üsulu ona yoxsulluq və günah prizmasından baxmaqdır. Dostoyevski məhz bu üsuldan istifadə etmişdir. Yazıçıya heyranlıq duyan pərəstişkarı, malikanəsinin salonunda ədəbiyyatçıların, sufrajistlərin (Sufrajistlər - XX əsrin əvvəllərində İngiltərədə qadınlara kişilərlə bərabər seçki hüququ verilməsini tələb edən burjua qadın hərəkatı - X.N.), siyasi xadimlərin, rəssamların və başqalarının toplandığı peterburqlu kübar xanım Yelizaveta Ştakenşneyder 1880-ci ildə - Dostoyevskinin ölümündən bir il əvvəl gündəliyində yazırdı:
"...o, meşşandır. Bəli, meşşan. Dvoryan, seminarçı, tacir, rəssam və ya alim kimi təsadüfi şəxs deyil, məhz meşşandır. Amma bu meşşan dərin düşüncəyə malikdir və möhtəşəm yazıçıdır... İndi o, aristokratların evlərində, hətta knyazların evlərində də tez-tez olur və əlbəttə ki, özünü hər yerdə ləyaqətlə aparır, amma yenə də onun daxilindən meşşanlıq boylanır. Bu, bir çox cizgilərdə özünü büruzə verir; intim söhbətlərdə, hər şeydən çox isə onun əsərlərində...böyük rəqəmli kapitalı təsvir etmək üçün onun hər zaman altı min rublu olacaqdır".
Bu, əlbəttə ki, tam olaraq həqiqət deyildi: "İdiot"da Nastasya Filippovnanın yanan kamininə altı mindən daha artıq pul atılır. Digər tərəfdən dünya ədəbiyyatının insan yaddaşında əzablı iz buraxan ən təsirli səhnələrindən birində kapitan Snegirev qarda cəmi iki yüz rublu tapdalayır. İşin mahiyyəti bundadır ki, məşhur altı min rubl (hazırda bu məbləğ təxminən iyirmi min dollara bərabərdir) dəyərindəki məbləğ bir il ərzində yaxşı şərtlər altında yaşamaq üçün kifayət edirdi.
Xanım Ştakenşneyderin - öz dövrünün sosial stratifikasiya (Stratifikasiya - təbəqələşmə - X.N.) məhsulu - meşşanlıq adlandırdığı sosial qrup hazırda "orta təbəqə" adlanır və bu qrup irsi mənsubiyyətinə görə yox, illik gəlirinə görə təyin olunur. Başqa sözlə, yuxarıda göstərilən məbləğ ağılsız zənginliyə, qanqaraldan yoxsulluğa deyil, sadəcə dözülməsi mümkün olan - insanı insan edən şərtlərə işarədir. Altı min rubl sadə və normal mövcudluğun pul ekvivalentinin məğzidir və bunu anlamaq üçün meşşan olmaq gərək idisə, onda var olsun, meşşanlıq. Zira, insanlığın əksəriyyətinin hədəfi məhz buna - insanın yaşaması üçün normal şərait yaratmağa yönlənib.
Altı mini nəhəng məbləğ kimi görən yazıçı bununla cəmiyyətin əksəriyyətinin mövcud olduğu fiziki və psixoloji müstəvidə fəaliyyət göstərir. Başqa sözlə desək, o, həyatı insan varlığının sadəliyə meyl edən hər bir təbii proses kimi həm şəxsi, həm də ümumi kateqoriyalarda təsvir edir. Və ya yüksək təbəqəyə və ya sosial kütləyə aid yazıçı təhrif olunmuş təsvirlər yaradır, çünki o, hər iki halda həyata olduqca iti bucaqdan baxır. Cəmiyyətin tənqidi (həyatın sinonimi timsalında) yuxarıdan olduğu kimi, aşağıdan da maraqlı mütaliə yarada bilər, amma onun ancaq daxilinin təsviri oxucunun hesablaşmalı olduğu etik tələblərə əməl etməyə qadirdir.
Bundan başqa orta sinfə məxsus yazıçının vəziyyəti, kifayət qədər qərarsızdır, buna görə də özündən səviyyəcə aşağıdakıları hədsiz maraqla izləyir. Təbii ki, yuxarıda baş verənlər bilavasitə fiziki yaxınlıq sayəsində şöhrət möcüzəsindən məhrum edilib. Ən azı orta təbəqəyə məxsus yazıçı müxtəlif problemlər yaşayır ki, bu da onun auditoriyasını genişləndirir. Hər halda Dostoyevskinin hədsiz populyarlığının səbəblərindən biri də budur; elə Melvil, Balzak, Hardi, Kafka, Coys və Folkner kimi. Belə görünür ki, altı min rubl dəyərində məbləğ hansısa mənada böyük ədəbiyyatın qarantiyasına çevrilir.
Lakin problem bundadır ki, qeyd olunan məbləği əldə etmək milyonçu olmaqdan və ya yoxsul vəziyyətdə həyatı davam etdirməkdən daha çətindir - həmin səbəbdən ki, norma hədd ifrat hədd səviyyəsində ətrafımıza toplaşandan daha çox namizədi cəlb edir. Həmin məbləğin yarısını və ya hətta onda birini də qazanmaq insandan tez bir zamanda zənginləşməyə səbəb olan hansısa kələkbazlıq və ya digər tərəfdən asketizmin hər hansı formasından daha böyük cəhdlər tələb edir. Bundan başqa arzu edilən məbləğ nə qədər cüzi olarsa, onun əldə edilməsi üçün o qədər çox emosional cəhdlər gərək olur. Bu nöqteyi-nəzərdən yaradıcılığında insan psixologiyasından yaranan labirintə əsaslı yer verən Dostoyevskinin altı min rublu nəhəng rəqəm hesab etməsinin səbəbi aydın olur. Onun üçün ruhi bədxərclik, nüansların nəhəng müxtəlifliyi və ədəbiyyatda nəhənglik eyniyyət təşkil edir. Başqa cür ifadə etsək, söhbət real yox, metafizik pullardan gedir.
Onun, istisnasız olaraq bütün romanları çətin şəraitdəki insanların həyatından bəhs edir. Bu cür material elə özü-özlüyündə maraqlı mütaliənin təminatıdır. Lakin Dostoyevski qaçılmaq süjet müəmmaları, hətta psixoloji analiz və mərhəmət kimi unikal vergi sayəsində deyil, istifadə etdiyi alətlərə, daha dəqiqi materialın fiziki tərkibi, ən əsası da rus dili sayəsində böyük yazıçı olub. Bu dil digər bütün dillər kimi pulu xatırladır.
O ki qaldı müəmmalara, mübtədaların əsasən cümlənin sonunda rahatlıqla yerləşdiyi rus dili - məsələnin məğzi çox zaman cümlənin özündə deyil, əlavəsində gizlənir - sanki elə məhz müəmmalı yazı üçün yaranıb. Bu, "və ya" alternativi olan analitik ingilis dili deyil - bu, əlavə güzəşt bəxş edən dildir, bu, "hərçənd"ə əsaslanan dildir. Bu dildə söylənən hər hansı ideya həmin anda öz əksini yaradır, rus dilinin sintaksisi üçün şübhə və özünüməhvin ötürülməsindən daha maraqlı və cazibədar məşğuliyyət yoxdur. Lüğətin mürəkkəb xarakteri (ortaölçülü rus sözü üç-dörd hecalıdır) hadisələrin ilkin, korafəhim təbiətini inandırıcı fikirlərlə deyil, birbaşa sözün əsl mənasında aşkara çıxarır və çox vaxt öz fikrini inkişaf etdirməyə hazırlaşan yazıçı gözlənilmədən səslənmədə ilişir və fikirləri nəzərdə tutulan sözün fonetikasına görə həyəcana qərq olur ki, bu da onun mühakimələrini həmin gözlənilməz istiqamətə aparır. Dostoyevskinin yaradıcılığında mövzunun metafizikasının dilin metafizikası ilə fasiləsiz təmasından yaranan gərginliyin sadistcəsinə intensivliyi aydın şəkildə hiss olunur.
Dostoyevski rus qrammatikasının qaydasızlığından maksimum istifadə edib. Onun ifadələrində qızdırmalı, isterik, təkrarsız individual ritm duyulur. Məzmununa və stilistikasına (Stilistika - bədii əsərlərin dil xüsusiyyətlərinivə ifadə vasitələrini öyrənən bölməsi; üslubiyyat - X.N.) görə onun psixikaya təsir edən nitqi isə belletristikanın danışıq dili və bürokratiya ilə qarışığıdır. Əlbəttə ki, o, hər zaman tələsirdi. Qəhrəmanları kimi sonluqla hesablaşmaq üçün çalışırdı, qarşısında isə həmişə kreditorlar və nəşriyyatın təyin etdiyi müddətlər görünürdü. Bununla bərabər qeyd etmək istərdim ki, zamanla təqib olunan insan üçün o, mövzudan olduqca tez-tez yayınırdı. Hətta iddia etmək olar ki, onun haşiyədən kənara çıxmaları əsasən süjetin tələbi ilə deyil, dilin özü tərəfindən diktə edilib. Başqa sözlə, Dostoyevskini oxuyarkən başa düşürsən ki, şüur axınının mənbəyi əslində şüurun özündə deyil, şüurun şəklini və onun axarını dəyişən sözdədir.
Yox, o, dilin qurbanı deyildi, amma özünü bənzətməyə çalışdığı insan qəlbinə göstərdiyi insafsız maraq rus pravoslavlığının sərhədlərindən çox kənara çıxır. Sintaksis isə bu hissin xarakterini inamdan daha çox dərəcədə təyin etmişdir. Hər bir yaradıcılıq özünütəkmilləşdirməyə individual cəhd kimi deyil, müqəddəs olmaq idealı ilə başlayır. Gec ya tez - yəqin ki, tez - yazıçı aşkar edir ki, onun qələmi qəlbindən daha böyük nəticələr qazanır. Bu kəşf çox zaman arxasınca əzablı qəlb dağınıqlığı çəkib aparır və ədəbiyyatın bir çox geniş yayılmış çevrələrdə istifadə etdiyi şeytani nüfuza görə cavabdehliyi məhz o daşıyır. Əslində, hansısa mənada elə bu cürdü, çünki Serafimlərin (Serafimlər - Yəhudilik və xristianlıqda yüksək çinli mələklər - X.N.) yoxa çıxması ölümlülər üçün demək olar ki, hər zaman göydəndüşmədir. Bundan başqa hər hansı ifrata varma özü-özlüyündə həmişə darıxdırıcıdır və yaxşı yazıçıda səma qatı ilə uçurum arasındakı dialoq hər zaman duyulur. Amma hətta bu pərakəndəlik müəllifin və ya əlyazmanın fiziki ölümünə aparmırsa (nümunə olaraq, Qoqolun əsərlərinin 2-ci cildindən "Ölü canlar"), öhdəsinə düşən tapşırığı qəlblə qələm arasındakı məsafənin azalmasında görən yazıçı da məhz elə ondan doğulur.
Dostoyevski budur, onun qələmi qəlbini həmişə ona təbliğ edilən provoslavlıqdan kənara çıxarırdı. Zira, yazıçı olmaq mütləq protestant olmaq mənasını və ya ən azından insanın protestant konsepsiyasından yararlanmağını ehtiva edir. Rus provoslavlığında və Roma katolikliyində insan Yaradanı və onun kilsəsini mühakimə edir. Protestantlıqda insan özü-özünə məhşər yaradır və bu prosesin axarında özünə qarşı Tanrıdan və ya hətta kilsədən daha çox rəhmsizdir - ən azından ona görə ki, o (şəxsi qənaətimə görə), özünü Tanrıdan və kilsədən daha yaxşı tanıyır. Bir də ona görə ki, o, bağışlamaq istəmir, daha doğrusu, bacarmır. Müəllif öz gəlişinə ümid bəsləyərək yazmadığı üçün, ədəbi qəhrəmanlar və onların əməlləri ədalətli və qərəzsiz mühakiməyə layiq olur. Araşdırma nə qədər dəqiqliklə aparılarsa, əsər o qədər əsaslı olur - axı yazıçı məhz həqiqəti yazmağa köklənir. Ədəbiyyatda müqəddəslik özü-özlüyündə o qədər də qiymətli hesab edilmir: ona görə də Dostoyevskinin təsvir etdiyi qoca üfunət qoxuyur.
Əlbəttə ki, Dostoyevski həm xeyrin, həm də xristianlığın usanmaz müdafisəçisidir. Lakin dərindən düşündükdə şərin ondan daha kəskin vəkili olmamışdır. Klassisizmdə o, olduqca mühüm prinsipi mənimsəmişdir: inandığın gerçəyi, hətta dindarlığını nə qədər çox hiss etdiyin haqqındakı əsaslarını nəzərə çatdırmazdan öncə, qarşı tərəfin arqumentlərini gözdən keçirmək lazımdır. Məsələ hətta onda deyil ki, təkzib edilən dəlillərin hesablama prosesində əks tərəfə əyilmək olar: sadəcə, bu cür hesablama özü-özlüyündə olduqca maraqlı prosesdir. Sonunda öz qənaətində qalmaq olar; amma bütün dəlilləri şərin xeyrinə işıqlandıraraq həqiqi inamın postulatlarını şövqlə deyil, nostalji hisslərlə dilə gətirirsən. Elə bu özü də etibarlılıq dərəcəsini artırır.
Amma Dostoyevskinin qəhrəmanlarının oxucu qarşısında qəlbini Kalvinizm (Kalvinizm - xristianlıq cərəyanı - X.N.) inadkarlığı ilə açması səbəbi təkcə etibarlılıq deyil. Dostoyevskini onların həyatının astar tərəfini çevirməyə və onların qəlblərinin sirlərinin bütün qırış və büküşlərinə nəzər salmağa məcbur edən başqadır. Bu, həqiqətə meyletmə deyil. Çünki onun inkvizisiyasının nəticələri həqiqətdən daha üstün, daha gözəldir: onlar həyatın ilkin örtüyünü çıxarır və bu örtük çirkindir. Onu buna sövq edən qüvvə - bir gözəl gündə Tanrıdan, insandan, həqiqətdən, günahdan, ölümdən, sonsuzluqdan və xilasdan kiçik olan dilin acgözlüyüdür və bu zaman o, özünü məzəmmət etməyə başlayır.
1980
Rus dilindən tərcümə edən:
Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!