Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə elmi seminar keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib.

ADPU-dan bildirilib ki, seminar universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşıb.

Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli ədibin həyat və fəaliyyəti, bir alim, hüquqşünas, millət fədaisi, Cümhuriyyət, Osmanlı və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyi və müstəqilliyini müdafiə etməsi, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açıb.

Tədbir çərçivəsində ədibin 150 illiyi münasibətilə Dilqəm Əhməd tərəfindən tərtib edilən və içərisində Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məlumat verilib.

Sonra tələbələrin sualları və fikirləri əsasında müzakirələr qarşılıqlı diskussiya formasında davam etdirilib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!