İmadəddin Nəsiminin “Həqq məndədir” adlı yeni şeirlər kitabı işıq üzü görüb
“Kitab Klubu” tərəfindən “Klassiklərim” seriyasından Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin “Həqq məndədir” (Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2004-cü ildə “Lider” Nəşriyyatı tərəfindən “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından “Seçilmiş əsərləri”nin ikicildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdi.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri iki dildə çap edilib
Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” (pyes) əsəri “Mammadli.az” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap edilib. Əsər iki dildə (Azərbaycan və alman) oxuculara təqdim olunur. Transliterasiya və tərtibat Rafiq Məmmədliyə məxsusdur.
Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Klassiklərim” seriyasından görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil olduğu “Seçilmiş əsərləri” (2017-ci il) nəşr olunmuşdu.
“Müşfiqli günlərim” (xatirə kitabı) kitabı işıq üzü görüb
“Kitab Klubu” tərəfindən "Memuar ədəbiyyatı" seriyasından Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli günlərim” xatirə kitabı işıq üzü görüb. Kitabın müəllifi istedadlı Azərbaycan şairi Mikayıl Müşfiqin ömür-gün yoldaşı Dilbər Axundzadədir. Redaktoru filologiya elmləri doktoru Qulu Xəlilovdur.
Kitabda müəllif özünün Mikayıl Müşfiq haqqında xatirələrini bölüşür.
Eyni zamanda, əsərin özündə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır...
Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən şair Mikayıl Müşfiqin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağıllarının toplandığı “Mən sirin ləhcəli bir bülbüləm...” kitabı ədəbiyyasevərlərin, poeziya həvəskarlarının ixtiyarına verilmişdi.
Şair-filosof Ömər Xəyyamın “Rübailər”adlı kitabı işıq üzü görüb
“Kitab Klubu” nəşriyyatı tərəfindən dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyamın “Rübailər” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabda yer alan müxtəlif mövzulu şeirləri fars dilindən Azərbaycan türkcəsinə Məmmədağa Sultanov, Əkrəm Cəfər, Cabbar Bağçaban, Hüseyn Bəhruz uyğunlaşdırıblar.
Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Görkəmli adamların həyatı” seriyasından dünya ədəbiyyatı tarixində daha çox rübiləri ilə tanınan, Şərqin böyük şairi və mütəfəkkiri, filosof Ömər Xəyyamın həyat və zəngin yaradıcılığına hərs olunmuş “Ömər Xəyyam” adlı kitabı işıq üzü görmüşdü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!