Çexiya yazıçısı Yaroslav Qaşek 1883-cü ildə anadan olub. Ədəbi karyerası 18 yaşında başlayan Qarşek "Cəsarətli əsgər Şveykin macəraları" romanı ilə tanınır. Hekayələrində dini fanatizmi, xırda burjuaziyanın ailə həyatını, "kommersiya" evliliyini, parlamenti, Çexiya burjuaziyasının qorxaq və qarışıq siyasətini amansızcasına lağa qoyurdu. 1899-cu ildə daxil olduğu Yaroslav Ticarət Akademiyasında əlaçı olduğu üçün təhsil haqqından azad edilir. 1902-ci ildə o, Akademiyanı bitirib "Slaviya" bankında çalışmağa başlayır. Sərbəstliyi sevən və çərçivələrə sığmayan Qaşeki məsuliyyətsizliyinə görə həmişə əziyyət çəkməli olur. Ziddiyyətli həyat yaşayan Yaroslav Qaşek iki dəfə uğursuz ailə həyatından sonra Aleksandra Lvova ilə ömrünün axırına kimi həyat sürür. Yaroslav Qaşek 1923-cü ildə dünyasını dəyişib.
I
Yeddi yaşlı Voytex ikinci dəfəydi ki, atasının ağladığına şahid olurdu. Bir il qabaq anası rəngsaza qoşulub qaçan zaman və bu gün, iki ay xəstəxanada qalandan sonra atası onların zirzəmi deyilən daxmalarına qayıtdığı vaxt; əridilmiş dəmir atasının bir gözünü yandırıb üzünü çapıqlarla örtmüşdü. Voytexi və qayınanası Pavlitovu dumanlı şəkildə görən yeganə gözündən göz yaşları süzülürdü, Kostkanın dodaqlarındansa xırıltı ilə bu sözlər qopurdu: "İndi mən şikəstəm..."
Axşamtərəfi dəmirtökmə sexindən yoldaşlarını yoluxmağa gələn dostları stola, üç stula və içalatı çıxmış miskin divana oturub təkrar-təkrar iki ay əvvəl baş vermiş bədbəxt hadisəni müzakirə etdilər. Əridilmiş dəmirin Kostkanın üstünə sıçrayıb üzünü və sol gözünü necə yandırmasını, sonra "Təcili yardım"ın gəlişini və Kostkanı "Təcili yardım"a otuzdurub necə xəstəxanaya çatdırdıqlarını xatırladılar. Hərdən söhbətə Kostkanın xırıltılı səsi qarışırdı: "İndi mən şikəstəm". Kostka yoldaşlarından birini boş masa arxasında oturmamaq üçün pivə almağa göndərdi. Voytex kir tutmuş divar küncündə oturub söhbətə qulaq asırdı: "Direktora əmr eləmək asandır! Qoy indi səni bəsləsin!" Kostkanın arvadını da yada saldılar. "Hə, oğlan, sənin bəxtin gətirir, keçən il Marjka qaçdı, indi isə bir də bu bədbəxtlik." Marjkanın anası qoca Pavlitova söhbətə qarışdı: "Niyə Marjka beşikdəykən mən onu öz əllərimlə boğmadım?" Pavlitovanın sadəcə evdən qovulacağından qorxduğunu anlayan Kostka nifrətlə tüpürdü. "Qulaq asın,-dedi, mən bilmirəm bizim başımıza bundan sonra nələr gələcək. Siz öz qızınızın yanına getsəniz yaxşı olar. Mən işləyə bilmirəm, kim bilir, mən sığorta üzrə nə qədər pul alacağam!" Sobanın yanına çəkilmiş Pavlitova elə bir ah çəkdi ki, hamı onu eşidə bilsin: "Götürüb baltanı son qoyasan bu həyata!" Voytex yeni pivə dolçasını gətirəndə dostlar tamamilə coşmuşdular və ucadan danışaraq stola vurduqları yumruqlarını havada yelləyirdilər: "Qorxma, təşkilat sənin qayğına qalacaq. Biz yoldaşımızı müdafiə etməyəcəyik? Səni şikəst etdilər və indi düşünürlər ki, səni zibilliyə atmaq olar. Bununla da bu işdən yaxalarını qurtaracaqlar. Alınmayacaq. Bizim axı təşkilatımız var!" "Təşkilat" sözü Kostkaya heyranedici təsir göstərirdi. İnanmağa başlayırdı ki, hər şey ötüb keçəcək. Salamat qalmış gözündə sevinc işartıları görünməyə başladı və Kostka bardağı stola vurdu qışqıraraq: "Qoy hünərləri var məni zibilliyə atmağa cəhd eləsinlər. Bizim axı təşkilatımız var."
II
Voytexin dəhşətli dərəcədə bəxti gətirirdi. O zamanlar ki, onun atası bütün instansiyalarda sığorta kassasına qarşı qaldırdığı məhkəmə işini uduzurdu, Voytex o qədər paxla udurdu ki, bu gözəl oyunçuya baxmaq, onunla oyunda bəxtlərini sınamaq üçün uzaq yerlərdən belə uşaqlar gəlirdi. Atası tək qalmışdı. Amma Voytexin ətrafında dəstə-dəstə uşaqlar toplaşırdı, hansıları ki, Voytex əlinin hər bir hərəkəti ilə heyrətləndirib paxlaları istənilən məsafədən istənilən çalaya salmaqla vəcdə gətirirdi. Hər gün Voytexin cibləri ağ və xallı paxlalarla dolurdu və hər gün uşaqlar, bütün məhkəmə davalarına uduzan Voytexin atası kimi kədərli üzlə cibiboş qayıdırdılar evlərinə. Bir dəfə isə dükançı qadının oğlu Tonik evdən yarım kiloqram böyük ağ paxla gətirmişdi və bu ağ paxlalar oyuna qoşulan digər uşaqların xallı, qəhvəyi, göyümtül paxlalarıyla bir yerdə dolmuşdu Voytexin ciblərinə. Həmin gün dəhşətli məğlubiyyətə uğrayan dükançı qadının oğlu Tonikin evə gedərkən sarsılmış üz ifadəsi məhkəmənin verdiyi son qərar ilə əlilliyinə görə hər həftə iki kron yetmiş iki qaller alacağını öyrənən Voytexin atasının üzündəki ifadəylə eyniydi. Voytex isə sobanın arxasında gizli saxlanc yerindəki kisəyə ciblərindən üç cib dolusu paxla töküb ağzınadək doldurdu.
III
Həftəyə iki kron yetmiş iki qaller,-Kostka əlində məhkəmə qərarını tutub eyni sözü bəlkə də yüzüncü dəfə təkrar edirdi. Qoca qarı Pavlitova sobanın yanındakı həmişəki yerində oturub hıçqıraraq deyirdi: "Gör nə günlərə qaldım! Götürüb baltanı son qoyasan bu həyata!"
-Bundan sonra neyləyəcəyik? - Pavlitovadan daha çox bu sualla özünə müraciət edən Kostka ah çəkdi.
-Mən bir gözlə çox çətinliklə görürəm. Qətiyyən alova baxa bilmirəm. Gözüm həmin an sancmağa başlayır.
-Bənna köməkçisi olmaq necə? -Pavlitova təklif elədi. -Mərhum atam yaxşı qazanırdı.
-Dəmirçi gedib günəmuzd işləsin deyirsiniz? -Kostka onun üstünə cumdu. -Siz yaxşı olar ki, susasınız.
Pavlitova bir dəqiqəlik susdu. Ancaq sonra başladı həmişəki təranəyə: -Götürüb baltanı son qoyasan bu həyata!
-Yaxşısı budur ki, özünü asasan! -Kostka qışqırdı. İnsanı şikəst edirlər, sonra da ona həftəyə iki kron yetmiş iki qaller verirlər. Bədbəxt hadisə gününü də hesablayıb sığorta kassasının ödədiyi üç aylıq pulu hesablamağa başladı. Otuz iki kron altmış dörd qaller,-o donquldandı.
-Pavlitova, nə qədər borcumuz var?
-On dörd qızıl borcumuz var dükançıya,-qarı cavab verdi. -Bütün ehtiyatımız iki həftə bundan qabaq qurtarıb.
-Araq almışıq, nədi? Gedirəm ödəyim.
-Mənim başımda yenidən səs-küy başlamışdı,-Pavlitova özünə haqq qazandırdı,-ona görə də bir qədər zirə arağı içmişəm.
IV
Dükançıya borcların ödənilməsi səhərə qədər uzandı. Borcunu ödəyən Kostkanın işsiz-gücsüz dolaşan köhnə yoldaşı çıxdı rastına. Pivə içməyə getdilər. Sonra xudmani kafedə oturub sərt içkilərin satılacağı vaxtı gözləyib bir-birlərini roma qonaq edəndən sonra hərə öz evinin yolunu tutdu. Kostka yatmaq istəmirdi. Onun əla əhval-ruhiyyəsi var idi və o, qərara gəldi ki, çıxıb iş axtarsın. Qoy lap bənnaya daş vermək olsun, təki işsiz qalmasın. O, öz yürüyüşündən dilxor və kədərli qayıtdı. Çünki heç bir yerdə təkgözlü və o tək gözü də pis görən işçiyə ehtiyac yox idi. Həmin gündən əzablı iş axtarışları başlandı, yuxusuz gecələrdə Kostka yeganə gözünü yuman kimi gözünün önünə ona çox oxşayan, onun kimi kədərli və arıq bir nəfər gəlirdi və qulağına nəsə pıçıldayırdı və bu nəsə aclıq idi. Aclıq özünü çox gözlətmədi.
Dükançı qadın nisyə mal verməkdən boyun qaçırdı. Çörək və kartof aldıqları iki kron yetmiş iki qallerdən əlavə pul hardan tapsınlar? Bu pul onlara ancaq cümə axşamına kimi çatırdı. Bəs cümə axşamından şənbə gününə kimi necə dolansınlar?
V
-Ata, - cümə günü səhər Voytex dedi,-məndə bir kisə paxla var, gəl, onu bişirək.
Böyük un kisəsinin içində saxladığı yüzlərlə ehtiyat paxlanı fədakarlıqla atasına verdi. O paxlaları ki, qayğısız uşaqlıq illərində uşaqlar onlarla oynamağı çox sevir. Haçan ki, Voytex qaynadılmış paxlaları, öz paxlalarını yeyirdi, boşqabındakı yemək göz yaşları ilə duzlanmışdı. Mən əminəm ki, həmin an Voytex dünyagörmüş adamlar kimi səfalətin nə olduğunu anlamışdı.
Rus dilindən tərcümə etdi:
Xuraman Hüseynzadə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!