Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 3 yeni nəşri işıq üzü görüb

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun Edebiyyatqazeti.az-a verdiyi məlumata görə bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində 3 yeni nəşr işıq üzü görüb. Bunlar serb şairi Radomir Andriçin “Yazı masasının o biri üzündə”, Moldova-rumın şairi Leo Butnarunun “Çətir götürməyi unutmayın” seçmə şeirlər kitabı və İran ədəbiyyatının və farsdilli poeziyanın öncüllərindən olan  Gərus Əbdülməlikianın “Sonuncu quş” seçmə şeirlər kitabıdır.

Radomir Andriç -  “Yazı masasının o biri üzündə” seçmə şeirlər.

Görkəmli serb şairi Radomir Andriçin  (1944)  2 kitabdan seçilmiş və 3 silsilədə təqdim edilən 43 şeirinin toplandığı “Yazı masasının o biri üzündə” şeirlər toplusu.

Radomir Andriç müasir Serbiyanın  ciddi və  şöhrətli şairlərindəndir. “Dəyirmanda gü­nəş”, “Meşə kilsəsi”, “Girişsiz”, “Gecə üzgüçüsü”, “Rumın iko­na­sı”, “Savadakı qayıqda nahar”, “Qaranquşlar uçub getdi”, “Eyni şey və tərsinə”  kimi bütövlükdə 40-dan artıq poetik top­lu­nun müəllifidir. Əsərləri 20-dən artıq dilə tərcümə edilib, nü­fuz­lu nəşrlərdə və həmçinin ayrıca toplular kimi nəşr edilib. “Qızıl Orfey”, “Ni­kita Staneku”, “Lukian Blaqa”, “Qızıl Qələm”, “Emi­nesku”  kimi  Avro­pa və Serbiyanın ciddi ədəbiyyat mü­ka­fat­larının sahi­bi­dr. Yaradıcılığı barədə  həm öz ölkəsində, həm də kənarda elmi məqalələr yazılıb, araşdırmalar aparılıb. Uzun müddət Ser­biya Yazıçılar Bir­liyinə rəhbərlik edib. Azərbaycan Yazıçılar Bir­li­yi­nin son qu­­ru­l­ta­yın­da Birliyin dəvətilə ölkəmizdə qonaq olub. Azər­­bay­cana, Tür­kiyəyə xüsusi simpatiyası ilə seçilin serb ədib­lə­rin­dən­dir. Radomir Andriçin Azərbaycan dilindəki bu ilk kitabına şai­rin “Yarımçıq Moraviya nəğməsi” və “Uçuşa vərdiş” top­lu­la­rın­dan seçilmiş şeirləri daxil edilib ki, onların bir hissəsi “Kitabçı”, “Ulduz” və “Dünya ədəbiyyatı” jur­nallarında, “Ədəbiyyat qəzeti”ndə  daha əvvəl dərc edilib. “Uçuşa vərdiş” (“Svikavane na levitasiyu”) kitabından seçilmiş və hazırkı nəşrə daxil edilən bir silsilə şeir Azərbaycan və Tür­ki­yə­yə sə­fər­lə­rin­dən doğan təəssüratlar əsasında yazılıb.

“Mütərcim” nəşriyyatında çap edilən 56 səhifəlik kitabın tərcüməçisi, eyni zamanda tərtibçisi  və redaktoru  Səlim Babullaoğludur. Nəşrdə  Yekaterina Paniçin bəzi sətri  tərcümələrindən istifadə edilib. Naşir Əliş Mirzalıdır. Kitabın hazırlanmasında Həmidə Səlimli (korrektor) və Rita Müslümova(dizayn-səhifələmə) çalışıblar.

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun dəstəyi ilə baş tutan kitabın nəşri Azərbaycan-Serbiya ədəbi əlaqələri kontekstində  dəyərli hadisə, eyni zamanda  Avropa şeirini tanımaq baxımından vacib addımdır. Qeyd edək ki, daha əvvəl Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi “Dünya ədəbiyyatı” dərgisinin Serbiya poeziyası “xüsusi sayı” işıq üzü görmüşdü.

Leo Butnarunun “Çətir götürməyi unutmayın”seçmə şeirlər kitabı.

Görkəmli Moldova-rumın şairi Leo Butnarunun (1940) 2 kitabından seçimiş və 5 silsilədə təqdim edilən 48 şeirinin toplandığı “Çətir götürməyi unutmayın” şeirlər toplusu işıq üzü görüb.

Radomir Andriç Çağdaş Moldovanın, Serbiyanın  ciddi və  şöhrətli şairlərindən olan, tanınmış tərcüməçi və essesit Leo Butnari 1967-ci ildə “Moldaviya gəncləri”/“Tinerimea Moldovei” qəzetində ədəbi debüt edib, “Moldaviya gəncləri”, “Ədəbiyyat və incəsənət”/“Literatura și arta” qəzetlərində, “Moldova” jurnalında  şöbə müdiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.

Leo Butnaru 1990-1993-cü illərdə Moldova Yazıçılar İttifaqının vitse-prezidenti olub. 1993-cü ildən Rumıniya Yazıçılar İttifaqının üzvüdür, bu təşkilatın bir çox mükafatlarını alıb, hazırda rumın yazıçılar təşkilatı konsiliumunun üzvü, təşkilatın Kişinyev filialının rəhbəridir. 80-dən artıq kitabı nəşr edilib. Əsərləri dünyanın bir çox dillərinə çevrilib. Kitabları Rusiya, Fransa, Serbiya, Bolqarıstan, Ukrayna və b. ölklərdə çap olunub.  Xüsusən rus ədəbiyyatından ardıcıl tərcümələri ilə məşhurdur. Onun hələ sovet dövründə  tərcüməçisi və tərtibçisi olduğu antologiyada Azərbaycan şairlərinin də şeirləri (Nəbi Xəzri, Cabir Novruz) yer alıb. Fransız, rus və ispan poeziyasından elədiyi tərcümələr təqdirlə qarşılanıb, nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülüb.  Moldova Milli Ədəbiyyat Mükafatı, Rumıniya və  Moldova Yazıçılar Birliyinin mükafatları, Rumın Şairlərinin Müsabiqəsində Baş Mükafata layiq görülüb.

Əsərləri Azərbaycan dilinə də tərcümə edilib, “Dünya ədəbiyyatı” dərgisi Moldova poeziyası “xüsusi sayı”nda işıq üzü görüb.

“Mütərcim” nəşriyyatında çap edilən 64 səhifəlik kitabın tərcüməçiləri Cavanşir Yusifli və Səlim Babullaoğlu (tərtibçi və redaktor),  naşiri Əliş Mirzalıdır. Kitabın hazırlanmasında Həmidə Səlimli (korrektor) və Rita Müslümova(dizayn-səhifələmə) çalışıblar.

Kitab Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun dəstəyi ilə ərsəyə gəlib.

Gərus Əbdülməlikian - “Sonuncu quş”, seçmə şeirlər.

Müasir İran ədəbiyyatının və farsdilli poeziyanın öncüllərindən olan  Gərus Əbdülməlikianın (1980) “Sonuncu quş” seçmə şeirlər kitabı bilinqva formatda  (Azərbaycan və fars dillərində olmaqla ikidilli nəşr kimi) işıq üzü görüb.  Kitaba müəllifin özü ilə razılaşdırılmış şeirləri daxil edilib. Gərus Əbdülməlikian 1980-ci ildə oktyabr ayının 10-da tanınmış İran şairi və tənqidçisi Məhəmməd Rza Əbdülməlikianın ailəsində anadan olub. Şeir yazmaq həvəsi özünü uşaqlıq illərindən biruzə verib. Doğum tarixi İran-İraq savaşı ilə demək olar üst-üstə düşən şair öz şeirlərində bu mövzuya təkrar-təkrar qayıdıb. Bu gün o, İran ədəbi gəncliyinin və şeir həvəskarlarının əsas kumirlərindən biridir. Şeirləri ingilis, fransız, ərəb, alman, isveç dillərinə çevrilib. “Dünyanın solğun rəngləri”, “Gizlənmiş quş”, “Sətirlər qaranlıqda yerini dəyişir”, “Heç bir şey ölüm kimi yeni deyil” və “Qəbul etmək” və b. Şeirləri böyük marağa səbəb olub. “Karnamə”, “Şəhrivər gecələri”, “Şah Nabat”, “İranın müasir Şeir Kitabı”, “İlin Gənc Şairi”, Fəcr Ədəbiyyat Festivalının “Büllur Sərv” ödülü və b. ədəbi mükafatların sahibidir. Yunanıstan Poeziya Festivalında I yerin qalibi olub. Voix Vives Fransa Poeziya festivalında İranı təmsil edib. Azərbaycan dilində şeirləri ilk dəfə “Dostun evi hardadır?” Modern İran şeiri antologiyasında dərc edilib.

Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Bakı-İran Mədəniyyət Mərkəzinin əməkdaşlığı çərçivəsində nəşr edilib. Kitabda Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsinin “Ön sözü” də yer alıb: “Bu kitabın nəşri bizim Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığımızın növbəti uğurlu səhifəsidir. İkincisi, yeni farsdilli poeziya ilə Azərbaycan oxucularının tanışlığı istiqamətində növbəti dəyərli addım, indiyəqədərki mədəni fəaliyyətimizin ardıcıllığının təsdiqidir. Bu cür ikidilli nəşrlər, konkret olaraq bu toplu müqayisəli tərcüməşünaslıq, müasir farsdilli poeziyanın azərbaycanlı tədqiqatçıları, xüsusən tələbələr üçün fərqli imkanlar yaradır...”

 Kitabın tərcüməçisi və məsləhətçisi  dok.Məsiağa Məhəmmədi, koordinatoru və tərcüməçisi Ümid Nəccari, tərtibçi və redaktoru Səlim Babullaoğludur, naşiri Əliş Mirzalıdır. Kitabın hazırlanmasında Həmidə Səlimli (korrektor) və Mətanət Qaraxanlı da (dizayn-səhifələmə) çalışıblar.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, hər üç nəşr nəhəng çağdaş dünya şeiri səhnəsinin dəyərli bir parçası olmaqla vacib nəşrlərdir: “...Radomir Andriç də, Leo Butnaru da ciddi Avropa şairləridir, Şərqi və Cənubi Avropanın tanınmış ədəbi imzalarıdır. Gərus Əbdülməlikian isə yeni İran şeirini həm öz ölkəsində, həm də  dünyada uğurla təmsil edir. Nəşrin ikidilli olması da əhəmiyyətlidir. Bundan əvvəl biz Vaqif Səmədoğlunun Azərbaycan və fransız dillərində, sonra isə Arkadi Suçevyanunun Azərbaycan və rumın dillərində ikidilli kitablarını nəşr etmişdik. Bu kitab da eyni silsilədəndir.

Ümumiyyətlə, isə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bu il ərzində daha 10-12 nəşri olacaq. O cümlədən Nizar Qəbbani, Luisi Pirandello, Nikolay Spetaru, Babur, Şəms Ləngərudi, Vasil Belov, Maraqaret Etvud, Fermin Maksnas,“Yapon nəsrindən seçmələr” (Matusmato, Rampo, Niva, Miura,Yosimoto, Murakami) kimi dünya müəlliflərinin əsərlərini çap edəcəyik. Vaxtı gəldikcə bu haqda ətraflı verəcəyik....”


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!