Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gənc şair Fərid Hüseynin Daşkənddə Azərbaycan, özbək və rus dillərində çap olunan “Səmərqənd divanı” kitabının təqdimatı keçirilib.
Mərasimində Özbəkistanın yazıçı və şairləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Foyedə müəllifin yeni çapdan çıxan “Səmərqənd divanı” adlı poetik silsiləsinin, habelə mərkəzin layihəsi ilə nəşr olunan kitabların sərgisi də keçirilib.
AMM-nin direktoru Samir Abbasov Fərid Hüseynin yaradıcılığı haqqında danışıb, əsərdə Şərqin ən böyük memarlıq abidəsi sayılan Səmərqənd şəhərinin möhtəşəm tarixi, onun keçdiyi inkişaf yoluna işıq saldığını qeyd edib.
Alim və tərcüməçi Babahan Şərif Fərid Hüseynin yaradıcılığı haqqında danışaraq, gənc şairin Özbəkistan üçün xüsusi əhəmiyyət kəsb edən mövzu – tarixi Səmərqənd şəhəri haqqında əsər yaratdığına görə təşəkkürünü bildirib. O, müxtəlif dillərdən əsərlərin Azərbaycan dilinə tərcümə etdiyini bildirib, şairin tərcüməçilik fəaliyyətini də yüksək qiymətləndirib.
“Səmərqənd divanı”nı özbək dilinə tərcümə edən şair Tahir Qahhar deyib ki, Fərid Hüseyn bu poetik silsiləni qələmə almaqla ilk növbədə mövcud ənənəni davam etdirib, Səmərqəndin tarixi yerlərini ziyarət etdikdən sonra şəxsi, ictimai, fəlsəfi duyğu və düşüncələrini, əbədiyyət, fanilik, ötəriliklə bağlı fikirlərini bölüşüb.
Özbək şair və tərcüməçi Şəhla Qasımova sirlər şəhəri olan Səmərqənd haqqında dünyada və Özbəkistanda çoxsaylı əsərlərin yaradıldığını, tarixi və əfsanələri ilə insanları heyrətləndirən bu qədim şəhərin hələ də şair və yazıçıların ilham mənbəyi olduğunu qeyd edib.
Dosent Şaxnoza Nurbekova, alim Umidə Dostova çıxışlarında Şərqin ən unikal memarlıq irsi sayılan Səmərqənd mövzusunda əsər yaradan Azərbaycan şairinə öz təşəkkürlərini bildirdilər.
Sonda Fərid Hüseyn çıxış edərək əsərin yaranma səbəbi, Şərqin ən böyük tarixə, zəngin mədəniyyətə malik, böyük bir imperiyanın paytaxtı olan Səmərqənd şəhəri haqqında danışıb. O, monoloqdan ibarət olan əsərini fanilik duyğusuna ithaf etdiyini qeyd edib və onu Azərbaycan şairi Xaqaninin “Mədain xərabələri” adlı əsərindən sitat gətirməklə başladığını söyləyib.
Tədbirdə Fərid Hüseyn Azərbaycan-Özbəkistan ədəbi əlaqələri sahəsindəki fəaliyyətinə görə AMM-nin fəxri diplomu ilə təltif olunub.
Sonra müəllifin imza mərasimi keçirilib, yeni nəşr olunan kitablar iştirakçılara təqdim olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!