Özbəkistan Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalında Azərbaycan aşıqları 2-ci yeri qazanıblar

 

Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistan Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalında Azərbaycan aşıqları - Aşıq Əli və Aşıq Samirə 2-ci yeri qazanıblar.

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, YUNESKO-nun himayəsi ilə aprelin 6-dan 10-dək bu ölkənin Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı keçirilib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə ilk dəfə keçirilən festivalın açılışında YUNESKO və ISESKO-nun yüksək səviyyəli nümayəndələri, Qırğızıstan Prezidentinin müşaviri, Qazaxıstan və Tacikistanın mədəniyyət nazirləri, həmçinin ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəsmi təmsil ediblər.

Azərbaycandan şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, aşıq Samirə Əliyeva və aşıq Əli Quliyevin də iştirak etdikləri festivalda dünyanın müxtəlif ölkələrindən xalq yaradıcılığı sahəsində çalışan musiqiçilər, baxşi, aşıq, akın, ozan, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları çıxış ediblər.

Festivalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları təbrik edib, baxşi yaradıcılıq məktəblərinin yaradılmasının, bu sənətin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Prezident Şavkat Mirziyoyev Özbəkistanın zəngin mədəniyyətinin, baxşı sənətinin  dünyaya çatdırılması istiqamətində aparılan işlər haqqında məlumat verərək, Özbək xalqının böyük ənənələri, xalq yaradıcılığının zəngin sahəsi olan baxşı sənəti haqqında fikirlərini bölüşüb.

Festivalın açılış mərasimi tənətənəli şəkildə qeyd olunub, baxşı sənətinə dair mədəni proqram, habelə Termez şəhər Mərkəzi parkında möhtəşəm kompozisiyalar, Özbəkistanın müxtəlif regionlarının mədəniyyətini təmsil edən sərgi və konsertlər təqdim edilib.

Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünən Termez şəhərinin Mərkəzində 1-ci Baxşı (aşıq) Festivalına yekun vurulub. Azərbaycan aşıqları - Aşıq Əli və Aşıq Samirə Festivalda 2-ci yeri qazanaraq, Münsiflər Heyətinin ali mükafatına layiq görülüblər, diplom və pul makafatları ilə təltif ediliblər.

Dünyanın 74 ölkəsinin 160-dan artıq musiqiçisinin iştirak etdiyi Beynəlxalq Baxşi (aşıq) sənəti festivalında Azərbaycan aşıqlarının qələbəsini böyük maraqla qarşılayıb, yerli və beynəlxalq KİV-lər hadisəni geniş işıqlandırırlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!