Ölkə başçısının Sərəncamı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Sərəncamda vurğulanır ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!