Yeni çapdan çıxan “Komandir” romanı cəsur kəşfiyyat komandiri Raquf Orucova həsr olunub

 

Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı işıq üzü görüb. Kitab aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə “CBC” nəşriyyatında çap olunub.

Kitabın müəllifi Şərif Ağayarın verdiyi məlumata görə, romanda bəhs olunan mövzular Azərbaycan oxucusu üçün tanış olsa da, “Komandir” xeyli fərqli üslubda yazılıb: “Əsər ədəbi mühit üçün tamamilə yeni üslubda qələmə alınıb. Romanda Raquf Orucovu bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülü işə salmağa da ehtiyac olmayıb, çünki kəşfiyyat komandirinin həyatı çox zəngindir. O, öz ömür yolu və döyüş qəhrəmanlığı ilə peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitinin canlı obrazını yaşayıb”.

Roman 4 hissədən ibarətdir. Birinci hissədə polkovnik-leytenant Raquf Orucovun uşaqlığı, gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər əks olunub. İkinci və üçüncü hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğurundakı döyüşlər haqqındadır. Ömrünün 25 ilini torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə alınıb.

Kitabın yaxın günlərdə təqdimatı keçiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!