Tarixin şiddətli ağrısı...Mart soyqırımı... - Unutmağa haqqımız yoxdur!

 

Mart soyqırımı və Mart hadisələri - 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı kimi Günü kimi qeyd olunur.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.



Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jumalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı.

“Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. Milli məfkurə məbədi olan “İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnakstyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər. “Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir.

Daşnaksütyun Partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu.

“Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı.

“Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olunduTiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.

V.İ.Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşlayırdılar.

“Açıq söz”, “İttihad”, “İstiqlal” kimi qəzetlərdə “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, “İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu. S.İbrahim “Açıq söz” qəzetində bolşeviklərin və Daşnaksütyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri “Milli fəlakət” kimi dəyərləndirərək xalqı xəbərdar edirdi: “Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar… Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi.

Üç gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar”. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfidən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

İnsanların kütləvi qırğına məruz qalmasını, erməni vəhşətlərini gözü ilə görən Məhəmməd adlı bir şəxs “Azərbaycan” qəzetində “Saralmaz yaralarımız” sərlövhəli məqalədə yazırdı: “Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur – A.A) Nikolayevski hazırkı “İstiqlaliyyət” küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı.

Uşaq, böyük, arvad, kişi – heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanlarm tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”. Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır: “Bütün vəhşət və zalımlıqları sayıbqurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilib. İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni vəhşiliyinin bariz nümunəsi idi.

Xəstəxanada yatan bir yaralı jurnalistə öz başına gələnləri nəql edərək söyləyir ki, 9 nəfər araba ilə gedən zaman yolda erməni silahlılarına rast gəlirlər: “Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim 3 yoldaşım öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli yerdən uzaqlaşdım. Yolda bir həmişəri məni saxlayıb xəstəxanaya apardı”.

Hadisələr səngiyəndən sonra yalnız martın 25-də “Vulkan cəmiyyətinin köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi.

“Azərbaycan” qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında “Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır: “Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar”.

Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. “Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdırlar. Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: “Şamaxı şəhəri bütünlüklə yanıb”…

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!