Sabir Rüstəmxanlı yazır...
Azərbaycanda və ölkəmizdən kənarda çoxsaylı oxucu Məmməd İsmayılı ötən yüzilin 60-cı illərində ədəbiyyata gəlmiş, həm yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti ilə gənclərin milli-özünüdərk prosesində, vətəndaşlıq duyğularının möhkəmlənməsində ciddi rol oynamış, sayılıb-seçilən, sevilən görkəmli şair, sözünü silaha çevirməyi bacaran usta publisist, jurnalist kimi tanıyır.
Şeirləri İkinci Dünya müharibəsinin gətirdiyi faciələrdən, uşaqlıq illərinin ağır itkilərindən tutmuş Qarabağ savaşına qədər - mürəkkəb, enişli-yoxuşlu, ümid və ümidsizliklə, ictimai-mənəvi sıxıntılarla dolu bir tarixlə bu dövrün dərdlərini daşıyan Azərbaycan insanının bitməyən dialoqudur, ağrılar calnaməsidir. "Ağacdələn, döy qapımı", "Vətən kiçilməz", "Ümiddən asılan qılınclar","Savalanda yatan igid", "Təzədən mən sənə qayıdacağam", "Hələ yaşamağa dəyər", "Bir də keçməyəcək ələ bu anlar", "Qoymayın dünyanı adiləşməyə", "Kimi aldadırsan, ay zalım oğlu", "Mən şair deyiləm" və s. bir çox şeri poeziyamızın inciləri sırasında yer almışdır.
"İz" romanı şairin oxuculara sürprizidir və istedadının başqa bir tərəfini göstərir, başqa bir qatını açır.
Roman "Azərbaycan" jurnalında çap olunub, 2015-ci ildə “TEAS Press” nəşriyyatında ayrıca kitab kimi buraxılıb; aradan xeyli vaxt keçsə də, təəssüf ki, ədəbi tənqidin və ədəbi ictimaiyyətimizin diqqətindən kənarda qalmışdır.
"İz" Məmməd İsmayılın ilk irihəcmli nəsr əsəridir, lakin ruh etibarı ilə onun şeirlərindən gələn, şeirlərindən mayalanan bir romandır. Kitaba ön söz yazmış Rüstəm Kamalın dediyi kimi, "bu roman Məmməd İsmayılın tale kitabıdır" və şübhəsiz, gec-tez yazılmalıydı. Lakin kitabın dəyərli cəhətlərindən biri onun yalnız bir nəfərin yox, ötən əsrin otuzuncu-qırxıncı illərində yaşamış böyük bir nəslin yaşadığı mühitin, o nəslin keçmişdən- bu günə həyat və düşüncə tərzinin romanı olmasındadır.
"İz" Azərbaycanın gözəl guşələrindən biri olan Tovuzun Əsrik dərəsinin qeyri-adi təbiətinə, bu təbiətə bağlı və bənzər olan insanlarının zamanın ağır şərtləri ilə Yaradan arasında müvazinətlərini qorumaq mücadiləsinə, adət -ənənələrinə, hələ də ilkin saflığını qorunmuş inanc və inam sisteminə, həm sevincin, həm faciənin dili olan folkloruna, sazına, balabanına , kökləri qartal caynağı kimi qayalara pərçimlənmiş ağaclarına, Əsrik çayı boyunca ceviz ağaclarının kölgəsinə sığınmış kasıb evlərinə işıq tutur.
Məmməd İsmayıl bir kəndin danışdığı dilin və yaşadığı olayların timsalında Azərbaycan bölgələrində ədəbiyyatımız üçün nə qədər zəngin xəzinələr yatdığını göstərir.
Mənə Məmməd bəyin şeirlərindən və söhbətlərindən tanış olan bəzi süjetlər, xatirələr, xarakterlər, real və simvolik obrazlar romanda mükəmməl bir bədii sistem içində və ya süjet ətrafında birləşir. Mifik-emosional, bədii (bəzən hətta şeir səviyyəsində) ovqat romanın daxili enerjisinin əsas qaynağıdır. Əsər müəyyən vaxt ərzində və təbii ki, fasilələrlə yazılsa da, adama elə gəlir ki, şeir kimi birdən- birə doğulub, birnəfəsə, lakin nasir peşəkarlığı ilə yazılıb.
Məmməd İsmayıl söz ustasıdır, nəyi necə yazmağın yollarını yaxşı bilir. Öz uşaqlıq dünyasının dastanını yazır, lakin bu dastan pərakəndə xatirələr yığnağı deyil, zamanın və mühitin bütün cəhətləri, rəngləri, ziddiyyətləri, faciələri bir neçə adamın taleyində, xarakterində açılır: el ağsaqqalı Şəmşəd kişi, kiçik qardaşı Muradla ömür-gün yoldaşı Gülsüm və onların övladları Güzar... Dörd başqa obraz da var ki (at-Gülüzə , arı - Şah beçə, Qara qoç və Yanıl alma), romana insan və təbiət, insan və Tanrı arasındakı sirli ilişkilərin, kəndlərimizin yüz illərlə yaşatdığı və içində yaşadıqları yarıreal, yarısimvolik inancların özəl havasını gətirir... Onlar da bu ailənin taleyinə şərikdir. Muradı və ailəni izləyən xata-bala öncə onlara toxunur. Bu, həyatın nəsrimizin diqqətindən kənarda qalan bir qatı, sirli, ilahi bir vəhdətin nişanəsidir və Məmməd İsmayılın şeirlərindən və həyatından gələn bir xətdi.
Yuxarıda dediyim kimi, roman müəllifin və ailəsinin ömür dastanıdır; ötən əsrin Əsrik kəndinin obrazlar qalareyasıdır. Yığcam söz cizgilərilə rəsmləri çəkilmiş bu insanlar, aşığı, mollası, müəllimi, dəyirmançısı, oğrusu, əyrisi ilə oxucu yaddaşına həkk olunur.
Əsərin quruluşu, bölmələrin adları, başlıqların altında verilmiş qısa mətnlər də dastan poetikasını xatırladır...
Mən Əsrik dərəsinin saf havasını udduğum, oranın sinəsi sazlı, dili alqışlı, xeyir-dualı adamları ilə çörək kəsdiyim, ilhamı Cökə bulagı kimi çağlayan aşıqlarını dinlədiyim, qaya qaşından kəndə boylanan tənha dağdağanın həyat eşqinə heyrətləndiyim, ceviz ağaclarının kölgəsinə sığınmış balaca evlərinin ürəyi sızladan qərib görkəmini gördüyüm günlərdən çox-çox əvvəl Məmməd bəyin şeirləri və xatirələri xəyalımda o mənzərələri yaratmışdı.
"İz" romanı ilə yenidən o mühiətə, şair dostumun bir vaxtlar həyat mücadiləsi verdiyi çağlara qayıtdım.
Subaylıq vaxtlarımızda uzun müddət bir yerdə kirayənişin olmuşduq, çətinlikləri birgə adlatmışdıq. İlk vaxtlar o, televiziyada işləyirdi, mən "Ədəbiyyat və incəsənət" qəzetində. Ədəbiyyatımızın və vətənimizin taleyi ilə bağlı söhbətlər bütün boş vaxtlarımızı doldururdu. Tez-tez dəyişən kirayə mənzillərimiz həm də tanınmış dostlarımızın, sənət adamlarının yığışdığı yerdi: Söhrab Tahir, Sabir Əhmədli, Fərman Kərimzadə, İsi Məlikzadə, İsa İsmayılzadə, Musa Yaqub, Hidayət, Müzəffər Şükür, Aydın Qurbanoğlu, Tofiq Abidin, Tofiq Hüseyn və Tovuzdan Məmmədin sorağına gələn ustad aşıqlar - Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran və b.
Bizim Yardımlıdakı evimizdə axşamlar valideynlərim bacı-qardaşlarıma növbə ilə qəzetləri, kitabları oxutdurub qulaq asardılar. Bu, mənim də yeni qoşulduğum ədəbiyyat mühitinə maraqla yanaşı, həm də uşaqların nitqini, oxu qabiliyyətini sınamaq, qiymətləndirmək imkanı idi. Mənim qonağım kimi kəndə gəlib-gedən tanıdıqları adamların yazılarını daha maraqla dinlərdilər. Məmmədin anasına yazdığı şeirləri oxutdurub qulaq asandan sonra anam ona da oğul sevgisiylə yanaşar, onun adı gələndə və ya özünü görəndə vaysınıb,"bala, sənin bu dostun cox zülm çəkib, onnan mehriban ol" deyərdi.
O illərdə bütün yazılarımız çapdan əvvəl güzəştsiz bir qardaşlıq süzgəcindən keçərdi. Bir də demək olar ki, hər gün vərəqlənən uşaqlıq xatirələri vardı...
Sağlığında bizim kirayə qaldığımız evin qonağı olmuş dünya mələyi anası ilə söhbətlərimiz də yadımdadır. Atası müharibədən qayıtmadığından, anası onu tək, kirpiyilə od götürə-götürə böyütmüşdü. Buna görə də həm üzünü görmədiyi atası, həm əzabkeş anası, onun gözündə qutsal, müqəddəs insanlardır. Ağır uşaqlıq illərində Allahın yardımçısı kimi bərəkətini əsirgəməmiş hər canlı (istər ağac olsun, istər südünü əsirgəməyən qoyun), hər qarış torpaq onun qələmində, şeirlərində yaşayır, düşünür, hiss edir, yaxşı günlərdə sevinclə çiçəkləyir, fəlakət çağında ilk zərbəni qəbul edir, göz alır, sahibinin üstünə gələn əyri izləri çəkib özünə bağlayır, özü qurban gedir ki, sahibi yaşasın.
Bütün bunlar "İz" romanında davam və inkişaf etdirilir.
Yazara görə "İnsanın başına nə gəlirsə, hamısı bir şəkildə iz buraxıb gedir, bulaqdan təmiz çıxan su sonra öz-özünə bulanmır ki... Onu bir bulandıran var. Yetər ki, bir su başdan bulanmasın".
Romanın əsas qəhrəmanı müəllifin atasının proobrazı olan Muraddır. Əsərin əsas xətti də Muradın qorxmaz ruhunda və igidliyində yaşayan və dastan qəhrəmanlarından, Koroğludan gələn izdir. Murad bəstə boylu, sakit bir kənd cavanıdır. Lakin möhkəm xarakteri var; mərddir, qorxmazdır, haqsızlığa dözmür, çətinliklərin gözünə düz baxır, həyatın ağır sınaqları onu sındıra bilmir. Xalqın yüz illərdən keçib gələn adət-ənənələrinə bağlıdır. Koroğlu kimi onun da şöhrəti mahalı bürümüş bir atı var; sevgisi də xarakterinə uyğundur. Gözünün ilk ovu olan Gülsənəmi kənd arasında dolaşan söz-söhbətə görə, sakitcə ata evinə qaytarır. Lakin ondan əvvəl iki dəfə uğursuz ailə həyatı yaşamış, sadəcə uşağı olmadığına görə, adına "barsız söyüd" deyilən Gülsümü görən kimi öz qərarını verir və onunla evlənir. Əsərin uşaq qəhrəmanı Gülzar da bu evliliyin bəhrəsidir.
Murad möcüzələrə, göydəndüşmə uğurlara bel bağlamasa da, onun da qisməti Tanrıdan gəlir. Arısını Qızıl qayadan tapır; "Ceyran dırnaqlı, ağ kəkilli, qızıl yallı, geniş sarğılı, uzun ortalı, dizləri səkilli, məclislər yaraşığı, demə-görmə, Qırat misallı" atı da öncə çöpüklü, çəlimsiz olduğuna görə, yolda buraxılmış, unudulmuş bir dayçadır... Qoçu da köçdən ayrılıb qalmış, sahibsiz bir qoyunun balasıdır.
Öz ocağını yenicə isitməyə başladığı bir vaxtda Güzarı anasının qucağında qoyub müharibəyə gedir və qayıtmır. Bundan sonra Gülsüm, Güzar və Muradın birinci evliliyindən olan qızı Gülyaz kənddə Şəmşəd kişinin qanadı altında yaşayırlar.
Tariximizə yoldaş olan başqa bir iz totem çağlarının, şamanizmin bir sıra əlamətlərini günümüzə qədər gətirib çıxarır. Romanda bu izin üstündə Gülüzə adlı at var, Qara qoç var, Şah beçə və Yanıl alma var. Onlar qorunduqları mühitin bir parçası, bağlı olduqları insanların taleyinin xəbərçisi və güzgüsüdür.
Üçüncü bir iz kəndin ağsaqqalı Şəmşəd kişini Dədə Qorquddan başlayan müdriklik məktəbinə bağlayır. Onun Molla Cabbarla danışığı, ailəsini və kəndin nizamını qorumaq üçün çəkdiyi əziyyətlər dediyimizin təsdiqidir.
Əsərdə şərin, əyriliyin, insan nəfsinin və xəyanətinin itməyən izi də əksini tapmışdır.
Romanın dili də kökə, ənənələrə bağlılıq baxımından maraqlıdır. Qəhrəmanlar, obrazlar yerli şivə ilə danışdırılır; hadisələr xalq deyimləri ilə zəngin olan, metaforik, aforistik, duzlu, şirəli, bədii bir dillə təsvir edilir.
Bu dil Tovuzun işlək dilidir; qırılmaz bir xətlə Dədə Qorqud boylarına bağlıdır. Yəni əslində bu gün Azərbaycan mühiti həm Dədə Qorqud, həm də Koroğlu ruhunun sürüb gəldiyi, davam etdiyi bir mühitdir. Müasir mühitdir, lakin kök də unudulmamışdır. Və dil, ənənə, ruh, inanc qırılmazlığının bir səbəbi də budur.
Beləliklə, romanın gəldiyi bədii- fəlsəfi nəticə belədir: Nə yaxşılığın, nə pisliyin, nə qəhrımanlığın, nə satqınlığın izi qırılmır. Min illəri aşıb gəlir və min illər bundan sonra da yaşayacaqdır.
Romanda adı epizodik keçən Güzar müəllifin özünə bənzəyir. O, dədələrinin ruhundan, atasının igidliyindən, anasının cəfakeşliyi və səbrindən keçib gələn həmin qırılmaz izin övladıdır; bu izi şeiri və nəsri ilə gələcəyimizə yönəltməyi bacarmışdır.
Əsrik çayının çağlayan səsi, dağların kəndi qucaqlayan qaya qolları, yazqabağı corab ipləri kimi yamaclardan süzülən sular, gecələr dərəni dolduran Ay işığı, qar işığı, dağların üstünə enmiş ulduz salxımları və s. romanda əllə toxunula biləcək bir canlılıqla verilmişdir.
"Dumanlı-günlü havada kənd daxmalarından üzü qəbiristanlığa doğru dərd, fəryad qanadlanır. Bilmək olmur, ağlaşma səsi hayandan gəlir, qar içində toyuq eşənəyi kimi qaralan yastı- yapalaq kənd evlərindən, yoxsa boz ayın boz-bulanıq qış havasından. Səs hərdən cənazənin arxasınca yetişir, hərdən də bulud arxasına gizlənən günəş şəfəqləri kimi əriyib yox olur. Laydır-cənazənin qəmin altında belləri bükülən üç gəlin bu səsi tutub xısın-xısın ediləşir: ilk dəfədir ki, bir ölü kənd qəbiristanına qadınların çiynində gedir".
Faciəli mənzərənin son dərəcə təsirli , unudulmaz və orijinal təsviridir bu və romanın təhkiyə tərzini dəyərləndirmək baxımından da maraqlıdır.
Bir sözlə, "İz" romanı mövzuya yanaşma tərzi, zəngin dili, obrazları təqdim etmə üsuluna görə seçilən bir əsərdir və ədəbi tənqidimizin diqqətindən kənarda qalmamalıdır.
Atasını müharibəyə anasının qucağında yola salan Məmməd İsmayıl ana qucağını dünya boyda genişləndirdi. Əsrikdən başlanan iz "iz azdırmaq" üçün bir evin, bir rayonun başına dolanıb qalmadı, eldən-elə, ölkədən-ölkəyə uzandı və o kəndin sazının-sözünün, Əsrik çayının, boş qalmış evinin qapısını döyən ağacdələnin, o kəndin başında çaxan ildırımların, o dağların günlərlə ara verməyən payız yağışlarının, anaların-ataların didərgin ruhlarının səsini öz parlaq şeirləri ilə dünyaya yaydı; həm də böyüdüb Azərbaycanın poetik səsi kimi yaydı. Məmməd bəy komitə sədri, mən nazir olanda, kirayədə qaldığımız və bəzən cibimizdə pulumuzun, mənzilimizdə çörəyimizin tükəndiyi günləri yada salırdıq. Heç yüksək vəzifələrdə olanda da başdan aşan firavanlıq içində yaşamadıq; ocağımızdan aldığımız əxlaq dərsinə, halallıq dərsinə xəyanət etsək, bizi sədaqətlə irəli aparan izlər qırılardı; yada salırdıq ki, şükür zəhmətimiz batmadı və indi xalqımıza müəyyən xidmət göstərmək imkanı da qazanmışıq.
Sonra şərait onu Türkiyəyə köçməyə məcbur etdi. Ötən il İstanbulda olanda iş arası fürsət tapıb Çanaqqalaya onun işlədiyi universitetə getdim. Özünü görməzdən əvvəl universitet dəhlizində bu tanınmış ali məktəbin fəxri sayılan müəllimlərin sırasında Məmməd İsmayılın da şəklini gördüm. Düşündüm ki, atasızlıqdan, aclıqdan, gözügötürməzlik şəraitindən və s. adamın dilə gətirmək istəmədiyi neçə-neçə sıxıntıdan keçib, zəhmətiylə öz həyatını qurmuş və təmənnasız şəkildə düz sözün, ədalətin, mənəvi dəyərlərimizin keşiyində dayanan və bəlkə elə bütün bunlara görə Allahın qoruduğu insanları sındırmaq olmaz, onların ipi-izi Allahın əlindədir və bütün qərarlar onundur. Məmməd bəy də Bakıdan gedəndən sonra vay-şivən salmadı, əksinə, qolunu çirməyib elmlə məşğul oldu və bu gün Çanaqqala universitetinin professorudur.
Axşam onun səliqəsizliyi ilə bizim kirayə mənzillərimizi (o mənzillərin Məmmədə aid olan hissəsini!..) xatırladan mənzilində oturmuşduq. Aradan illər keçib! Amma nə vaxt və necə keçib? Yaşa dolmuşuq! Ancaq gənclik illərinin çox xasiyyətləri dəyişilməyib... Dünyanı yenidən qurmaq iddiasındaydıq! - Dünya elə əvvəlki havasındadır... Yeni suallar doğuran mövzularımız və yenidən söhbəti cığallıq səviyyəsinə çatdıran xatirələr uc-uca calanmışdı. Mübahisə doğurmayan bir məsələ vardı: izlərimiz qırılmadı və heç vaxt qırılmayacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!