İnsan şüuruna daxil olmanın yolları - Deyl Karnegi - Günel EYVAZLI

Rus dilindən tərcümə etdi: Günel Eyvazlı

Günel EYVAZLI

Əgər siz yüksək tonla sərt sözləri qarşınızdakı insana desəniz, az da olsa sakitləşəcəksiniz. Amma onun sizə nisbətən sakit olacağını təyin etmək çətin deyil.

Vudro Vilson deyirdi: "Əgər sən mənim yanıma bərkimiş yumuruqlarınla gəlsən, səni ondan da böyük yumruqlarımla qarşılayacağıma şübhən olmasın. Əgər "gəl oturaq bir az söhbət edək" cümləsi ilə müraciət etsən, səni mülayim sözlərlə salamlayacağıma əmin ola bilərsən. Məhz belə mülayim söhbətlərdən sonra insanların bir-birinə hörmətləri artır və onlar söhbət əsnasında oxşar cəhətlərini tapırlar".

1915-ci il Amerika istehsalat tarixinin ən mürəkkəb zamanı idi. Bu tarix Rokfeller üçün həlledici bir tarixə çevrilmişdi. Uzun illərdi istehsalatda çalışan fəhlələr ayağa qalxaraq məvaciblərinin artımını tələb edirdilər. Havadan belə nifrət qoxusu gəlirdi. Bu cür etirazlar kütləvi münaqişələrə gətirib çıxardı. Etiraz dalğasının qarşısını almağa çalışan güc strukturları təpki ilə qarşılaşırdılar. O səbəbdən ölənlər və yaralananlar olurdu.

Rokfeller çox düşündü. Bu, belə davam edə bilməzdi. Ona görə də Rokfeller fəhlələr önündə həyatını 180 dərəcə dəyişəcək çıxışını etdi. Bu, çox işıqlı, diplomatik çıxış idi. Bir neçə gün öncə onu ölüm ilə hədələyən fəhlələr, onu dar ağacından asmağa belə razı olan insanlar, indi bu çıxış qarşısında sükuta dalmışdılar. Hətta vəziyyət elə gətirir ki, etirazçılar Rokfellerin gətirdiyi misalları dərk edərək öz məvacib artımlarının mümkün olmaması səbəblərinə inanmış və çıxışdan sonra sakitcəsinə öz yerlərinə qayıtmışdılar.

Çıxış möhtəşəm çıxış idi. İstifadə olunan kəlmələr belə xüsusi həssaslıqla seçilmişdi. "Sizin qarşınızda çıxış etməkdən qürur duyuram", "Hörmətli dostlar", "Biz düşmən deyil, yoldaşıq", "Mən sizin ailələrinizlə, övladlarınızla görüşdüm" və s. sözlərdən ibarət idi.

O, çıxışa: "Bu mənim həyatımın ən yadda qalan günüdür" cümləsi ilə başlayır. "Mən fəxr edirəm ki, bu böyük şirkətin əsasını təşkil edən sütunların - işçilərin, kampaniyanı hərəkətə gətirən insanların arasındayam. Mən ömrümün sonuna qədər bu əlamətdar günü unutmayacağam. Əgər bu görüş iki həftə öncə olsaydı, mən qarşınızda yad bir insan kimi dayanacaqdım. Son günlər sizin ailələrinizə baş çəkərək həyat yoldaşlarınız, uşaqlarınızla söhbət etdim, sizlərin bir qismi ilə görüşərək daha yaxından tanımış oldum. Və hər birinizlə tanışlığım mənə sizin haqqınızda böyük informasiya vermış oldu və mən ümid edirəm ki, indiki yığıncaq da dostluq və əməkdaşlıq şəraitində keçəcək".

Məgər bu, düşməndən dost etmənin gözəl nümunəsi deyilmi?

Tutaq ki, Rokfeller tamam ayrı üsuldan istifadə edərdi. Məsələn, şaxtaçıların üzünə faktları çırpardı, səsinin tonunu bir az da yüksəyə qaldırardı, onları qorxu altına salmaq istəyinə düşərdi. O zaman nə əldə edərdi? Heç nə. Yalnız nifrət və kinin miqdarını artırmış olardı.

Ətrafımızda yüzlərlə insanlar var. Yoldaşlarımız, dostlarımız, ərlərimiz, düşmənlərimiz və s. Yadda saxlamaq lazımdır ki, insanların nəzərlərini dəyişmək mümkün deyil. Siz istəsəniz belə onları sizin kimi düşünməyə məcbur edə bilməyəcəksiniz. Amma onları inandıra bilərsiniz. Yalnız inandırma yolu ilə siz istədiyinizə nail olub onları sizin kimi düşünməyə, sizinlə razılaşmağa cəlb edə bilərsiniz.

Linkolnun çox gözəl ifadəsi var idi. Məncə, hər birimiz bu ifadəni yadımızda saxlamalıyıq. "Balla daha çox həşərat tutmaq olar, nəinki zəhərlə".

Kurslarıma baş çəkən O.L.Ştaub adlı bir nəfər, başına gələn hadisəni belə nəql etmişdi: "Mən bir neçə ildir ki, evlərin birində kirayənişin idim. Bu evə o qədər öyrənmişdim ki, oradan getməyi ağlıma belə gətirmək istəmirdim. Amma evi kirayə verən şəxsin xasiyyətinə bələd olaraq bilirdim ki, mənzilin haqqını aşağı salmağı xahiş etmək əbəs yerə yorulmaqdan başqa bir şey deyil. Ona görə də, kursların mənə verdiyi məsləhətlərdən yararlanmağa çalışdım. Mən evin sahibinə çox mehribancasına bir məktub yazıdım. Məktubda evi tərk etmə müddətimin çatdığını bildirərək, onu evimə dəvət etdim. Az keçmədi ki, evin sahibi öz mühasibi ilə evimə təşrif buyurdu. Mən onu qapının qarşısında salamladım. Bütün xeyirxahlığımı, xoşüzlüyümü ortaya qoydum. Gülər üzümü, salamlamalarımı ondan əskik etmədim. Sonra evini tərif etməyə başladım. Belə bir evə görə ona təşəkkürümü bildirdim. O, bu münasibətdən çox fərəhlənmişdi. Hətta digər kirayənişinlərdən təhqir dolu məktublar aldığından da mənə söz açmışdı. Mən evi bəyənsəm də, amma qarşıdakı bir ili burada yaşamaq üçün özümə belə zəngin şəraiti rəva bilmədiyimi bildirdim və getmək çətin olsa da, buradan getməyimi nəzərə çatdırdım. Mən kirayə haqqının aşağı salınması haqqında ona bir kəlmə də olsun demədim. Əksinə, təklif onun tərəfindən gəldi və mən mehribançılıq yolu ilə istəyimə nail oldum".

Dey adlı bir xanım başına gələn əhvalatı bizə nəql etdi: "Keçən bazar günü mən öz dostlarımı evə dəvət etmişdim. Belə məclislərdə mənim ən yaxın köməkçim kulinar Emil idi. Onun mətbəxi məxsusi belə işlərlə məşğul olurdu və evlərdə keçirilən məclislərdə xanımlara yaxından kömək edirdi. Budəfəki yığıncaq üçün bişirilən yemək isə yaxşı hazırlanmamışdı. Emil bunu bilərək bir başqa ofisiantı da mənə yardım üçün evə göndərdi. Həddindən artıq böyük bir boşqaba bir tikə balığın qoyulması məni özümdən çıxardı. Kartof çox möhkəm bişmişdi, balığın isə ümumiyyətlə dadı yox idi, ofisiantın qulluğu isə sıfır dərəcədə idi. Mən o vaxt öz əsəbimi boğaraq daxilimdə olanları büruzə vermədim. Amma, səhəri gün bütün düşündüklərimi Emilin üzünə deməyi özümə borc bildim. Burada iştirakçısı olduğum mühazirənin adı "insan münasibətləri" idi. Mən anladım ki, əgər nifrətimi və əsəbimi Emilin üzərinə töksəm, nəticə daha da pis olacaq. Mənim verdiyim reaksiyaya o da fikir bildirəcək və bizim münasibətlərimiz daha da kəskinləşəcək. Və gələcəkdə belə tədbirlər keçirdikdə kimə müraciət edəcəyimi bilməyəcəyəm. Həm də bəlkə bu işdə Emilin heç günahı da yox idi. Çünki tərəvəzlər onun tərəfindən alınmamışdı, yeməyi də o bişirməmişdi, qulluğu da o etmirdi. Mən səhəri gün Emilin başçılıq etdiyi mətbəxə gəldim. O məni qaşqabaq ilə qarşıladı. Sanki indi onun üstünə qışqıracağımı güman etdi. Mən isə əksinə, onu gülərüzlüklə salamladım. Və keçən gün baş verən hadisədə onun günahının olmadığını bildirdim. O isə əlbəttə, xanım, tərəvəzləri mən almamışdım, yeməyi də mən bişirməmişdim, - dedi. Emil, nə düşünürsən, bəlkə etdiyimiz səhvi düzəldək, - söylədim. Mən bu bazar günü də evimdə yığıncaq etmək fikrindəyəm. Bəli, madam mən sizə bu işdə yaxından kömək edəcəyəm. Yığıncaq günü gəldi, mən evə daxil olanda masa qızılgüllərlə artıq bəzədilmişdi. Yemək də həddindən artıq dadlı idi. Emil isə ara-sıra mətbəxdən boylanaraq hər şeyə nəzarət edirdi. Demək nifrətlə hər şeyi həll etmək mümkün deyil".

Ezop Krezin sarayında yaşayan qul idi. Amma o, xristianlığın gəlişindən çox-çox əvvəl insan ürəyini riqqətə gətirən şeirlər yazırdı. Dostluq, insanlıq yayan bu şeir nümunələri o zaman Afinada keçərli olan kimi, indiki dünyamızda da keçərlidir. Günəş öz mülayimliyi ilə insanların paltarlarını daha tez soyunmağa məcbur edə bilər, nəinki külək və şaxta. İnsan o zaman geyiminə daha çox sarılar və onu əynindən getməyinə imkan verməz. Həyat da belədir.

Əgər insanları sizinlə razılaşmağa cəlb etmək istəyirsinizsə, öncə onlarla dost olun.  Və Linkolnun dediyini unutmayın: "Balla daha çox həşərat tutmaq olar, nəinki zəhərlə".

Hər kəsin arzuladığı

İnsanların sizinlə mehriban davranmasını, baş verən münaqişələrin sülhlə bitməsinin səbəbkarı olan sehrli sözlə tanış olmaq istəyirsinizmi?
O zaman dinləyin:
Yadda saxlamaq lazımdır ki, sizin zəhərli ilan olmamağınıza səbəb valideynlərinizin ilan olmaması deyil. İnəklərə sitayiş obyekti kimi baxmamağınıza səbəb, sizin hind ailəsində doğulmağınız deyil.

Sizin nədən ibarət olmağınız, sizin xidmətinizdir, demək azdır. Əsəbi, kobud insan gördüyünüzdə, onu olduğu kimi qəbul edin. Ona yazığınız gəlsin. Necə ki, Con Qof günlərin birində yolla gedən sərxoşu görərkən belə demişdi, "Əgər Yaradanın mənə qarşı lütfü olmasaydı, indi o sərxoşun yerində mən ola bilərdim".
Hər gün qarşılaşdığınız bütün insanlar şəfqətə möhtacdır. Onlara rəhminiz gəlsin.
Mən tez-tez radioda veriliş aparırdım. Budəfəki veriliş, "Balaca qadınlar" kitabının müəllifi olan Luiza Mey Olkotta həsr olunmuşdu.
Veriliş zamanı bir çox mətləblərə toxundum. Çox hadisələri nəql etdim. Bu qədər söhbətin içində, yazıçı  Luizanın doğulduğu bölgənin adını səhv salmaq mənə baha başa gəldi. Mən onun Konkordda, Nyu-Qempşir ştatında dünyaya gəldiyini söylədim. Əgər bir dəfə söyləmiş olsaydım, problem olmazdı. Dərd ondadır ki, mən bu səhvi iki dəfə təkrarladım.

Bir neçə gündən sonra studiyaya təhqirlərlə əhatələnmiş məktub gəldi. Bu məktubu yazan xanım sözlüyündə olan bütün təhqiramiz ifadələrdən istifadə etmişdi. Yazılanlar mənə o qədər pis təsir etmişdi ki, kağız götürüb onun haqqında nə düşündüyümü böyük hərflərlə yazacaqdım. Bir anda əlimi saxladım. Nə qədər ağrılı olsa da, özümü onun yerinə qoymağa çalışdım. Bir neçə gün sakitləşdikdən sonra məktubu yazan şəxsin əlaqə nömrəsini əldə edərək zəng etdim:

- Salam xanım. Mən bir neçə gün bundan öncə sizdən məktub almışam. Sizə təşəkkür etmək üçün zəng etdim.

- Kimlə danışmaq şərəfinə nail olmuşam?

- Adım Deyl Karnegidir. Yadınızdadırsa, mən radioda Luiza Mey Olkotta həsr olunmuş verilişi aparırdım. O zaman böyük səhvə yol verdim. Onun doğulduğu şəhəri səhv saldım. Buna görə sizdən üzr istəyirəm.

- Yox, yox. Mən sizdən üzr istəməliyəm. Bağışlayın, mən çox sərt sözlər yazmışdım. Bu sözləri hiddətləndiyimdən yazdım. Lütfən, məni bağışlayın.

- Əsla. Mən üzr istəyirəm. Belə kobud səhvi heç orta məktəb şagirdi də etməzdi. Neçə illik təcrübəm olduğu halda, bu səhvi buraxmaq mənə yaraşmazdı.

- Bilirsiniz, mən Konkordda Messaçusets ştatında doğulmuşam. Mənim valideynlərim bu ştatda tanınmış insanlardan olub. Bizim bu ştatla bağlı keçmişimiz var və mən doğulduğum yerlə fəxr edirəm. Siz həmin gün bölgənin adını səhv saldıqda mən çox hiddətləndim. O qədər hiddətləndim ki, düşünmədən, özümə sual vermədən məktubu yazdım və səhvimi boynuma alaraq sizdən dönə-dönə üzr istəyirəm. Nə qədər əsəbi osam da, bu kəlmələri yazmamalıydım. Günahkaram.

- Xanım, mən keçən verilişdə də tamaşaçılar qarşısında üzr istədim. İndi isə mənim üzrümü qəbul edin.

- Çox güman siz çox yaxşı və xeyirxah insansınız. Mən sizin bu xasiyyətinizi sevməyə başladım. Qismət olarsa, daha yaxından tanış olarıq. Sağ olun.

Bizim telefon danışığımız beləcə mehriban əhvalla bitdi. Əgər mən məktuba onun yazılma tərzində cavab versəydim, vəziyyət daha da ağırlaşardı. Əksinə, mən ona mehribançılıq göstərməklə ona öz səhvini anlamasına şərait yaratdım.

"Psixoloji tərbiyə" kitabının müəllifi Artur İ. Qeyte deyir: "İnsan məxluqunun şəfqətə daha çox ehtiyacı var".

Fikir versəniz görərsiniz ki, uşaqlar belə, özlərinə xəsarət yetirərək və ya xəsarət aldığı zaman ağlayaraq sizdə rəhm hissini yaratmağa çalışır. Onlara qarşı şəfqətli olmağınızı istəyir. Eləcə də bütün böyüklər söhbət zamanı öz yaraları, cərrahiyyə olduqları haqqında uzun-uzadı danışarlar. Xəstə olduqlarını söyləməklə mərhəmət hissinizi oyatmaq istəyirlər.

İndi siz hamı tərəfindən sevilməni istəyirsinizsə, münaqişələrin sülhlə tamamlanmasını istəyirsinizsə, özünüzü başqasının yerinə qoyun və qarşınızdakı insana rəhmdillik nümayiş etdirin. Şəfqət və qayğınızı ondan əskik etməyin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!