Səməd Behrənginin 80 illik yubileyi qeyd edilib

Edebiyyatqazeti.az xəbər verir ki, mart ayının 13-də Azərbaycan Yazarlar Birliyi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Güneyli yazar Səməd Behrənginin 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Səməd Behrəngiyə həsr olunmuş videoçarxla başlayıb. Tədbirin ideya müəllifi AYB-nin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin rəhbəri şair, publisist Sayman Aruz  giriş sözü ilə qonaqları salamlayaraq nakam yazar Səməd Behrənginin ömür yolu haqqında qiymətli bilgilər verərib, şairin yaradıcılığından söz açıb. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili, akademik Rəfail Hüseynov, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı, şair-publisist Əjdər Ol, Yunus İmrə institutunun direktoru Cihan Özdəmir, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi Səməd Behrənginin həyat və fəaliyyətindən, Cənubi Azərbaycanın məruz qaldığı sosial-siyasi əziyyətlərdən, həyatının sonuna qədər kənd müəllimi kimi işləyən Behrənginin qısa həyatında yazar, publisist, tərcüməçi kimi böyük yaradıcılıq yolundan bəhs ediblər. Onun rejim tərəfindən dəfələrlə cəzalandırılmasına rəğmən yolundan dönməməsi, əmək haqqının kəsilməsi, işdən çıxarılmasına baxmayaraq açıq havada dərslərinə davam etməsi, Türk şagirdlərinin digərlərindən geri qalmaması üçün təmənnasız olaraq dərnəklər yaradıb uşaqları maarifləndirməsi, Türk dilinin gözəlliyini və onun paklığının qorunmasını təbliğ etməsi, dəfələrlə xəbərdarlıq almasına inad edərək əqidəsindən dönməməsi və son olaraq yayılan şöhrətinin qorxusundan aradan götürülməsindən söz açıblar.

Sonra bədii qiraətçilər Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, əməkdar incəsənət xadimi Azad Şükürov Sabir Rüstəmxanlının, Könül Şakirqızı Əhməd Cəmilin “Buhenvald zəngi” şeirini səsləndiriblər.Tədbirdə kiçik yaşlı istedadlara da yer verilib. Onlardan Aysel Babayeva, Əsgər Novruzov da Səməd Behrəngi və Cənubi Azərbaycan haqda şeirlər səsləndiriblər. Əməkdar artist Nuriyyə Hüseynovanın ifası gecəyə xüsusi rəng qatıb. 

“Oyuq” Uşaq Teatrının  maraqlı kompozisiyası, dahilərdən seçmələr, mütəfəkkirlərin kəlamlarından yığılmış səhnəcikdə klassik şair və yazarlarımızın obrazını yaratmaları yadda qalan oldu və gecəyə xüsusi rəng qatdı. Xanəndə Zeynal Əhmədov da ifası ilə yubilyara sevgisini izhar etdi. Sonda “Pak” teatrı Kəmalə Səlim Müslümqızının Səməd Behrəngiyə həsr olunmuş “ Bütövlük şərqisi” pyesindən bir parçanı təqdim etdi. Aktrisa Flora Hüseynova Səməd Behrənginin anası Sara xanım obrazında tamaşaçıları 1969-cu ilin avqust ayına – o məşum günlərə apardı. Səmədin qardaşı Əsəd Behrənginin obrazını canlandıran Namiq Nəsənov və Səmədi oynanayan Elnur Soltanov Səməd Behrəngi yaradıcılığını sevdikləri və bu irsi öyrəndikləri üçün daha canlı təsir bağışladılar. Tamaşadan təqdim olunan parça alqışlarla qarşılandı.

Sayman Aruz Cənubi azərbaycanlılar adından gecənin hazırlanmasında yaxından iştirak edən “Pak” teatrının bədii rəhbəri Kəmalə Səlim Müslümqızına təşəkkürünü bildirərək bu gözəl gecənin təəssüratlarını birgə yaşayan  KİV nümayəndələrinə və tədbir iştirakçılarına minnətdarlıq etdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!