Su axıb çuxurunu tapan kimi, biz - başı ədəbiyyat havalı adamlar da bir-birimizi tapmağı çox gözəl bacarırıq. İstər oxucu olaq, istər yazıçı, ruhlarımızın, varlığımızın nüvəsi olan bircə atomluq boyda, bircə adamlıq mahiyyətimizin can atdığı bənzərliyi görən kimi tanıyırıq. Real həyatda da, virtual aləmdə də hər birimiz bu halı dəfələrlə yaşamışıq.
Bəzən tapmırıq. Tapmadığımız üçün də darıxırıq, ruhumuz sıxılıb təkliyinə qapanır, biz də adını depressiya qoyuruq, mahnılarla, təbiətlə, mahiyyətimizə tam əks olan enerji daşıyıcıları olan adamlarla ünsiyyətlərlə ovunmağa, təkliyimizi, özümüz kimilərsiz qalmağımızı unutmağa çalışırıq. Və ədəbiyyatdan qaçırıq, yazmırıq, oxumuruq, yazmadan, oxumadan rahat olan bütün başqa insanlar kimi rahat olmağa can atırıq. Hamıya bənzəmək istəyirik, hamıya. Özümüzdən və özümüz kimi olanlardan başqa. Amma...
Olmur.
Hər bizə bənzəyən insan - bizim bir başqa versiyada olan özümüzdür, anlayırıq axı.
Hər bizə bənzəyən insanı itirdiyimiz zaman özümüzü itirdiyimizi anladığımız azmı olub?
Getdiyimiz evlərdəki divarboyu mebellərin heç olmasa birinin rəfində kitab görsək, cənnət müjdəsi verilmiş qədər xoşbəxt hiss etmirikmi özümüzü?
Kitab mağazalarının sosial şəbəkələrdəki səhifələrində rast gəldiyimiz rəylər, bəyənmə sayları, sifarişlər sevindirmirmi bizi? Sizi bilmirəm, mən uşaq kimi sevinirəm.
Hələ sifariş verdiyim və yaxud mağazaya gətirildiyini gördüyüm kitabı almaq üçün getdiyim zaman oradakı gəncləri, xanımları görəndə məni görəsiz. Hətta istədiyim kitabların mənə qədər artıq satıldığını azacıq pərt təbəssümlə mənə deyən satıcıların əllərini sıxıb "Siz nə danışırsız? Nə yaxşı! Bu ki əladır!" deməkdən özümü zorla saxlayıram.
Və bəzən sosial şəbəkələrdən tanıdığım, mənə məktub yazıb görüşmək istəyən gənclərlə qarşılaşanda xəfif təbəssümlə kənara çəkilib onların kitabları seçib bir-birləri ilə söhbət etmələrinə baxıram. Heç biri məni realda tanımır. Mən də heç birinə demirəm ki, görüşməyi, söhbət etməyi israrla istədiyiniz yazaram, baxın, qarşınızdayam. Bilirəm ki, sevinəcəklər, xoş bir ani şokun ardından toplaşıb, oturub, bəlkə də uzun-uzun saatlar çəkəcək görüş üçün tələsəcəklər. Lənkəranın mərkəzindəki ən gözəl istirahət məkanlarının, çay və şirniyyat evlərinin adları sadalanacaq bir-bir.
Ədəbiyyat havasıdır bu.
Ədəbiyyatla görüşmək istəyidir.
Ədəbiyyatda görüşmək.
Və bunu mən də istəyirəm. Bu gənclərlə, bu xanımlarla, bu tələbə və məktəblilərlə istər ayrı-ayrılıqda, istər hamılıqla söhbətlər etmək, hər birisinin dünyasını görmək, hər birisinin təbəssümünü qəbul etmək, hər birisinin ədəbiyyat və kitab sevgisinə qarşılıq vermək, "Mən sizi sevirəm, əziz və doğma insanlar..." demək... Onlar üçün yazmaq, onlar üçün çalışmaq, onların bir-birlərini tapması, tanıması, görməsi üçün Ədəbiyyat ocağı, Yazı evi qurmaq, öz əllərimlə pərdələrini tikib asmaq, çiçəklərlə bəzəmək, divarlarında rəsmləri, şkaflarında dünyanın ən dəyərli kitabları, içində hər zaman xəfif musiqi fonu olacaq əsl yaradıcı yuvanı yaratmaq istəyirəm.
Çoxmu böyükdür bu istək?
Ədəbiyyat boydadır sadəcə, fərqindəyəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!