Naxçıvan Dövlət Universitetində Beynəlxalq Yazıçılar günü qeyd olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla növbəti görüş baş tutub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Muxtar respublikada yazarlarla artıq ənənə halını alan görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığı vurğulanıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Muxtar Respublikada ilk dəfə qeyd olunan günün əhəmiyyətindən danışıb. Birliyin sədri “Naxçıvan ədəbi mühiti” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salaraq görülən işləri nəzərə çatdırıb.

Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Elxan Yurdoğlu, Nərgiz İsmayılova,  gənc şairlərdən Mirşahin Seyidov, Ruslan Ələkbərli iştirak edib. Yazarlarla  tələbələr arasında ədəbiyyatın  əsas məqsədi, mütaliənin vacibliyi, kitabxanalarla mütamadi ünsiyyət, oxucu mədəniyyətinin formalaşması,  ədəbiyyatın tanıdılmasında bu günün tələbələri, gələcəyin mütəxəssisləri qarşısında duran  mənəvi vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar  öz əsərlərindən nümunələr səsləndirib, tələbələrin suallarını cavablandırıblar.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!