Keçən həftəki qısa ezamiyyətimdən istifadə edərək, müharibədən sonrakı fransız və rus ədəbiyyatından, eləcə də müasir Qafqaz müəlliflərindən bəzi əsərlər oxumaq imkanım oldu. Oxuduğum kitablardan biri də tanınmış Azərbaycan yazıçısı Anarın "Ağ qoç, qara qoç" povesti idi.
Qədim Qafqaz əfsanəsinə söykənərək, Anar iki paralel dünyanı peşəkarcasına yarada bilmiş, eləcə də hansı dünyada yaşama seçiminin ancaq bizim özümüzdən asılı olduğunu sübut etmişdir. Daha dəqiq desək, əfsanəyə görə, hər bir insan həyatında bir-biri ilə daima mübarizə aparan ağ və qara qoçun meydana gəldiyi hansısa anla rastlaşır. Bu mübarizənin şahidi olan adam lazım olan anı yaxalayıb ağ qoçun belinə atılmalıdır, çünki yalnız o qoç həmin adamı işıqlı dünyaya apara bilər. Qara qoç zülmət dünyasını təmsil edir. Yenə də əfsanəyə görə, ağ qoçun belinə atılsan belə, mütləq onun belində necə duruş gətirməyini bilmən vacibdir, çünki o, hər an səni qara qoçun belinə ata bilər. Anar povestində öz ölkəsinin günümüzdəki vəziyyətini təsvir edir, əsərin ikinci hissəsində isə onun (onun ölkəsi) ağ qoçun belində duruş gətirə bilməyəcəyi təqdirdə, baş verə biləcək təsəvvür aləmini yaradır. Bu povestə laqeyd qalmaq mümkün deyil, çünki oxucu özündən asılı olmayaraq müəllifin təsvir etdiyi vəziyyəti hər birimizin yaşantıları ilə müqayisə edir. Povesti oxuyarkən, qeyri-iradi məndə belə bir sual yarandı: Moldova Respublikası nə zaman bizi zülmət dünyasına aparan qara qoçun belinə atıldı? Keçən əsrin doxsanlarında milli azadlıq hərəkatından doğan xoşniyyətli vətənpərvərlik yüksəlişi bir gecənin içində adi siyasi alverə çevrildiyi anda? Yoxsa biz müstəqilliyimizlə eyni zamanda yaranan bütün yaxşı şeyləri məhv edən aqrarların hakimiyyəti illərində qara qoçu ram edə bildik? Yoxsa müasir Avropa dövlətində normal həyata olan kövrək ümidləri tapdalayan ADR hakimiyyətə gələndə? Moldova Avropada kommunistlərin demokratik yolla hakimiyyətə gəldiyi yeganə dövlət idi, yoxsa bu elə o kommunistlərin vaxtında baş verdi? Yoxsa Moldova 2009-cu ildə, bizim ölkəni məsxərəyə çevirən "demokratik" partiyaların hakimiyyəti başlayanda qara qoçun belinə atıldı? Bunlardan da vacib olan suallar var: Doğrudanmı bu qara qoçun belindən tullanmağımız heç cürə mümkün deyil? Doğrudanmı ağ qoç bizdən o qədər uzağa qaçıb ki, ona çatmaq və belinə atılmaqçün heç bir şansımız yoxdur?
Moldovanın gənc və həm də kifayət qədər tanınmış, nüfuzlu nasiri, publisisti, tərcüməçisi, eyni zamanda peşəkar jurnalist və politoloqu İqor Volnitskinin xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" romanının mütaliəsindən sonra www.tribuna.md saytı üçün yazdığı (müəllif eyni zamanda saytın rəhbəridir) rus və moldovan dillərində dərc edilən bu yazını Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin poçtuna dostum, Moldova Azərbaycanlıları Konqresinin sədri hörmətli Vüqar Novruzov göndərib. Biz həm yazı müəllifinə, həm də Vüqar Novruzova minnətdarlıq edir, məqaləni yazıçı Alpay Azərin təqdimatında "Ədəbiyyat qəzeti"nin oxucularına məmnuniyyətlə təqdim edirik.
Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!