Ötən həftə “Azərkitab”da ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ulduz Qasımın Azərbaycan və türk dillərində çap olunan “Xocalı şikəstəsi” romanının təqdimatı keçirilib.
Tədbirdə “Xocalı şikəstəsi” kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli bildirib ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu günkü tədbir də bunlardan biridir. O qeyd edib ki, Ulduz Qasım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ötən əsrin 80-90-cı illərində mətbuatımızda "Ulduz İmanova" imzası ilə publisistik yazıları, kiçik həcmli hekayələri işıq üzü görüb. Sonra isə taleyin hökmü ilə Moskva şəhərinə köçüb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Açılmayan sirlər” kimi kitabların müəllifidir. “Qürbət Zöhrəsi” İstanbulda türk dilində də çapdan çıxıb. V.Bəhmənli deyib ki, Ulduz xanım təbiətindəki yenilməz milli qürur hissini, yurda, dilə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də “Xocalı şikəstəsi” kimi romanı yaza bilib.
Sonra romanla bağlı fikirlər dinlənilib. Filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimova “Xocalı şikəstəsi” romanı barədə düşüncələrini bölüşüb. E. Akimova bildirib ki, Qarabağ faciəsi haqqında müəyyən kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı da Xocalı faciəsini və hadisələrin sonrakı illərdə inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə bir ailənin timsalında əks etdirən bir əsərdir.
Milli Məclisin deputatı Tahir Rzayev, Milli Məclisin deputatı, dilologiya elmləri doktoru, professor Jalə Əliyeva vurğulayıblar ki, Xocalı haqqında daha çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.
“Xocalı şikəstəsi” romanını türk dilinə çevirən Azərbaycan ədəbiyyatının yaxın dostu İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışıb. Qeyd edib ki, bu baxımdan “Xocalı şikəstəsi” müxtəlif dillərə tərcümə olunmalıdır.
Əslən Xocalıdan olan şair Ələmdar Quluzadə deyib: “Xocalı şikəstəsi” yurd həsrətli insanların romanıdır. Xocalıdan 3 min kilometr aralıda yerləşən Moskvada yuxusuz gecələr hesabına yazdığı bu əsərə görə Ulduz xanıma bütün xocalılar adından təşəkkür edirəm”.
Tədbirdə çıxış edən Kamran Nəzirli, Zemfira Məhərrəmli, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Qarabağa gedən yol” qəzetinin baş redaktoru Əli Mahmud, xanəndə Nizami Abdullayev, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənov, Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün “Qarabağ şikəstəsi”nin əhəmiyyətli olduğunu vurğulayıblar.
Sonda kitabın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib. Xocalı hadisələrinin hər bir azərbaycanlının yaralı yeri olduğunu söyləyən yazıçı romanın real hadisələr əsasında yazıldığını bildirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!